Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39
-

Babam Ömər Xəyyamı allahsız hesab edirdi...

Cəbrin, həndəsənin, hətta fizikanın qəddar düşməni oldum.

"Dilarə" adlı bir hekayə yazıb orada bu zalım ulu babamın obrazını verməyə çalışmışam...

Mənim qulağımın dibinə, guya zarafatyana, gücü gəldikcə bir şillə ilişdirdi...



Rəsul Rza


ANAM MƏNİ GÖRƏNDƏ YANA-YANA AĞLADI...


("Mənim fikrimcə..." məqalələr toplusundan, 1967)


Deyilənə görə, 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əl yazması Quranın səhifələrindən birində qeyd edibmiş. Quran rəngli naxışla bəzədilmiş nadir bir nüsxə imiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.

Ana babam qatı bir dindar idi. O, savadlı imiş, nəzmi, xüsusilə dini mövzularda yazılmış nəzmi çox sevərmiş, Firdovsini, Sədini, Camini sevərmiş, Ömər Xəyyamı allahsız hesab edərmiş...

Atam beş illik təhsil aldıqdan sonra Göyçay şəhərində qəza naçalnikinin dəftərxanasında tərcüməçi və dilmanc sifəti ilə işləmişdir. O öz zəmanəsinin mütərəqqi görüşlü bir adamı olub. Azərbaycanda öz qızını dünyəvi məktəbə qoymuş ilk adamlardan biri olmuşdur. Mənim bacılarım çadrasız gəzirdilər. Bu "qəbahət" üçün Göyçayın mürtəce adamları bizim ailəmizə dinindən dönmüş, bəhayi ləqəbi vermişdilər. Evimizə qəzet və jurnallar gəlirdi. "Molla Nəsrəddin" və rusca nəşr olunan "Neva" və "Probujdeniye"ni alırdıq...
Rəsul Rza anası və bacıları ilə

Rəsul Rza anası və bacıları ilə


"ANAM MƏRYƏMİN ŞAİRLİK TƏBİ VARDI"

Göyçay sakit bir qəza həyatı keçirirdi. Şəhərdə iki məscid var idi: biri şiə məscidi, biri sünni məscidi. Şiə məscidində müqəddəs imamlara faciəli və dəhşətli matəm mərasimi keçirilirdi. Matəmin onuncu günü - aşura günü adamlar özlərinə əzab-işgəncə verirdilər. Qətl günü baş yaranların içərisində ölənlər də olurdu. Fanatik dindar adamlar xəncər çıxarıb öz başlarına vurur, müqəddəs adamların şərəfinə öz qanlarını axıdırdılar. Mən və yaşıdlarım belə tamaşaların birini də buraxmırdıq. Biz bütün bu mərasimin müqəddəsliyini başa düşməkdən çox uzaq idik. Biz uşaqlar üçün bu əhvalatlar bir az qorxulu və eyni zamanda son dərəcə maraqlı, bəzən də gülməli bir tamaşa idi: kim isə qorxub xəncəri başına vura bilmir, kimin isə ayağı büdrəyib yıxılır. Bir də görürsən, çadraya bürünmüş qadınlar arasında dava qopurdu. Bunlar hamısı kiçik qəza şəhərində uzanıb gedən ölgün və cansıxan həyatdan çox-çox maraqlı idi.

Bizim nəslimiz Çiyni kəndindəndir. Çiyni kəndi Bərgüşad dəmiryol stansiyasından üç-dörd kilomet aralıdadır. Çiyni kəndindən xeyli oxumuş adam çıxıb, bu adamlar Göyçayda, Gəncədə, Bakıda və Tiflisdə təhsil alırdılar. Kəndin çox amansız adət-ənənələri vardı. Mənim Bakıda təhsil görmüş bibim oğullarından birisinin öz doğma kəndinə tətilə gəldiyi günün səhəri, atasının qanlıları tərəfindən öldürüldüyünü demək kifayətdir. İki nəsil arasında düşmənçilik 1921-22-ci illərə qədər davam etmişdir.

Bizim ulu babamız Məmmədxan bu kənddə xırda feodallardan biri olmuşdur. Rəvayətlərə görə, o, hökmranlıq sevən, öz doğma ailəsinə qarşı belə amansız bir adam olub. (Yaradıcılığımın ilk illərində "Dilarə" adlı bir hekayə yazıb orada bu zalım ulu babamın obrazını verməyə çalışmışam.)

