Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Müasir dünyanın ən nüfuzlu mütəfəkkirləri (Reytinq)


Richard Florida
Richard Florida
-

O hesab edir ki, Avropanın vahid valyutaya keçməsi səhv addım idi və nə qədər ki gec deyil, avro ləğv edilməlidir.


Sürixdəki GDI analitik mərkəzinin və Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri müasir dünyanın ən nüfuzlu mütəfəkkirlərinin reytinqini tərtib ediblər.

Reytinq onların kitab və ideyalarının bloqlarda və sosial şəbəkələrdə müzakirə miqyasına əsaslanır.

Reytinqi tərtib edənlər əvvəlcə subyektiv olaraq fəlsəfə, iqtisadiyyat, ictimai və dəqiq elmlər sahəsində 50 mütəxəssis seçiblər. Onlardan soruşublar ki, dünyagörüşlərinə ən çox hansı mütəfəkkirlər təsir edib.

Bundan sonra kompüter həmin mütəfəkkirlərin əsərlərinin, ideyalarının bloqlarda və sosial şəbəkələrdə nə dərəcədə müzakirə edildiyini "axtarıb".

Analiz "Condor" proqramı vasitəsilə aparılıb (Əvvəllər bu proqram bloqların öyrənilməsi üçün istifadə edilib).

Proqramın iş prinsipi PageRank alqoritmini xatırladır: Mütəfəkkirlərin "çəki"si onların ideyalarının müzakirə edildiyi bloqların "çəki"si ilə müəyyən edilib. Bloqların öz "çəki"ləri də bundan əvvəl eyni metodla müəyyən edilib.

Sonda 47 addan ibarət siyahı alınıb. İlk onluq belədir:

1. Richard Florida, amerikalı urbanist, «The Rise of the Creative Class» kitabının müəllifi.

Florida "kreativ sinif konsepsiyası" ilə tanınır. Konsepsiyaya görə, şəhərlərin, meqapolislərin müasir texnologiya mütəxəssisləri, musiqiçi, rəssam, lesbiyan, gey, "bohem həyat sürən" qruplar yaşayan hissələri ölkənin inkişafının əsas "motorlar"ıdır. Florida onları "kreativ sinif" adlandırır, onların açıq, dinamik, peşəkar şəhər mühiti formalaşdırdığını qeyd edir. Onun konsepsiyasına görə, fokusu stadionlar, gözəl binalar, ticarət mərkəzlərinin inşası və s. layihələrə yönəltməkdənsə, ilk növbədə diqqət yüksək peşəkarlığa malik istedadların şəhərlərə cəlb edilməsi, orada yaşamasının stimullaşdırılmasına yönəlməlidir. O. dünya şəhərlərinin "müxtəliflik indeksi", "gey indeksi", "Bohem indeksi" və s. meyarlar üzrə reytinqlərini də tərtib edib.
Thilo Sarrazin
Thilo Sarrazin

2. Thilo Sarrazin, alman siyasətçisi və yazarı, «Europe Doesn’t Need the Euro» kitabının müəllifi.

O hesab edir ki, Avropanın vahid valyutaya keçməsi səhv addım idi və nə qədər ki gec deyil, avro ləğv edilməlidir.

3. Daniel Kahneman, İsrail-ABŞ psixoloqu, iqtisadiyyat sahəsində Nobel laureatı, «Thinking, Fast and Slow» kitabının müəllifi.
Psixoloji metodikanı iqtisadiyyat elminə tətbiq edib. Qeyri-müəyyən vəziyyətlərdə qərarların qəbul edilməsi prosesini araşdırıb.

4. David Graeber, amerikalı antropoloq, anarxist, «The Democracy Project» kitabının müəllifi. Dünya İqtisadi Forumuna qarşı aksiyaların təşkilində, eləcə də Occupy Wall Street hərəkatında rolu olub. Kapitalizmi, dünya maliyyə sistemini, bankları, Beynəlxalq Valyuta Fondunu tənqid edir, maliyyə böhranını yaradanların ondan sadə insanların hesabına çıxmağa çalışdığını iddia edir.

5. Steven Pinker, psixoloq-koqnitivist, «The Language Instinct» kitabının müəllifi.

6. Douglas Rushkoff, amerikalı media mütəxəssisi, «Present
Shock: When Everything Happens Now» kitabının müəllifi. O, Twitter, email, real-time texnoloji dəyişikliklər əsrində insanların davranışlarını, onların rəqəmsal kimlikləri və "analoq" həyat tərzləri arasında ziddiyyətləri araşdırır.

7. Niall Ferguson, Britaniya tarixçisi, «Civilization: The West and the Rest» kitabının müəllifi. Kitab pulun, kreditin, bankçılığın tarixi haqdadır. Ferguson kitabda tarixdən gətiridiyi nümunələrlə izah etməyə çalışır ki, sərmayə qoyub gəlir götürmək məsələsində insanlar niyə sürü psixologiyası ilə hərəkət edirlər və niyə heç kim səhm bazarının çökməsini dəqiq proqnozlaşdıra bilmir.
David Rolfe Graeber (solda) Nyu-Yorkda miqrantların hüquqları uğrunda aksiyada, may, 2007
David Rolfe Graeber (solda) Nyu-Yorkda miqrantların hüquqları uğrunda aksiyada, may, 2007

8. David Gelernter, rəssam, yazıçı və paralel hesablamalar üzrə mütəxəssis, «America-Lite: How Imperial Academia Dismantled Our Culture (and Ushered in the Obamacrats)» kitabının müəllifi.

9. Frank Schirrmacher, alman jurnalisti, ailə sosiologiyası üzrə mütəxəssis, «Minimum» kitabının müəllifi. O, Almaniya və Avropada doğum faizinin enməsi, gənclərin ailə qurmağa, övlad sahibi olmağa meylinin azalması kimi problemləri araşdırır.

10. Franz Josef Radermacher, alman riyaziyyatçısı və iqtisadçısı, Albert Qorun "Qlobal Marşal Planı"nını həmmüəllifi. Bu sosial-ekoloji plan dünyanın təbii ehtiyatlarının qorunması şərtilə kasıblığın ləğvini nəzərdə tutur.

Reytinqi tərtib edənlər etiraf edirlər ki, bu siyahı sabit bir şey deyil, zaman keçdikcə dəyişikliyə uğrayır, çünki bloqlar və sosial şəbəkələr yeni kitab və ideyalara dərhal reaksiya verir, onları geniş müzakirə edirlər.

Məsələn, kitabı satışa çıxan zaman Thilo Sarrazin reytinqdə 1-ci olsa da, 6 aydan sonra 2-ci pilləyə enib.

Araşdırma müəllifləri qeyd edirlər ki, mütəfəkkirlərin siyahısında ictimai elmləri təmsil edənlər çoxluq təşkil edir. Öndə gedən mütəfəkkirlərin tədqiqatlarının konkret elmi kəşflərə təsiri səviyyəsi çox aşağıdır. Amma araşdırma müəllifləri bildirirlər ki, sözügdən reytinq cədvəlinin məqsədi elə "cəmiyyətdə, xüsusən işgüzar dairələrdə ictimai diskorsu müəyyən edən liderlər"in siyahısını tərtib etmək olub.
XS
SM
MD
LG