Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44
-

- Ə, köpəkoğlu, sən bizə sataşırsan? Sən bilirsən, küçük, mən kiməm?! Sən mənim qardaşımı tək görmüsən? Doldurummu ə, gülləynən sənin qarnını?!..


Kamal Abdulla


"ATAMA DEYIN KI, MƏN XOŞBƏXTƏM..."

("Səhvlərimizin qrammatikası" silsiləsindən hekayə)


Xoruz bir qara-qışqırıq salmışdı, birnəfəsə elə çığırırdı ki, elə bil, tutub başını kəsməyə aparırlar. Qəzənfər kişi evin balaca, amma uzunsov həyətinə çıxan eyvanda stolun arxasında məlul-məlul oturub çənəsini iki əliylə tutduğu çəliyinə dirəmişdi. Gözlərini dikmişdi eyvanın altındakı qızılgül kolunun üstündə bir nöqtədə hərlənən arıya. Gözləri yol çəkirdi. Düz arxasında qapının ağzında elə yerdəncə çöküb Sürəyya arvad oturmuşdu və səssiz-səmirsiz, zülüm-zülüm ağlayırdı. Gözlərindən yaş axdıqca axır, çiyinləri diksinən kimi oynayır, içini çəkir, hərdən əlindəki yamyaş dəsmalla gözünü silirdi. Gözlər sürtülüb silinməkdən qıpqırmızı olmuşdu.

"Barı şivən salsaydı… Saçını yolsaydı…" – Qəzənfər kişi yana-yana düşündü.

Qəflətən xoruzun çığırtısı kəsdi. Bir-iki saniyə ara verib bu çığırtı təzədən başladı və Qəzənfər kişi başını həyət qapısına tərəf çöndərməsə də duyuq düşdü ki, qapını açıb kimsə həyətə girdi. Xoruz özünü sabahdan birtəhər aparırdı. Tezdən-tezdən həyətdə üstünə cummadığı adam qalmamışdı. Şəstlə ayaqlarını ata-ata dimdik nəvəsi Zeynini, sonra Qəzənfər kişini qaralamışdı. Axırda Qəzənfər kişi əsası ilə xoruza nə təhər vurdusa qıy çəkib getdi, bir az əvvələ qədər səsi gəlmədi. İndi yenə başladı.

Həyət qapısını aşıb içəri girən adam kəndin ağsaqqallarından biri, Qəzənfər kşinin az qala uşaqlıq dostu Həzibala idi. Həzibalanın gəlişi Qəzənfər kişini təəccübləndirmədi. Çünki o bu gəlişi gözləyirdi. Sürəyya nənə "uy" eləyib içini çəkdi. Qəzənfər kişi ona tərs-tərs baxıb başı ilə işarət verdi: "Keç içəri!" Arvad dinməz-söyləməz itaət elədi, keçib otağa girdi, amma qapının ağzını açıq qoydu. Qaranlıq otaqda görünməsə də Qəzənfər kişi bildi ki, Sürəyya arvad qulağını dörd eləyib eyvandakı söhbətə qulaq asacaq.

Həzibala kişi həyət qapısından eyvana doğru şəstlə gedən yerdə həyətin dibindəki tut ağacı ilə evə gedən cığırın arasında çəpər kimi bitən gül kollarının arxasından bir xoruz, elə bil, qartaldı, zəhlətökən səsiylə "qıy" vurub aıçaqdan uça-uça kişinin üstünə cummadımı, cumdu. Həzibala kişi özünü itirmədi. Əlindəki toxmağı dəmirdən çomağını hərrəyib bu xoruza necə əmud vurdusa xoruz gəldiyi yolla uçub tut ağacının altında leş kimi torpağa sərildi. Qanadları son dəfə açılıb yığıldı. Daha bu xoruzdan nə səs çıxdı, nə də bu xoruz tərpənmək nədi, daha tərpənmədi.

Həzibala kişi qətiyyən təhər-tövrünü pozmadan, heç nə olmayıbmış kimi azca ləngər vura-vura gəlib eyvanın üç- dörd pilləkənini dik-dik qalxdı və Qəzənfər kişinin qarşısındakı stulu altına çəkib onunla üzbəüz oturdu.

Qəzənfər kişinin bayaqkı məlul baxışlarından əsər-əlamət belə yox idi. Üzünün cizgiləri codlaşmış, baxışları sərtləşmişdi.

--Salam, Qəzili.

Qəzili dediyi Qəzənfər kişi idi, yaxınları, tayı-tuşu onu belə çağırırdı. Qəzənfər kiçi Həzibalanın salamını başı ilə aldı.

-- Sabahın üzü açılmamış belə isti?! Gör indi günorta nə olacaq… -- Həzibala cibindən çıxadığı dəsmalla tərləmiş boynunun dalını silə- silə ora- bura boylandı.

-- Xoruzu niyə heylə elədin? – Qəzənfər kişi Həzibalanın üzünə baxmaya-baxmaya nəsə demək xərinə yavaşca və etinasız bir səslə soruşdu.

