Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

R.Kobia: «Azərbaycan beynəlxalq standartlara uyğun seçkilər keçirdiyini göstərməlidir»


Roland Kobia

Roland Kobia

-

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia APA-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik:

«BU, KONKRET VƏ MÜHÜM NAİLİYYƏT, AZƏRBAYCAN-AB DƏRİN ƏMƏKDAŞLIĞININ İLLÜSTRASİYASIDIR»

Roland Kobia Avropa Birliyi ilə Azərbaycan münasibətləri haqda deyib: «AB səfiri kimi çalışdığım bu müddətdə əməkdaşlığımız dərinləşdiyi qədər genişlənib. Çünki biz ən yeni və müxtəlif sahələrdə əməkdaşlığa başlamışıq. Hesab edirəm ki, viza rejiminin sadələşdirilməsi buna ən yaxşı misaldır. Biz artıq viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişə dair danışıqları başa çatdırmışıq. Bu məsələ ilə bağlı saziş noyabrda Vilnüsdə «Şərq Tərəfdaşlığı» dövlət başçılarının sammiti çərçivəsində imzalanacaq. Bu, əməkdaşlığımızın tamamilə yeni sahəsinə konkret misaldır. Bundan başqa davamlı, intensiv iş və dialoq yolu ilə artıq mövcud olan sferalarda da əməkdaşlıq dərinləşib. Biz burada da çox şeyə nail olmuşuq. Buna energetika sektorunu misal çəkə bilərik. Bura gələndə biz energetika sferasını çox müzakirə etdik. İndi isə Bakıdan Avropaya Cənub qaz dəhlizi açılıb. Bu, konkret və mühüm nailiyyət, Azərbaycan-AB dərin əməkdaşlığının illüstrasiyasıdır. Əməkdaşlığımızın dərinləşməsinə digər nümunə vətəndaş cəmiyyətinə və QHT-lərə dəstəyimizin artmasıdır. Biz bu sahənin maliyyələşməsini 4 dəfə artırmışıq».

Roland Kobia Azərbaycanla əməkdaşlığı davam etdirmək istədiklərini də bildirib: «Biz məhz bu sahələr üzrə hökumətlə dərin və açıq diskussiyalar aparırıq ki, demokratik dəyərlərin, insan haqlarının, əsas azadlıqların, qanunun aliliyinin və azad iqtisadiyyatın bərqərar olmasına dəstək verək».

«BU, AZƏRBAYCANLA AB ARASINDA SƏYAHƏTLƏRİ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ASANLAŞDIRACAQ YENİ REJİMDİR»

AB-nin bayrağı

AB-nin bayrağı

Payızda imzalanacaq viza rejiminə dair sazişi Roland Kobia «real tarixi uğur» adlandırıb:

«Bu saziş göstərir ki, əgər digər dövlət zəruri addımları atmağa hazırdırsa, Avropa Birliyi öz vədlərini sürətlə yerinə yetirməyə hazırdır. Hər iki tərəf yekun mətni razılaşdırıblar. Saziş Avropaya səyahət etmək istəyənlərə daha sadə viza rejimi tətbiq etməyi, həmçinin ucuz vizalar verməyi nəzərdə tutur. Hazırda viza rüsumu təxminən 60 avro təşkil edir, bu məbləğ iki dəfə azaldılacaq. Bundan başqa müəyyən kateqoriya vətəndaşlar – jurnalistlər, tələbələr, rəsmi şəxslər və s. üçün vizalar pulsuz olacaq. Viza uzun müddətə veriləcək, multivizalar almağa daha böyük imkanlar yaranacaq, vizaların alınması üçün tələb olunan sənədlərin sayı azaldılacaq. Bu, Azərbaycanla AB arasında səyahətləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni rejimdir. Buna görə şadıq ki, konkret nəticələr təkcə müəyyən kateqoriya insanlara deyil, AB ölkəsinə səfər etmək istəyən bütün əhaliyə təsir edəcək. Vətəndaş artıq bunu daha sadə, ucuz və sürətli yolla edə biləcək. Bu, Avropa Birliyi və Azərbaycanın daha da yaxınlaşmaq, insanlar arasında əlaqələr qurmaq istəyinin göstəricisidir. Uzunmüddətli perspektivdə bu, həmçinin Azərbaycanın Qərb dəyərlərinə yaxınlaşmasına da kömək edə bilər».

«AZƏRBAYCAN BÜTÜN DÜNYAYA HAMI TƏRƏFİNDƏN QƏBUL OLUNACAQ, BEYNƏLXALQ STANDARTLARA UYĞUN SEÇKİLƏR KEÇİRDİYİNİ GÖSTƏRMƏLİDİR»

Roland Kobia deyib ki, Azərbaycanda daha iki il işləmək imkanı olsaydı, diqqəti iki məqam üzərində cəmləşdirərdi: «Birincisi, bir çox beynəlxalq tərəfdaşlarla birgə demokratikləşmə və əsas azadlıqlarla iş sahəsində Azərbaycana dəstək işini davam etdirərdim. Biz hamımız ümid edirik ki, qarşıdan gələn prezident seçkiləri azad və ədalətli olacaq. Və hökumətdən bununla bağlı aldığımız bütün siqnallar müsbətdir. Mənə elə gəlir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan və gələn il Avropa Şurasına sədrlik edəcək Azərbaycan bütün dünyaya hamı tərəfindən qəbul olunacaq, beynəlxalq standartlara uyğun seçkilər keçirdiyini göstərməlidir. Bundan başqa əsas azadlıqların daha da inkişaf etməsini, parlament tərəfindən bir sıra qanunların, o cümlədən diffamasiya haqqında, vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması haqqında qanun layihələrinin qəbul olunmasını istərdim. Təhsil və səhiyyə də inkişaf etdirilməli olan mühüm sektorlardandır.

