Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57
-
«17 ildir bu kağızı veriblər mənə. Guya mənim pay torpağımın dövlət aktıdır. Bu günə qədər də o pay torpağının yerini axtarıram. Gəlsinlər mənə torpaq sahəmi göstərsinlər. Prezidentimizə halal olsun, düz deyir, torpaq kəndlinindir. Ancaq heyf ki, kağız üzərində. Necə ki, bu kağızı verib mənə, gəlsin torpağımı da göstərsin».

DÖVLƏT AKTI VAR, TORPAQSA YOXDUR...

Nurəli Muradov Qubanın Küsnətqazma kəndinin sakinlərindəndir. Deyir, 17 ildir ki, yerli islahat komissiyasının ona ayırdığı 8 sot torpağın ərazisini axtara-axtara qalıb. Bu kənddə torpağını axtaran təkcə o, deyil. Demək olar ki, kəndin bütün ailələri öz torpaqlarının yerini öyrənmək üçün uzun illərdir Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinə gedib-gəlirlər.

Ənbala Mədinov:

«Bakıya məktublar göndəririk, cavab yazırlar ki, torpaq aktlarınız verilib, torpaqlarınızın yeri də özünüzə göstərilib. Bir gəlib yerində araşdıran yoxdur ki, mənə torpağımı kim göstərdi, nə vaxt göstərdi? Nazirlər Kabinetinə, prezidentə məktublar yazırıq - ya gedib çatmır, ya da oxuyub cırıb tullayırlar».

Kəndlilər hələ üzünü görmədikləri torpağın bölgüsündən də narazıdırlar. Deyirlər ki, qonşu kəndlərlə müqayisədə Küsnətqazmada kəndliyə ayrılan pay torpağının həcmi çox azdır:

Kənd sakinləri:

«Bölgü düzgün getməyib. O tərəfdə bir kənd var. O kəndlə bu kəndi çay ayırır. Orda ailələr var ki, 1 hektar torpaq sahəsi verilib. Həm də kağız üzərində yox, gerçəkdən. Bizim kənddəki ailələrə isə ən çoxu 8, ən azı 3 sot verilib, o da kağız üstündə. Neynirik bu kağızları, niyə yığıb saxlamışıq? Torpaq ki, yoxdur...».

Kəndlilər dövlət aktlarının bir neçə dəfə dəyişdirilməsindən də narahatdırlar.

Ənbala Mədinov:

Ənbala Mədinov

Ənbala Mədinov

- Hər dəfə çağırıb bir təzə akt verirlər, köhnəsini yığırlar. Hər dəfə də təzə aktlarda torpaq sahələrimizi azaldırlar. Özləri öz aralarında necə istəyirlər, elə də bölgü aparırlar, sonra da sənədi dəyişirlər.

- Aktların dəyişdirilməsi nə ilə əsaslandırılır?

- Bilmirik, özləri öz aralarında dəyişirlər. camaatın xəbəri olmur. Bir də xəbər tuturuq ki, aktımız dəyişdirilib, torpağımız azaldılıb.

«OLMAYAN TORPAĞIN VERGİSİNİ TƏLƏB EDİRLƏR»

Başqa kənd sakini Adil Quliyev:

«1996-cı ildə prezidentin fərmanı ilə torpaq islahatları aparıldı. Ancaq bu islahatlar Küsnətqazmadan uzaq düşdü. 1996-cı ildən islahat aparılsa da, çox ailələrə dövlət aktları nədənsə 2007-ci ildə paylandı. Elə ailələr var ki, 11 üzvü var, ancaq o ailəyə 19 sot torpaq düşüb. Elə ailə də var ki, 4 üzvü var, o ailəyə 27 sot düşüb. Özləri necə məsləhət biliblərsə, bölgünü elə də aparıblar. Bizdən olmayan torpağın vergisini tələb edirlər. O torpağı görməmişiksə, əkib-becərməmişiksə, onun vergisini niyə ödəməliyik?».

Kəndlilər adını eşidib üzünü görmədikləri torpaq sahələrinin onları ünvanlı sosial yardımdan da məhrum etdiyini bildirirlər. Demələrinə görə, hər dəfə yardım üçün sənədlərini təqdim edəndə, özlərinə qaytarırlar ki, sizin pay torpağınız, gəlir yeriniz var, sosial yardım düşmür.
Vüqar Kərimov

Vüqar Kərimov


PAY TORPAQLARI MEŞƏ ZOLAĞINA DÜŞÜR

Kəndin bələdiyyə sədri Vüqar Kərimov deyir ki, özəlləşdirilmiş torpaq sahələri ilə bağlı məsələlərə bələdiyyələr qarışmır. Ancaq bununla belə, bir kənd bələdiyyə sədri kimi, adamların pay torpaqlarından istifadə edə bilməmələri onu narahat edir:

«Bu məsələ ilə yerli islahat komissiyası məşğul olub. Torpaqlar adamlara verilsə də, köçürülmə getməyib. Əlbəttə ki, torpaq kəndliyə verilibsə, o torpaqdan istifadə etməlidir».

Quba rayon Torpaq və Xəritəçəkmə Şöbəsindən bildiriblər ki, Küsnətqazmanın 11 hektar sahəsi var. Pay torpaqları meşə zolağına düşür. Bu torpaqların kəndlilərə necə paylanması mexanizmi hazır deyil deyə, kəndlilər üçün belə bir problem mövcuddur. Ancaq çıxış yolunun nədən ibarət olmasını heç Torpaq və Xəritəçəkmə Şöbəsi də bilmir.

Hüquqşünas Namizəd Səfərov deyir ki, belə hallarda Nazirlər Kabineti kəndlilərə əldə edə bilmədikləri torpaq sahələrinə görə kompensasiya müəyyən etməlidir. Elə kəndlilər də bu fikirdədirlər. Məsələn, Nurəli Muradov düşünür ki, vaxtında onun pay torpağı özünə verilsəydi, bağ əkib təsərrüfatla məşğul olar, ailəsini dolandırardı. İndiyədək itirdiyi gəlirlərinin ona kompensasiya şəklində ödənilməsini istəyir.

Şərhləri göstər

XS
SM
MD
LG