-- Bə neynəyəydim?! Qoyaydım düz gəlib gözümü çıxaraydı?! Görmədin başımım üstünü quzğun kimi necə almışdı…

Qəzənfər Həzibalanın ərklə dediyi bu sözlərdən sonra daha dinmədi. Gözlədi görsün, Həzibala nə üçün gəldiyini necə, nə üzlə söyləyəcək. Bunun bu sabah durub bura gəlməsi elə-belə deyildi. Nəysə bir xəbərlə gəlmişdi. Həzibala uzun illər Qəzənfər nəsliylə qonşu kənddəki (artıq qonşu yox, birləşmiş bir böyük kənd də demək olardı bu kəndlərə) Qəhrəman nəsli arasında gah gizli, gah da açıq gedən davanın arada gedib-gələn, söz aparıb gətirən, təkliflər verən və görüşlər təşkil edən və hər iki tərəfin inandığı elçisi idi. Həm Qəzənfər kişinin, həm də Qəhrəman kişinin uşaqlıq dostu, etibarlı adamı idi. İndi də, deyəsən, ağ dəsmal qaldırıb gəlib. Odu sönüb külü qalan davanın üç gün bundan əvvəl baş verən son hadisədən sonra yenidən qızışması, özü də çox bərk, çox pis qızışması vardı.

– Allah rizasına, çaydan-sudan, nə varsa… ciyərimiz yandı, ay uşaq… -- Həzibala ətrafa, daha çox qapı tərəfə nəzər salıb dilləndi.

Qəzənfər kişi təhər- tövrünü dəyişmədən astadan "öhö" eləyib öskürdü, yəni, "çay gətirin".

Bir müddət ikisi də dinməz-söyləməz oturdu. Nəhayət, Sürəyya arvad hər əlində bir stəkan çay eyvana çıxdı, qıpqırmızı qızarmış gözlərini qonaqdan gizlədə-gizlədə gətirib çayları bunların qabağına qoydu. Nə qənd gəldi ortalığa, nə də şəkər, eləcə iki stəkan acı çay.

Gözucu Sürəyya arvadı süzüb Həzibala dərindən köksünü ötürdü. Çay stəkanını əlinə alıb baxdı, baxdı, soruşdu:

-- Qəndi yoxdu bunun?

Qəzənfər kişi bu sözləri ikibaşlı qəbul elədi. Başqa vaxt Sürəyya arvadın üstünə çımxırardı, qaş-qabağını tökərdi, indi isə Həzibalaya tərs-tərs baxıb suala sualla cavab verdi:

-- Qəndi neynirsən?! Hortuldat getsin.

Həzibala dillənmədi, çay ki, soyuq idi, birnəfəsə başına çəkdi, stəkanı qaytarıb stolun üstünə qoydu:

-- Oxxay… Sağ ol, ay Sürəyya. Allah ölənləriyin yerin behiştlik eləsin, çox sağ ol.
Yenə ortaya namünasib sükut çökdü. Nə Qəzənfər kişi, nə də Sürəyya arvad qaytarıb bir kəlmə söz demədilər. İkisinin də ürəyi bərk-bərk vururdu. Qəzənfər kişinin üz-gözündən bir şey oxumaq olmurdu, baxışları yenə də sərt idi, Sürəyya arvad isə bir himə bənddi, gözündən yaş yenə şəlalə kimi səssizcə tökülüb axacaqdı. Qəzənfər kişi bunu duyub bu dəfə arvada tərs bir baxış atdı, başıyla "keç gir içəri!" işarətini verdi. Sürəyya arvad səssizcə içini çəkib içəri keçdi.

Bu namünasib sükutu Qəzənfər kişiylə gözbəgöz gəlməkdən çəkinən və elə hey beynində narahatçılıqla nə isə qurddalayan Həzibala pozdu. O, hələ də oynayan baxışlarını həyətdəki bir gül kolundan o birinə keçirə-keçirə uzaqdan gələn bir səslə yavaşdan dedi:

-- Bildin yəqin. Məni Qəhrəman göndərib…

Dedi və susdu. "Uf" eləyib cibindən çıxardığı dəsmalla üz-gözünün tərini sildi. Qapının o biri tərəfində ürəyi səksəkəli durmuş Sürəyya arvadın gözlərindən yenə səssiz-səssiz yaş durmadan axmağa başladı.

Qəzənfər kişi çox gizli bir həsrətlə elə bu sözü gözləyirdi, onu eşidib ürəyinə bir tərəfdən yüngüllük gəldi, amma yenə də dişin dişinə sıxıb təhər-tövrünü pozmadı. Yalnız gözlərinin dibi bir anlıq işıqlandı. Gözlərinin dibindən elə bil, od çıxıb tezcə də yox oldu. "Hm…" eləyib danışmadı. Ürəyinin guppultusunu gicgahlarında eşitməyə başladı. Amma yenə də heç nə olmayıbmış kimi üzünü Sürəyya arvada tutdu:

--Zeyni getdimi mən deyən yerə?

Sürəyya arvad hövsələsiz cavab verdi:

--Getdi, getdi, harda olsa indi gələr…

Həzibala elçi gəldiyini bəyan edəndən sonra altdan-altdan, gözucu Qəzənfər kişini süzməkdə idi. Başqası elə bilərdi ki, onun dedikləri ev sahibinin vecinə deyil. Amma Həzibala yaxşı bilirdi ki, üç gün bundan əvvəl Qəzənfərə gəlib çatan xəbər kişinin ürəyini necə haldan hala salıb. Hələ Sürəyyanın vəziyyəti budu, göz qabağındadı. "Qəzili özünü sındırmır. Amma zərbə yaman dəyib. Üz-gözündən görünür. Kim olsa bundan betər günə düşər. Qəzilidi, dözür. Allah bilir, beynində nə qurğular qurur. Qəhrəmanın da, nəvəsinin də qanını içməyə hazırdı. Gözlərini gizlədir. Qan tutub gözlərini. Mən bilirəm, bu adam intiqam almasa ürəyi partlayacaq. Mən başıdaşlı indi nə edim?! Nə təhər başlayım, nədən başlayım?!" deyə fikirləşə-fikirləşə Həzibala söhbəti hansı məcraya salacağını beynində götür-qoy elədi. Nəhayət, qərara gəldi ki, deyəcəklərini yüngülvarı zarafat pərdəsinə bürüyə-bürüyə davam etsin. Bəlkə bu şəkildə Qəzənfərin ürəyini almaq mümkün ola. Amma belə deyilmiş…

