Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:16

Tural Abbaslının təcridxanada qolları qandallı saxlandığı deyilir


Tural Abbaslı
Tural Abbaslı
-
«15 sutka azadlıqdan məhrum edilən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Binəqədi təcridxanasında qolları qandallı saxlanır».

Bunu AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev deyib:

«Avqustun 10-da məni onunla görüşə buraxmırdılar. Uzun mübahisədən sonra görüşə bildim. Mənimlə görüşməzdən əvvəl qolları qandalda olub, belə ki, onun qollarında qandalın izi var idi. İki gün qolları arxadan qandallı olub, bir gün də istilik sisteminə bağlanıb. Tural Abbaslı saxlandığı gün onunla çox pis davranıldığını dedi. Ona təmiz yataq, hamam dəsti verilmədiyini, yeməyin çirkli və ümumi qabda verildiyini bildirdi».

Vəkilin dediyinə görə, indiyə qədər ailə üzvləri Tural Abbaslı ilə görüşə bilməyib, evdən aparılan yeməklər geri qaytarılıb:

«Avqustun 10-da onunla görüşə gedən anasına və bir neçə yaxın dostlarına görüş verilməyib. Deyilib ki, bazar ertəsi gəlin».

Oğlunun üzləşdiyi vəziyyətdən narahat olan Başxanım Abbaslı yerli və beynəlxalq qurumlara müraciət edib.

Avqustun 7-də Nəsimi rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib.

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Onun həbs olunmasına səbəb islah işlərindən boyun qaçırması göstərilir.

Bakı Baş Polis İdarəsindən suallarımıza cavab verməkdən imtina etdilər. Bu barədə təcridxanaya və Daxili İşlər Nazirliyinə müraciət etməyi məsləhət gördülər. Adıçəkilən qurumlardan isə münasibət öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG