Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Asəf Quliyev: «Məndə məlumat var ki…»


Şahmərdan Cəfərov - 1990. Şərur Şəhidlər Xiyabanı. 19 yanvarda şəhid olanların 40 mərasimi.

Şahmərdan Cəfərov - 1990. Şərur Şəhidlər Xiyabanı. 19 yanvarda şəhid olanların 40 mərasimi.

-
Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandiri, mərhum Şahmərdan Cəfərov yaşasaydı, avqustun 12-də 55 yaşı tamam olacaqdı. Onun müəmmalı ölümündən 18 il ötür. Mərhumun silahdaşlarından AXCP sədrinin müavini Asəf Quliyev AzadlıqRadiosuna müsahibəsində Şahmərdan Cəfərovu belə xatırladığını söyləyir:

- Onu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən tanıyıram. Xalq hərəkatı yeni-yeni başlayırdı. Ermənistan tərəfdən Naxçıvana hücumlar olanda, Şahmərdan Rusiyada milis sistemində çalışırdı. Elə həmin vaxtlar Rusiyada yaşayan hərbçi və milislərə vətənə qayıdıb, döyüşlərə qatılmaları üçün AXC-nin müraciəti yayıldı. Beləcə, Şahmərdan da Azərbaycana qayıtdı. Qayıdan kimi Şərur rayonunda könüllü batalyon (tabor) yaratdı və qısa vaxtda Naxçıvanda böyük nüfuz qazandı. O, Naxçıvanda gedən döyüşlərin hamısına qatılıb. Şahmərdanın ən böyük xidməti 1991-ci ildə Qıvraq alayını danışıqlar yolu ilə rus hərbiçilərindən alması oldu. 1992-ci ilədək həmin alaya rəhbərlik etdi. 1992-ci ildən sonra Naxçıvan Sərhəd Qoşunlarının komandanı kimi fəaliyyət göstərdi.
Şahmərdan Cəfərov - 1992. Müdafiə komitəsi Novruz bayramını qeyd edir

Şahmərdan Cəfərov - 1992. Müdafiə komitəsi Novruz bayramını qeyd edir

Şahmərdan Cəfərov

1958-ci ildə Şərur rayonun Məmmədsabir kəndində doğulub. Rusiyanın Kaluqa şəhərində hərbi xidməti bitirəndən sonra orada qalaraq orta ixtisaslı hüquq məktəbini bitirib, milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.

1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. Rütbəcə mayor olub.

1990-cı ildə Şərur rayonundan Azərbaycan parlamentinə üzv seçilib. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib.

Bundan 3 həftə sonra, iyunun 17-də Kələkidən – keçmiş prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib. İstintaq materiallarına görə, beş güllə yarası alıb. İyunun 26-da Bakıya – Şüvəlandakı istintaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustaqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair hesabatlarında da Şahmərdan Cəfərovun qətlinin istintaqında irəliləyiş olmaması qeyd edilir.

- Bəzi naxçıvanlılar tez-tez belə fikir səsləndirir ki, Şahmərdan Cəfərov olmasaydı, Naxçıvan da digər bölgələr kimi işğal ediləcəkdi. Siz necə düşünürsünüz?

- Ermənistanın Naxçıvana hücumu zamanı bütün yerli əhali səfərbər olmuşdu. Əksəriyyət həmin döyüşlərdə iştirak edirdi. Şahmərdanın əsas rolu həmin insanları bir araya gətirmək, nizam-intizamlı tabor yaratmaq idi. Döyüşənləri ruhlandırırdı. Bütün bunlar Ermənistanın Naxçıvanı işğal etmək planının qarşısını aldı. Sədərəkin müdafiəsində də Şahmərdanın rolu danılmazdır.

- Keçmiş prezident Heydər Əliyevin Şahmərdan Cəfərov barədə müsbət, hətta tərifli fikirləri var. Bəs nə baş verdi ki, onların münasibətləri pozuldu? Deputat Şahmərdan Cəfərovun mandatı əlindən alındıqdan sonra həbsinə sanksiya verildi və o, həbsxanada vəfat etdi?

- 1992-ci ildə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri olarkən, Sədərəkdə Naxçıvanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Bu variant Ermənistan üçün sərfəli idi. Çünki qarşıda Kəlbəcərin işğalı planı vardı. Həmin anlaşmadan sonra, bir gecənin içərisində, 17 əsgərimiz güllələndi. Atəşkəsdən sonra Naxçıvanın ətrafında olan Ermənistan batalyonları çıxarılıb Kəlbəcərə aparıldı. AXC bu anlaşmaya etiraz edirdi. Ona görə də münasibətlər pozuldu. Sözsüz ki, H.Əliyevlə Şahmərdanın münasibətlərinin pozulmasında bu amil böyük rol oynadı. Naxçıvanla Ermənistan arasındakı anlaşma digər rayonların işğalına yol açdı. Şahmərdanla Əliyevin münasibətləri buna görə korlandı.

- Silahdaşları, ailə üzvləri iddia edirlər ki, Şahmərdan qəsdən öldürülüb. Hakimiyyət isə onun silahlı müqavimət göstərərkən güllələndiyini və həbs olunduğunu deyir. Siz necə düşünürsünüz?

- Hakimiyyət Şahmərdanın nüfuzundan çəkinirdi. Naxçıvanı əldə saxlamaq üçün hakimiyyətə Şahmərdanın olması sərf etmirdi. Ona görə də onu pusquya salıb öldürdülər. Bir faktı deyim ki, Şahmərdan 8 güllədən sonra xəstəxanaya aparıldı və əməliyyat olundu. Əməliyyat da uğurlu keçmişdi. Sağalandan sonra onu xəstəxanadan həbsxanaya apardılar. O zaman mən də həbsxanada idim. Naxçıvanlı həkimlərin rəyində Şahmərdanın böyrəyində güllə yarası barədə heç bir məlumat olmasa da, həbsxana xəstəxanasında onun böyrəyindən güllə çıxardılar. Məndə məlumat var ki, həbsxanada onun böyrəyinə səsuducu taxılmış tapança ilə güllə vurublar. Vaxt gələcək bütün bunlar açıqlanacaq.

- Keçmiş deputat, AXC üzvü Şahmərdan Cəfərovun xatirəsini əbədiləşdirmək üçün partiya olaraq indiyədək hansı addımları atmısınız?

- İndi onun qəbrini ziyarət etməyə də maneə yaradırlar. Bu hakimiyyət dəyişəndən sonra onun xatirəsi də əbədiləşdiriləcək, ölüm səbəbləri də üzə çıxacaq. Onun qətlinə görə bəlli adamlar cavab verəcəklər. Hər şeyin bir zamanı var.

Şərhləri göstər

XS
SM
MD
LG