...Anam Məryəmin şairlik təbi vardı. Onun bu vaxta qədər qalmış üç şeirindən bunu görmək mümkündür. Anam oxumaq bilirdi, ancaq yazmaq bilmirdi. O, şeirlərini atama deyər, atam yazardı. Anamın şeirləri qadınları maarifə, mədəniyyətə çağırardı. Anam Füzulini, Natəvanı və Sabiri oxuyardı. Yadımdadır, axşam çağları anam bizə, mənə və dörd bacıma qəmli şeirlər oxuyardı.
Rəsul Rzanın atası Mirzə İbrahim

Rəsul Rzanın atası Mirzə İbrahim


- Bunlar kimin şeirləridir - deyə soruşardım.

- Nənənizin uzaq qohumu və həmyerlisi Xan qızı Natəvanın...
Anamın oxuduğu şeirlərin çoxusu həmişəlik yadımda qaldı. Anamdan və nənəmdən eşitdiyim nağıllar və əfsanələr yaddaşımın aynasından silinmədi. İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır...

Atamın ölümündən sonra vəziyyəti getdikcə çətinləşən böyük ailəmizə kömək etməli idim. On dörd yaşından oxumağa davam edərək həm də şəhər kitabxanasında işləməyə başladım. Bu iş mənə böyük zövq verirdi, mən kitablar arasında - naməlum qəribə bir aləm içərisində idim.

Məktəbdə, ilk illər yaxşı oxuyurdum. Sonra yuxarı siniflərdə riyaziyyat məni dildən saldı: cəbrin, həndəsənin, hətta fizikanın qəddar düşməni oldum. Hələ əlavə olaraq elmin bu çətin sahələrini yaratmış o böyük adamlara düşmən kəsildim. Elə bil bütün bunları insan varlığını zəhərləmək üçün ixtira etmişdilər. Təbiidir ki, sonralar öz vaxtında bu elmləri yaxşı öyrənmədiyim üçün çox təəssüf elədim.

"SİZDƏN ÇOX RİCA EDİRƏM, FAİQ ƏFƏNDİ..."

Mən sistematik təhsil görməmişəm.Ali məktəbi də ağıllı-başlı qurtarmamışam. 1931-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna ekstern yolu ilə imtahan verdim və aspiranturaya qəbul olundum. Bir dəfə (deyəsən 1925-ci ildə) anamın bibisi nəvəsi Əli Mərdan adlı yaşıdımın Gəncə sənaye və ziraət texnikumu haqqında söhbətindən həvəslənərək dərs ilinin ortasında Gəncəyə getdim ki, bu texnikuma daxil olum. O zaman bu texnikumun direktoru Nemanzadə Ömər Faiq idi. Mən "Molla Nəsrəddin" jurnalının görkəmli xadimlərindən olan bu adam haqqında çox eşitmişdim. Direktorun adına ərizə yazdım. Ərizəni yüksək "ədəbi dildə" yazmışdım. Burada "böyük arzu", "yeganə ümid", "səadət günəşi", "xalqa fədakarlıqla xidmət etmək", "yazıq bir ananın gözündəki sevinc şöləsinin sönməsinə razı olmayasınız, axır bu ananın bütün ümidi yeganə oğlunun gələcəyinə bağlıdır", "mənə gülümsəyən səadət günəşinin üzünü məyusluq buludu ilə örtməyə qoymayın" kimi qəliz ibarəli cümlələr vardı.
Rəsul Rza 13 yaşında

Rəsul Rza 13 yaşında


Ərizəni katibəyə verib cavabını gözlədim. Həyətdə uşaqlar məni əhatə edib ürək verməyə, sakit eləməyə başladılar.

Birdən məni direktorun yanına çağırdılar. Ömər Faiq balaca boylu bir adam idi. Üzü çopur idi, baxışları iynə kimi, adama sancılan göy gözləri vardı. Üzdən ona əlli-əlli beş yaş vermək olardı. Deyirdilər ki, onu çox az adam gülümsəyən görüb. Mən əlbəttə həyəcan keçirirdim. Birinci sual: Bunu özünmü yazmısan? Bu sualda nə hədə-qorxu, nə məhəbbət, nə də mərhəmət hiss olunurdu. "Bəli" - deyə cavab verdim. Sizdən çox rica edirəm, Faiq əfəndi, - deyə əavə etdim. Ömər Faiqin sərt və qaraqabaq sifətində gülümsünməyə bənzər bir şey göründü. Sanki onun tikanlı soyuq gözləri isindi. Lakin dediyi sözlər məni sevindirmədi.