BMT Baş Assambleyasının iclası

BMT Baş Assambleyasının iclası

Digər sahə isə iqtisadi sektordur. İqtisadiyyatın daha da liberallaşdırılması Azərbaycanın maraqlarına uyğundur. Biz ölkə iqtisadiyyatını daha liberal və rəqabət üçün açıq görmək istərdik. Bu, Azərbaycan vətəndaşlarına öz biznes fəaliyyətini qurmaq və ölkəsinə xeyir gətirmək üçün daha çox imkanlar yaradacaq. Bununla əlaqədar istərdik ki, Rəqabət Məcəlləsi Milli Məclis tərəfindən mümkün qədər tez qəbul olunsun. Biz həmçinin Azərbaycanın ÜTT-yə üzv qəbul olmasını istəyərdik, bundan sonra AB ilə azad ticarət haqqında danışıqlara başlamaq olardı. Bu təklif hələ də masadadır və biz Azərbaycan hazır olan kimi bu təklifi reallaşdırmağa hazırıq».

«BƏZİ SİYASİ MƏQAMLARLA BAĞLI TƏRƏFLƏR HƏLƏ DƏ ÜMUMİ DİL TAPA BİLMƏYİB»

«Azərbaycan və AB viza rejiminin sadələşdirilməsinə dair danışıqları başa çatdıra bilib, lakin assosiativ saziş barədə danışıqlar hələ də uzanır...» deyən müxbirə AB rəsmisi belə cavab verib:

«Assosiativ saziş - daha geniş və hərtərəfli sənəddir, bu səbəbdən danışıqların zaman alması normaldır. Bu, məndə narahatlıq doğurmur. Lakin bu, həm də «Şərq Tərəfdaşlığı»nın iki əsas «pilləsindən» biridir (digər belə «pillə» sərbəst ticarət haqqında sazişdir - DCFTA). Hələlik Azərbaycanla münasibətlərdə bu iki mühüm «pillə»nin heç birinə nail olunmayıb. «Şərq Tərəfdaşlığı»nın digər proqramları üzrə danışıqlar başa çatıb və ya noyabrda Vilnüsdə keçiriləcək sammitədək başa çatacaq. Biz bu məsələdə də sürətli tərəqqiyə nail olunmasını alqışlayardıq. Bu danışıqları aparan komandalar bir sıra məsələləri razılaşdırmalıdır. Bəzi siyasi məqamlarla bağlı tərəflər hələ də ümumi dil tapa bilməyib. Lakin əminəm ki, bu maneəni də dəf edə biləcəyik».

«ƏMİNƏM Kİ, CƏNAB SEMNEBY-NİN HEÇ BİR BAŞQA NİYYƏTİ OLMAYIB»

AB rəsmisi Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «Hərdən eşidirəm ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyil. Bu iddianın doğru olmadığının ən yaxşı sübutu Dağlıq Qarabağ məsələsinin Azərbaycanla AB arasında imzalanmış Fəaliyyət Planının ilk prioriteti olaraq qəbul edilməsidir. Deməli, Avropa Birliyi doğrudan da münaqişədən narahatdır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır... Avropa Birliyinin xüsusi nümayəndəsi Philippe Lefort bu sahədə son dərəcə aktivdir. O, regiona tez-tez səfər edir, həmsədrlərlə görüşür və s.

İkinci müddəa «ATƏT-in Minsk Qrupuna siyasi dəstəyin artırılması»dır. Və AB Minsk Qrupunu danışıqların yeganə real formatı kimi ardıcıl və açıq şəkildə dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun hüdudlarından kənardayıq və onu dəstəkləməklə bu müddəaya da əməl edirik».

Peter Semneby

Peter Semneby

Jurnalistin «Azərbaycan XİN bu yaxınlarda rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağa səfər etdiklərinə görə «arzuolunmaz» elan edilmiş şəxslərin siyahısını açıqlayıb. Bu siyahıda Avropa Birliyinin keçmiş xüsusi nümayəndəsi Peter Semneby-nin də adı var. Bu faktı necə şərh edərdiniz?» sualına Kobianın cavabı:

«Bu barədə informasiyanı görmüşəm. Amma qeyd etmək lazımdır ki, onun adı həmin siyahıya Avropa Birliyinin xüsusi nümayəndəsi vəzifəsində fəaliyyəti ilə əlaqədar salınmayıb. Onun adı siyahıya, görünür, Avropa Birliyinin xüsusi nümayəndəsi missiyası başa çatdıqdan sonra Dağlıq Qarabağa səfər etdiyinə görə daxil edilib. Əminəm ki, cənab Semneby-nin heç bir başqa niyyəti olmayıb. Mən Azərbaycan Xarici İşlər Nazirliyinin bu siyahısının daimi xarakter daşımadığı və müraciət olacağı təqdirdə bəzi hallarda siyahıya dəyişiklik edilə biləcəyinə dair bəyanatını da görmüşəm».

Şərhləri göstər

XS
SM
MD
LG