-- Qəzili, əlbəttə ki, mənim sənə məsləhət verməyim doğru olmaz. Amma bax… -- Həzibala səsini lap qısdı. – İş işdən… necə deyərlər… keçib. Bir qız əvvəl-axır bir oğlanındı. Sənin nəvən – mənim nəvəm deməkdi. Zeynəbi mən beşikdən tanıram. Elə deyilmi?! Qəhrəmanın da nəvəsi bir yaxşı oğlandı. –Həzibala artıq söhbəti rahat bir yola saldığını sandı, sözləri üyürə-üyürə deməyə başladı. -- Özünün də biznesdi-nədi, ondan varıdı. İndi işdi olub. Hər birinizin yeganə nəvəsidi. Bəlkə elə Allah qurban olduğum özü belə məsləhət buyurub ki, bu düşmənçilik bu cürənə tamamilə yox olub getsin?! Hə?! Axı nə qədr olar?! Ölənlər öldü, getdi, barı qalanlar bir xoş, rahat gün görsün… Razısan mənnən?!

…Qəzənfər kişinin isə huşu bayaqdı uçub uzaqlara getmişdi. Qəhrəman nəsliylə düşmənçiliyin başlandığı günlərə. O zaman hələ heç əziz-xələf oğlu Nəməd də doğulmamışdu. Qəzənfər kişi bığıburma, beyni qanlı bir cavan idi. Kəndin seçilən, sözü, hərəkətilə özünə hörmət qazanan bir gənc idi. Qolu güclü, beli möhkəm, kürəklərində kəl gücü vardı. Çoxunun mübahisəli işini səbrlə dinləyib həll edərdi. Ədalətli adam olmağı ona özündən böyüklərin də hörmətini qazandırmışdı. Məktəbi bitirib əsgərlikdən təzə qayıtmışdı. İkicə ay bundan sonra Tatarıstandan kəndə üç nəfər əsgər dostu qonaq gəlmişdi. Eynən bunun kimi kəl… Boyunları, çiyinləri eyzən əzələ, boyları-buxunları bir tamaşa… Həzibala da düşərdi bunların yanına, Kürə çimməyə gedəndə kənd cavanları, elə həyətdəki qızlar da yüngülcə yaşmaq tutub tamaşaya durardı. Eh, getdi o günlər…. İndi ayağını zorla atır, gözləri sulanıb, yaş yetmiş həndəvərində, çəliksiz yeriməyə az qala çətinlik çəkir. Nə isə…

…Əsgərlikdən təzə qayıtmışdı, Stalini bədnam eləyib mavzoleydən çıxardıqları günlər idi. Təkcə şəhərlərdə yox, kəndlərdə də adamlar çaşıb qalmışdılar. Şəhərdəkilər yenə nəyinsə ucundan-qulağından eşidib bilirdilər. Ağılları, məntiqləri ilə məsələni anlayırdılar, anlamağa çalışırdılar. Kənddəkilər isə ümumi çaxnaşmanın hənirtisini ancaq hiss edirdilər, kortəbii narahatlıq keçiridilər. Nəyi isə gözləyirdilər. Nəyi?! Heç kimin bu suala cavabı yox idi. Camaat əsəbi olmuşdu, bir-birinin sözünü həzm edə bilmirdi. Dünən bir cür, bu gün başqa cür danışanların, raykom katiblərinin, kolxoz sədrlərinin nə üçün, nə səbəbə bu cür dəyişmələrini başa da düşmürdülər, qəbul da edə bilmirdilər. "Bu adam bu gün öz rəhbərinə belədisə, sabah mənə nə cür olar?!" kimi fikirlər yarıgizli, yarıçılpaq şəkildə beyinləri dolaşmaqdaydı və dolaşırdı.

Yazın axırları olardı. Sel-su daşmışdı. Kür öz böz sifətini göstərməyə bəhanə axtarırmış… Bir axşam Qəzənfərgilin inəyini Kürün suları alıb apardı. İnəyi xilas etmək mümkün olmadı. Qəzənfərin, anasının, "vay-vay" deyə-deyə əlacsız durub qalmış qonum-qonşunun gözü önündə inəyi böyürdə-böyürdə dalğalar altına aldı. Qəzənfər əlacsızlıqdan az qala gözlərindən yaş gələcəkdi, özünü suya vurmaq istəyirdi. Anası Pəri arvad yıxılıb oğlunun dizlərini qucaqladı, onu fikrindən zorla daşındırdı. Az qala şahə qalxan dalğaların qoynuna girmək ölümün açıq-aşkar qoynuna girmək kimi bir şey idi. Çox adam orda-burda sahildə durub bu mənzərəni kimi canyanğısıyla, kimi də laqeyd-laqeyd seyr edirdi. Qəflətən arvadların "ah- oh"una qarışıb Qəzənfərin qulağına bir hırtıltı səsi gəlib yetişdi.