- İlin bu vaxtı kim oxumağa gələr, dərslər çoxdan başlanmışdır.

Donub qaldım. Dedim yəqin batdım. Zorla bu sözləri deyə bildim: "Mən geri qayıda bilmərəm". Lakin ilk təəssürat məni aldatmamışdı. Direktorun üzündə xoş bir qərar oxudum.

- Səni texnikuma götürəcəyəm. Barmağı ilə ərizəmi göstərib, "buna görə" əlavə etdi. Onun səsində metal cingiltisi eşidildi: "Bu ərizədəki təmtəraqlı ifadələri, köhnəlmiş təşbehləri, göz yaşı və fəryadı bir kənara atsaq, demək olar ki, sən istedaddan məhrum deyilsən".

Gəncə texnikumuna daxil oldum. Birinci məktubu anama yazdım. Bir həftəlik intizardan sonra cavab aldım. Anam məktəbə qəbul olunduğum üçün sevinirdi. Lakin təhsilimi bitirmək üçün mənim səbrim və inadım çatacaqmı? "Axıra qədər oxu! Bizdən nigaran qalma, birtəhər dolanarıq. Dərsini yarımçıq qoyma!"

Yazıq anam! Məni hamıdan yaxşı tanıyırdı.

İki həftə keçmədi ki, bərk darıxmağa başladım. Ədəbiyyat və coğrafiyadan başqa bütün dərslər məni incidirdi. Evimiz üçün, küçəmiz üçün, dostlarım üçün darıxırdım. Gecələr yorğanı başıma çəkib xısın-xısın ağlayırdım. Məni hər şeydən çox anamın ayrılığı incidirdi.
Rəsul Rza anası Məryəm xanımla

Rəsul Rza anası Məryəm xanımla


"VAY, MƏNİM BAŞIMA KÜL, YENƏ NİYƏ QAYIDIB GƏLDİN?"

Üç-dörd ay belə davam elədi. Bir hadisə mənim məktəbi buraxıb getməyimi tezləşdirdi. Tələbələrin dram dərnəyi bir pyes qoymuşdu. Mən orada "nökər" rolunu oynayırdım. Mənim "ağamın" rolunu hündürboylu, yekəpər, kobud bir oğlan oynayırdı. Hadisələrin cərəyanı zamanı o mənə bir şillə vurub qovmalı idi. O mənim qulağımın dibinə, guya zarafatyana, gücü gəldikcə bir şillə ilişdirdi. Mən o gecədən özümü pis hiss etməyə başladım. Qulağım yaxşı eşitmirdi. Öz aramızdır, mən bu karlığı bir qədər də özümə təlqin etmişdim, ancaq hər halda məktəbdən yaxamı qurtarıb evə getməyə üzrlü səbəb var idi.

Mənə çoxdan bəri tanış olan, xatirələri ilə qəlbimdə sızıltı oyadan göy rəngli küçə qapısını açıb həyətə girdim. Anam təndirin yanında paltar yuyurdu. Məni görəndə yana-yana ağladı. Axı o mənim "kar" olduğumu bilmirdi. Görəsən, nə üçün ağlayırdı? Mənim həm özümə, həm anama, həm də yetim kimi kimsəziz görünən evimizə dərindən yazığım gəldi. Anam "Vay mənim başıma kül, yenə niyə qayıdıb gəldin?" - deyə inlədi. Məktəbi buraxıb gəldiyim doğrudan da ilk dəfə deyildi. Bir dəfə də Bakı müəllimlər seminariyasından on, on iki gün oxuyub qaçdım ki, "anam üçün darxmışam". Sonralar da belə hadisələr olmuşdu. Elə oldu ki, sistematik təhsil ala bilmədim. Bəlkə də mənim müxtəlif zamanlarda təhsil aldığım məktəblərin adını saymağa dəyər: Göyçay ibtidai məktəbi, ikinci dərəcəli məktəb, Bakı müəllimlər seminariyası, Bakı kooperativ kursları, Gəncə sənaye və ziraət texnikumu, Tiflisdə Zaqafqaziya kommunist universiteti, Azərbaycan tibb institutunun hazırlıq kursları, Tibb İnstitutu, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, Moskvada Millətlər İnstitutu, Moskvada Ümumxalq Kino Akademiyası.

Belə təhsil almaq metodu heç bir tanrı bəndəsinə qismət olmasın...


(Şəkillər Rəsul Rzanın xatirəsinə yaradılmış saytdan götürülüb)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG