Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:13
-
Məhəmməd İsmayılov III ixtisas qrupu üzrə qəbul imtahanında maksimum - 700 bal toplayıb. İmtahanda şübhəli suallar olsa da, cavablayıb və düz çıxıb. Sınaq imtahanlarında isə ən çox 675 bal toplamışdı.

«Flashmob»un bu həftəki qonaqları 700 bal toplamış Məhəmməd İsmayılov və 563 bal toplamış Türkan Bəşirovadır.

Məhəmməd deyir ki, imtahan vaxtı əsas həyəcan sual kitabçası verilənə qədər olur:

«Sual kitabçası gələndən sonra həyəcan yox olur. Kitabçada birinci Azərbaycan dilindən suallardır. O suallar asandısa, başlayıb həll edirsən, hətta ən çətinləri də. Amma ilk sual çətin olanda həyəcanlanırsan, özünə inam itir, hətta ən asanları da yaza bilmirsən. Bu qəbulda təkcə ingilis dilindən suallar sınaqdakılardan çətin düşmüşdü».

«20-30 BAL ŞANSDIR, QALANINI ÖZÜM TOPLAMIŞAM»

Məhəmməd 258 saylı məktəbi ancaq «5»lərlə bitirib. Deyir, uşaqlıqdan bütün fənləri yaxşı oxuyub, riyaziyyat istisna olmaqla hazırlıqlara da 10-cu sinifdən getməyə başlayıb. Universitet və ixtisasını seçsə də, hələ ki təsdiqləməyib:

«Əvvəlcədən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini istəyirdim, çünki ora həm az adam qəbul olur, həm də balı Bakı Dövlət Universitetinkindən çoxdur. 700 bal toplamaq barədə fikirləşirdim, amma istəmirdim 700 bal toplayım, 680 bal kifayət idi. Etiraf edim ki, 700 bal yığanlara anormal baxırdım, elə bilirdim onlar bizdən fərqlidirlər. Ola bilərdi ki, suallar başqa olsun və mən az bal yığım. 125 sualı bilirdim, bu o demək deyil ki, mən bütün proqramı bilirdim. Şansın da rolu var, çox oxumağın da. 20-30 bal şansdır, qalanını özüm toplamışam».

Türkan Bəşirova

Türkan Bəşirova

261 saylı məktəb-liseyi qurtaran Türkan deyir ki, yaxşı bal yığmağına səbəb müntəzəm oxumağı və qəbulda sualların asan düşməsi olub:

«Qəbul günü sinfə gec girdim, sıxıldım, qorxdum ki, heç nə yaza bilmərəm. Sonra sualları gördüm, başladım yazmağa. Sınaqdan asan düşmüşdü. Texniki fənlərdən zəif olmuşam deyə, 10-cu sinifdən riyaziyyata hazırlaşırdım, sonradan 11-ci sinifdən başladım hamısına hazırlaşmağa. Hazırlıq dönəmində ən çətin olan yolları gedib gəlmək, yorğunluq idi. Hazırlıqlar, üstəlik məktəb, yorulurdum. Evə gələndə də hazırlığın dərslərini oxuyurdun axşamlar».

«VALİDEYN UŞAĞIN ÜSTÜNƏ DÜŞMƏMƏLİDİR»

Türkan düşünür ki, universitetə girmək vacib deyil, əsas olan kimin hansı istedadı varsa, o üzrə çalışmasıdır:

«Hazırlıqlarda elə uşaqlar vardı ki, deyirdilər məndən olsa, texnikuma gedərəm. Amma valideyni deyirdi universitetə getsin. Valideynlər baxır ki, filankəsin uşağı oxuyub, deyir mənim də uşağım oxusun. Valideyn uşaqların üstünə düşməməlidir».

Tərcüməçilik və jurnalistikaya marağı olan Türkanın fikrincə, abituriyentlər yaxşı bal yığmaq üçün yaxşı oxumaqla yanaşı, istirahət də etməlidirlər ki, beyinləri dincəlsin.

Məhəmməd də müntəzəm oxumağı, istirahəti məsləhət görür və vurğulayır ki, ən əsası abituriyentlərdə özünəinam olmalıdır.

Verilişi tam olaraq burdan dinlə:

Şərhləri göstər

XS
SM
MD
LG