Başını çevirib gördü ki, qonşu kənddən Qəhrəman adlı həmyaşıdıdı. Ondan aralı bir-iki kənd cavanlarının arasında durub əliylə batmaqda olan inəyi göstərib nəsə deyir və əməlli-başlı rişxəndlə gülür. Qəhrəmanı özünə dost bilirdi, evlərinə getmişdi, evlərində olmuşdu. İndi isə, Qəhrəmandan çıxmayan iş, eləcənə batmaqda olan inəyə ləzzətlə baxa-baxa dişlərini ağardırdı. Qəzənfər kinli-kinli Qəhrəmanı süzdü. Onun qəzəbli baxışlarını zərrə qədər vecinə almayan Qəhrəman özünü yığışdırdımı, yığışdırmadı. İndi də gözlərini Qəzənfərin düz üzünə zilləyib, elə bil, nəyinsə acığını çıxardırdi, dişlərini ağartmaqda davam etdi. Daha cin Qəzənfərin başına vurdu, özünü saxlayıb dözə bilmədi. Ürəyində "mən indi sənin ağaran dişlərini qana boyayaram" deyib Qəzənfər bir onu bildi ki, iki sıçrayışda Qəhrəmanı əzik yastıq kimi bürmələyib altına saldı. Yumruq yumruq dalınca buna vurur, bütün hirsini, acığını özünə indiyənə qədər dost bildiyi bu adamdan çıxmaq istəyirdi.

-- Nəyə irişirsən, ə, nədi, inək görməmisən batan yerdə?! Gəl, gəl bura, səni də onun yanına aparacam… -- deyə-deyə Qəhrəmanı suyun içinə tərəf sürüməyə başladı. Kürün sahildə marığa durmuş sakit suları da, elə bil, bunu gözləyirmiş kimi yolundan çıxıb hiyləgərcəsinə onlara yaxınlaşmaq, bir məqam tapıb Qəhrəmanı Qəzənfərin kəlbətinə dönmüş əllərindən qapıb dalğalar oynayan qucağının düz ortasına aparmaq istəyirdi. Ətrafdakı adamlar bu zaman, elə bil, yuxudan ayıldılar, cəld tərpəndilər. Qəzənfərin anasının tükürpərdici çığırtısı altında hərə bir tərəfdən güc verib Qəhrəmanı Qəzənfərin əlindən aldılar, gədəni yarımcan halda sudan, yəni xatadan-baladan kənar bir yerə sürüdülər…

-- …İndi bu uşaqlar bir-birlərinə könül veriblər. – Həzibalanın yumşaq, ilanı yuvasından çıxaran səsi çox uzaqdan gəlirdi. -- Mən sənə doğrusunu deyirəm, Qəzili. Qızı zorla aparmayıblar. Özü gedib. İnanmırsan, sən Allahın, bax bir bu telfona. Görəssən. Zeynəb balam sizə burda ismarış göndərir. İndi belə şeylər var. Televizor kimi…

Həzibala cibindən bir qara telefon çıxardıb stolun üstünə qoydu. Qəzənfər kişi gözünün ucuyla telefonu süzüb küskün baxışlarını yenə kənara çəkdi. Yenə dillənmədi.

"Hm… Bunun dinib danışmamağı mənim nəsə xoşuma gəlmir…" – Həzibala beynindən keçirdi.

-- Qulaq asmaq istirsən? – Ümidsiz bir səslə Qəzənfərdən soruşdu. Sonra birdən "ölmək ölməkdi, xırıldamaq bə nədi?!" düşünüb guya ki, səsinə şuxluq qataraq bu ürəksıxan vəziyyətdən başqa cür, zarafatla çıxmaq istədi. – Ay canım, ay gözüm, bə siz yas niyə qurmusunuz? A Sürəyya, bir bəri gəl… -- Yenə ərklə üzünü evin açıq qapısına tutdu. Bir gözü isə Qəzənfərdə idi, ehtiyat edirdi ki, birdən bu cür danışığı onun xoşuna gəlməz. Qəzənfərdən hər şey gözləmək olardı. Qəzənfər kişidən yenə səs çıxmadı.

Sürəyya arvad kabus kimi eyvana çıxdı.

…İnəyi sel aparan günün elə o biri axşamı Qəhrəmanın altı, yeddi nəfər qohum-qardaşı, hamısı atlı, Qəzənfərgilin evinə basqın etdilər. Aralarında bir Qəhrəmanın özü yox idi. Hamısı atlı idi. Qapıya çıxan Qəzənfəri atının döşünə salıb Qəhrəmanın Düli deyilən özündən böyük bir dəli qardaşı qamçılaya-qamçılaya Kürün sahilinə apardı. Bir əlilə qamçını var gücüylə Qəzənfərin harasına gəldi çırpırdı, o biri əlilə tüfəngin lüləsini tuşlamışdı Qəzənfərin üstünə. O biri atlılar, kimi çomaq, kimi taxta, kimi dəmir parçasıyla silahlanmışdılar. Qəhrəmanın qardaşlarının, əmisi oğlanlarının ağzından söyüş düşmürdü, Düli isə hərdən tüfəngin ağzını göyə tutub atəş açırdı. Kürün sahilində Düli atdan endi. Ona baxıb o birilər də atlarından endilər. Qəzənfər bu adamlarla Kürün arasında qaldı. Naçar-naçar sağına-soluna boylanır, bilmirdi ki, neyləsin. Kürün sahilində o axşam Qəzənfərin qanına susamış bu adamlardan savayı heç kim gözə dəymirdi. Qəzənfərin gözləri hədəqəsindən çıxmışdı. Ürəyində anasıyla vidalaşırdı. Öz ölümündən qorxmurdu, amma anasına yazığı gəlirdi. Bilirdi ki, arvad onun ölümünə dözə bilməyəcək. Bağrı çatlayacaq.

-- Ə, köpəkoğlu, sən bizə sataşırsan? Sən bilirsən, küçük, mən kiməm?!Sən mənim qardaşımı tək görmüsən? Doldurummu ə, gülləynən sənin qarnını?!..

Tüfəngi Qəzənfərə tuşlayıb duran Dülinin gözlərindən qan damırdı. Səsi heyvan səsinə oxşayırdı. Vəhşiləşmişdi, nəydi, üz-gözünün cizgiləri bir-birinə qarışmışdı.

Qoşalülələin tətiyi şaqqaşaq çəkildi. Qəzənfər gözlərini qeyri-ixtiyari yumdu.

Arxasında Kürün suları bir anlıq elə bil, nəfəs dərib onlar da səssiz qaldılar. Hər tərəf sükuta qərq oldu, hər tərəf…

…-- Barı sağ-salamatdımı, sən hələ onu de. – Sürəyya arvadın dözümsüz, təlaşlı səsi ağzından odlu ah kimi çıxdı."Bu arvad Qəzilidən əvvəl parçalayar adamı. Mən bunu yaxşı tanıram. Gözləri yaşla doludu, bir xeyli göz yaşını töküb. Amma parça-parça eləyər, uf da deməz…" Həzibala Sürəyyanın daşa dönmüş üzünə, hələ də yaşlı gözlərinə baxıb fikrindən bu sözləri keçirdi.

-- Mənim əziz bacım, mənim mehriban bacım, sağdı, salamatdı sənin gözəl-göyçək nəvən. Bizim balamız, nəvəmiz, ciyərparəmiz. Özünün də, biləsən, üzü də gülür, könlü də gülür. Biz niyə burda yasa batmışıq, mən onu bilmirəm… Qəhrəman bilirsən nə deyir?! Deyir, Zeynəb daha mənim öz balamdı. Onu Elmandan çox istəyəcəyəm.
Qəzənfər kişinin beyninə qəflətən dəli bir istək girdi. Elə indicə bütün gücünü yığıb ayağa qalxmaq və bu Həzibalanın hülqumundan yapışıb boğmaq, boğduqca boğmaq istədi. Eynən o uzaq ildəki kimi.

… Kürün qırağında gözünü bir də yumub açanda qollarına, biləklərinə nə təhər güc gəldisə, ayaqları nə təhər yerdən aralandısa, uçub şahin kimi qondu Dülinin sinəsinə, yıxdı onu öz üstünə, özünü də yıxdı torpağa -- özü altda qaldı, Düli üstdə sipər kimi. Qəzənfər haman ağır, kəlbətin əllərilə başladı bunu boğmağa. Dülinin əlləri, barmaqları naçar və hövlnak havada gəzirdi, tüfəng açıldı, amma gülləsi yan getdi. Düli ilə gələnlər vəziyyəti bu cür görüb bir andaca başlarını itirdilər, bunların ətrafında dövrə vura-vura bu ikisini dartışdırmağa, kimisi yalvarmağa, kimisi hədələməyə başladı. Amma nə illah elədilər, Dülini Qəzənfərin caynağından qopara bilmədilər. Qəzənfərin barmaqları həqiqi məngənəyə dönmüşdü, Düli artıq xırıldayırdı. Bir neçə saniyə də keçdi, Dülinin rəngi qapqara qaraldı, dili az qala bir metrə ağzından bayıra çıxdı. Əlində Dülinin tüfəngi artıq canını tapşırmış Dülinin altından sıçrayıb necə çıxdısa, onu-bunu nişana alırmış kimi tüfəngi necə sağa-sola fırlatdısa ətrafdakılar pərən-pərən düşdü, hərəsi bir yana dalı-dalı çəkildi, qaçıb getdi. Ata minən çapıb "vay" xəbərini apardı, üzəngiyə ayağını sala bilməyən atla bərabər birayaqlı-birayaqlı qaçıb hadisə yerindən uzaqlaşdı.

İki gün sonra Qəzənfərin anası Pəri xalanı Qəhrəmanın kiçik qardaşı Nərbala vurub öldürdü. Yaxşı tir atardı, sapandla quşu gözündən vurardı. İyirmi metr aralıdakı məktəb binasının damından Qəzənfərgilin həyəti əl içində olan kimi görsənirdi. Pəri arvad həyətdə tək idi, böyük bir qazanda su qaynadırdı. Ürəyinə nə damdısa arvad çevrilib məktəbə sarı gözlərini qıyıb baxdıqca baxdı. Üzündə ətli xallar vardı, təbəssüm o xallara bir-bir ilişib bütün üzünü bürüməyə macal tapmadı, məktəbin damından bir ovuc işıq açıldı. Güllə gəlib sinəsindən dəydi. Sinəsi qana bulaşmış Pəri arvad yerə çökdü. Bir onu bildi ki, yavaş-yavaş arxası üstə uzandı. Nəfəsini dərindən alıb-verməyə başladı. Hövlnak səsə qaçıb qonşunun növrəstə qızı Sürəyyaya özünü yetirdi. Arvadın başının üstünü aldı. Pəri arvad qızın üz-gözündən bərk qorxduğunu gözünün ucuyla gördü və toxdaq bir səslə qıza dedi ki, qorxma, başımı dik elə. Qız tez yerə oturub Pəri arvadın başını dizlərinin üstünə aldı, əliylə alnını, üzünü tumarlamağa başladı. Ağlar bir səslə:

-- Pəri nənə, Pəri nənə… Noldu sənə?.. Ay Allah, noldu sənə, ay Pəri nənə?

Pəri arvad axıb gedən gözlərini Sürəyyaya çöndərib qızın üzünə necə baxdısa qız sözünü ağzında kəsib susdu. Pəri arvadın üzündəki xallara ilişmiş bayaqkı təbəssüm sürüşüb dodaqlarına düşdü. Arvad bütün vücudunu bürümüş ağrıya dözərək güclə də olsa son sözlərini Sürəyyaya deyə bildi:

-- Qəziliyə… mənim sözlərimi… olduğu kimi çatdır. Qəhrəman nəsli ilə… daha başqa ölüm söhbəti eləməsin. Bu… son olsun. Mənnən… qoy bu savaş bitsin. Mənim intiqamımı… almağı düşünsə… südümü ona… halal eləmirəm… Elə belə də deyərsən. -- Sonra da işığını itirməkdə olan gözlərini son dəfə qıyıb belə bir əlavə elədi:

-- Bilirəm…--dedi,-- bir-birinizə hansı gözlə… baxdığınızı… bilirəm. Qəzilidən muğayat olasan… Mən deyənləri… unutma… Allah… sizi xoşbəxt eləsin.

Bu sözləri deyib Pəri arvad dərindən bir "ah" çəkdi və gözlərini yumub son nəfəsini verdi.

Pəri arvadı torpağa tapşırdıqları günün sabahı qonşuları Əhməd dayı, arvadı Güldəstə xala, qızları Sürəyya Qəzənfərgilə gəldilər. Həzibala da onlarla idi. Əlindəki Quranı ortaya qoyub Əhməd dayı qızına dedi:

-- Söylə Qəziliyə anasının ölməmişdən qabaq dediyi sözləri.

Qəzənfər əhvəlatı eşidib əvvəlcə elə bildi ki, ürəyi bu dəqiqə dayanacaq. Həyəcan və ehtirasla düzüb-qoşduğu arzular əriyib dumana dönürdü, "intiqam" deyə alışıb-yanan vücudu sustalırdı. Gözünü yumub xəyalında canlandırdığı ən məşəqqətli cəza planı kağızdan evcik kimi uçub dağılırdı. Qəzənfər gözlərini qıyıb sevdiyi qızın, yəni, Sürəyyanın üzünə-gözünə diqqətlə baxdıqca baxdı. Sürəyya şübhəylə onu gözdən keçirən, az qala rentgendəymiş kimi varlığını dəlib-deşən bu baxışlardan çəkinib eləmədi. Necə dik-dik baxırdı Qəzənfərin üzünə, eləcə də baxmağına davam elədi. Əli də Quranın üstündə idi. "Mənim intiqamımı almağı düşünsə, südümü ona halal eləmərəm…" Beynində qızın ona dediyi bu sözləri fırlada-fırlada Qəzənfərə bir an elə gəldi ki, beləcənə dik bir baxışla ona Sürəyya deyil, anasıdı, durub baxır. Necə də oxşayırdılar bir-birinə. Bu oxşayışın sirrini düşündükcə Qəzənfərin ürəyinə isti bir mayeydi, axdı gəldi, ruhunu təmizlədi, nifrətini, kin-küdurətini yuyub apardı, sinəsində tüğyan edən ehtirasını yumşaltdı…

-- Bala, mərhumə ananın son sözünə əməl etməyin vacibdir. – Əhməd dayı bir böyük kimi məsləhət verdi. -- Həzibalanı göndərək, "sülh bayrağını biz qaldırdıq, siz də qaldırın" xəbərini qoy o tərəfə yetirsin. Nə deyirsən sən?

Qəzənfər qəflətən haldan – taqətdən düşmüşdü, elə bil, on kişi əlbir olub onu xub döyüb xurd-xəşil etmişdi. Əhməd dayının bu sualına handan-hana yorğun bir ədayla başı ilə "hə" cavabı verdi:

-- Özünüz bilərsiz… Necə deyirsiz, elə də olsun…-- Qəzili gözlərindən biixtiyar çıxan yaş damcılarını əlinin arxası ilə elə tez sildi ki, kənar bir kimsə görməsin. Həqiqətən, Sürəyyadan başqa bunu görən olmadı.

... Həzibala cibindən bir telefon çıxartdı. Ora-burasını qurddalamağa başladı. Çox qurddalandı, nəhayət, telefonda özünə lazım olan məqamı tapıb üzə çıxara bildi. Düyməni bir də basanda telefonda Zeynəbin şəkli göründü. Bir də başqa bir düyməni basdı, bu dəfə telefondan Zeynəbin səsi gəldi. Həzibala gizli bir qürurla qırmızı həşyəli qara telefonu stolun üstünə qoydu, başını çevirib əvvəlcə Sürəyya arvadı, sonra isə Qəzənfər kişini mənalı baxışlarla süzdü. Daha sonra elə bir diqqət və məhəbbətlə bu danışan telefona baxmağa başladı ki, sanki Zeynəb bu dəqiqə telefonun içindən tullanıb bu eyvana, babasının, nənəsinin yanına gəlib düşəcəkdi.

Zeynəbin telefondan gələn səsi zərrə qədər əzab-əziyyət çəkən adamın səsinə oxşamırdı. Zeynəb çox böyük bir inamla, hətta bir az da əzbərçi uşaqlar kimi birnəfəsə bunları deməyə başladı:

-- Babalı, nənəli (Zeynəb dil açandan babasını və nənəsini belə çağırırdı), biləsiz, məni heç kim zor ilə, güc ilə Elmana gətirməyib. Mən özüm, öz xoşumla bu evə gəlmişəm. Biz bir-birimizi məktəbdən tanıdıq. Nənəli, mən çox istədim, sənin sözünə əməl eləyim, olmadı. Çox istədim buna nifrət edim, alınmadı… Deyirəm biləsiz, biz bu qərarı bir yerdə vermişik və öz həyatımızı özümüz qurmaq istəyirik. Sizin bir-birinizə bu nifrət dolu münasibətinizi, illərdi davam edən düşmənçiliyinizi biz qəbul eləmirik. İkimiz də təhsilimizə davam edəcəyik, ikimiz də burda, Bakıda qalıb yaşayacağıq. Çalışacağıq ki, sizləri də dost eləyək. Allahın köməyilə, inşallah… Nənəli, atama de ki… (bu yerdə Zeynəbin səsində bir titrəyiş hiss olundu), mən xoşbəxtəm. Birdən fikir eləyər, eləməsin. Bir də de ki, məni bağışlasın. Eyni sözləri Elman da deyir. Sağ olun. Salamat olun. Məndən qəti niyaran qalmayın. Babalı…

Qəzənfər kişinin ürəyi hövr eləyirdi, az qalırdı ağzından çıxsın. Gözləri sulanmışdı. Nəvəsinin səsinə qulaq asa-asa çənəsini çəliyinə dayayıb necə ki, bayaqdan susurdu, eləcə də susmağına davam etdi. Zeynəb öz alovlu nitqini babasının adını çəkib bu cür yarımçıq kəsəndə kişinin beynindən "Qız sözünün dalını gətirmədi, qəhərləndi…" sözləri keçdi. Ürəyinin içinə, bu dəfə, elə bil, kort xəncər soxdular, ürəyi elə sıxıldı, elə sıxıldı ki… Amma yenə biruzə vermədi. Həzibaladan daha çox Sürəyyaya görə biruzə vermədi. Qəzənfərin telefon söhbətindən sonra da beləcənə dinməz-söyləməz susqunluğunu daha heç cür sinirə bilməyən Həzibalaya isə elə gəldi ki, Zeynəbin telefonda dediyi sözləri Qəzənfər eşitmədi. Həzibala böyük bir təəssüf içində çiyinlərini çəkdi."Daha nə edə bilərdi?!" Telefonu ehtiyatla stolun üstündən götürüb cibinə qoydu.

Sürəyya arvadın əli ağzında qalmışdı. Gözlərinin yaşı qurumuşdu. "Bu qızın dillərinə bax hələ sən… Bu nə zaman belə dil açdı?! Bu nə zaman oxumağa getdiyi şəhərdə Qəhrəmanın nəvəsini tapdı?! Bunlar nə zaman bir-birinə könül verdilər, məhəbbət bağladılar?! Məktəbdəmi oldu bu iş?! Mən dediklərimi bə niyə bu qız bir qulağından alıb o biri qulağından verdi?! Bunlar niyə bir-birinə nifrət eləmədilər, bir-birindən iyrənmədilər bizim kimi? Niyə? Nə baş verir, Allah?! İndi nə olacaq?! Nəmədə nə cavab verəcəyik?! Gədənin ürəyi partlamasa yaxşıdı. Qəzənfər ki, belə dinməz-söyləməz oturub, bunun da beynində qurdlar oynaşır əlbət…"

Qəzənfərin beynində qurdlar oynaşmırdı. O ürəyi sıxıla-sıxıla, əlacsız halda labüd sonluğun astanasına gəlib çıxan, taleyinə baş əyən bir adam kimi belə düşünürdü: "Hər şey beləcənə də bitməliydi. Bu hadisə bizə, illah da ki, mənə bir cavab deyilmi?! Nənəm demişdi axı, ürəyində intiqam saxlayıb yaşama. Düzdü, nənəmdən sonra ölüm-itim olmadı, amma yenə də çox nahaq sular axdı. Bir-birimizə çox nahaq zülmlər etdik. Nifrət, kin, küdurət… əkildikcə biçildi, biçildikcə əkildi… Bunlar noolacaq, bunlar hara uçub gedəcək?! Yəni, bunlar puçmu olacaq?! Yoxsa bu müharibə yenidən başlayıb qızışacaq?! İndi sən bu qıza baxırsan?! Gör bir bunu… Citdənəlik boyu hara, bizim başımıza ağıl qoymağı hara?! Haqq olur hamımıza, haqq olur. Südəmər dediyin nədi, təkcənə o boyda şəhərə gedib oxumaq nədi?! Atama deyin ki, mən xoşbəxtəm. Hm…"

-Nə deyirsən Qəzili, mən gedim Qəhrəmana nə xəbər çatdırım?! – Həzibalanın ehtiyatla verdiyi bu sual, əslində, onun gəlişinin əsas məqsədini açıq-aşkar bir şəkildə ifadə edirdi.

Qəzənfər kişi ağır-ağır başını çevirib arxasında bayaqdan bəri kabus kimi dayanıb durmuş Sürəyya arvadı süzdü. Arvadın gözlərinin dibində bu dəfə gizli bir rahatlıq sezdi. Üç gün idi ki, Qəhrəmanın nəvəsi Elman tərəfindən qaçırılma xəbərini aldıqları nəvələri Zeynəbin telefondakı inamlı səsi ikisinin də alışıb-yanan, tüğyan edən qəzəbinə bir ovuc da olsa, su çiləyə bilmişdi. Qəzənfər kişi Sürəyya arvadı tərs-tərs süzsə də eynən onun kimi rahatlıqla köksünü ötürdü və intizarla ondan cavab gözləyən Həzibalaya ahəstə-ahəstə belə dedi:

-- Nəməd, sən bilirsən, burda deyil, Rusetdədi. Ona xəbər göndərmişik, yoldadı, gəlir. Gəlsin, söz onunkudu.

Həzibala bu sözləri Qəzənfər kişidən eşidib, nəhayət, dərindən asudə bir nəfəs aldı. Çiynindən elə bildi, yük götürüldü. Ona elə gəldi ki, boynuna qoyulan vəzifənin yarısını artıq yerinə yetirib. "Qəzili əvvəlki Qəzili deyil. Əlbəttə, Allah qoysa, bu iş düzələcək…"

İsti getdikcə artırdı. Gün təpəyə qalxmışdı. Həzibala yenə dəsmalla üzünün, boynunun tərini silərək:

-- Di yaxşı, mən gedim, bunu da olsa çatdırım Qəhrəmana, -- dedi. Qəzili, -- Həzibala, başını Qəzənfər kişiyə tərəf əyib səsini alçaltdı. -- Vallah, hər şey yaxşı olacaq. Görəssən. Sən bacar ürəyinə salma…

Qəzənfərin üzünün bir cizgisi də tərpənmədi. Baxışıyla yenə gül kolunu deşib susdu. Birdən-birə bu gül kolunun içində gizlənmiş aı qırmızı qızılgül, elə bil, tərpənib canlandı. Qəzənfərin anasını basdırdıqları günün səhərisi onların evinə gəlib hamının yanında əlini Qurana basaraq Pəri arvadın son sözlərini ötkəm-ötkəm ona deyən və bu zaman gözlərini onun gözündən çəkməyən gənc Sürəyyaya çevrildi. Sonra qızılgülə dönmüş gənc Sürəyyanın xəyalı yavaş-yavaş əriməyə başladı və onun yerini telefonda Zeynəbin bayaq gözucu, ötəri süzdüyü rəsmi tutdu. Sonra o qızılgül Zeynəbin müxtəlif yaş dövründəki ayrı-ayrı rəsmlərinə çevrilməyə başladı. Budu, Zeynəb çağa vaxtı, budu, iməklədiyi vaxt, anasının ölümünü ondan uzun müddət gizləmişdilər -- Zeynəbin indiyənə qədər anasının yolunu çəkən gözləri, qızın böyüyüb məktəbə getməsi, sevib əzizlədiyi hörüklərini yığıb-yığışdıra bilməməsi ("eynən anayın hörükləridi, onunku da belə gur idi" nənəsi demişdi), Sürəyyanın qızın saçlarını darayıb hörməkdən bezar olması, Zeynəbin Bakıya oxumağa getməzdən bir gün əvvəl qabaq dal otaqda qapını bağlayıb saatnan zülüm-zülüm ağlaması…İki ay əvvəl isə son görüş zamanı, tətilə gələndə elə hey "babalı, babalı" deyə-deyə gedib-gəlib heç nədən ona sarılması… Qızın gözləri qəribə işıldayırdı, Qəzənfərin ürəyinə damdı ki, bunun bir qəmbərqulusu var, deyəsən, qız böyüyübdü. Budu, buyur, qoşulub qaçdı. Bu günü də gördük. Özü də kimlə kimlə Qəhrəmanın nəvəsi ilə… Sözə bax, "atama deyin ki, mən xoşbəxtəm." Bə biz?! Biz də xoşbəxt olduqmu?! Qəzənfər kişi daha bu barədə düşünmək istəmədi. Kolun dibində gizlənmiş al qırmızı qızılgül yenə öz təbii ölçülərini aldı…

Həzibala gəldiyi cığırla həyət qapısına tərəf gedərkən xoruzun o tanış, həyasız çığırtısı təzədən başlamadımı, başladı. Həzibala təəccüb etdi. Gül kollarının başı üstündən boylandı və bayaq xoruzun gedib düşdüyü tut ağacının altina baxdı. Xoruz tərpənməz bir halda sərilib qaldığı yerdəydi. Ağzından bir lomba qızıl qan gəlib düşmüşdü torpağa. Pəyəni dövrələyib tövlənin bu biri tərəfindən çıxan bir qoyun o qanı yalayırdı.

Qoyun gül kollarının arxasında mat-məəttəl dayanıb onu seyr eləyən Həzibala tərəfə ağzını hərdən açıb-yumurdu. Xoruzun bayaqkı çığırtısı indi də bu qoyunun ağzından çıxırdı.

SON

Günün bütün mövzuları

XS
SM
MD
LG