Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48
-

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən salmaq üçün daha qətiyyətli addımlar atır. Bunun üçün “səxavət kisəsi”nin ağzını daha da gen açır.

QAPALI GÖRÜŞ

Ötən həftə Səudiyyə Ərəbistanının təhlükəsizlik idarəsinin rəhbəri, şahzadə Bandar bin Sultan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü.

Görüşün detalları açıqlanmır, amma Suriya müxalifətinin Səudiyyə Ərəbistanına yaxın mənbələri xəbər verir ki, şahzadə Rusiyaya 15 milyard dollar təklif edib: “Biz Rusiyadan 15 milyard dollarlıq silah alırıq, Rusiya da Əsədə dəstəyi azaldıb BMT Təhlükəsizlik Şurasında Əsədə qarşı qətnamələrə veto qoymur”.

Bundan başqa, məlumatlara görə, şahzadə Putinə söz verib ki, əgər razılıq əldə edilsə, Ərəbistan yarımadasının heç bir dövləti Avropaya qaz satmayacaq, yəni Avropanın qazla təminatında Rusiyanın dominant rolu qorunub saxlanacaq.

Amma Moskvanın bu təkliflərə razılıq verməsinə dəlalət edən hər hansı əlamət müşahidə edilmir. Ötən cümə Kreml hətta açıqlama yayaraq şahzadə ilə Rusiya prezidentinin görüşü haqda mətbuatda yayılanların səhih olmadığını bildirib.
ABŞ prezidenti Obama Səudiyyə kralı Abdullah bin Abdulaziz ilə görüşür, Washington, 29 iyun 2010

ABŞ prezidenti Obama Səudiyyə kralı Abdullah bin Abdulaziz ilə görüşür, Washington, 29 iyun 2010


Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, “Putin hər hansı razılaşma müzakirə etməyib”, “görüşdə hərbi əməkdaşlığın inkişafı ilə bağlı spesifik məsələ müzakirə edilməyib”, “görüş yalnız fəlsəfi səciyyə daşıyıb”.

SƏUDİYYƏNİN QORXUSU

Berlindəki Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri İnstitutundan Volker Perthes isə deyir ki, bu ilin iyunundan etibarən Səudiyyə Ərəbistanı Suriya müxalifətinin maliyyələşdirilməsi məsələsində öncül mövqeyə sahiblənib:

“Müxalifətin rəhbərinin kim olmasını da müəyyən mənada artıq Səudiyyə müəyyən edir. Müxalifətə ayrılan pulun məbləği artırılır, həmçinin onlara daha çox silah ötürülür. Səudiyyə həmçinin getdikcə diplomatiya sahəsində Qərbdə də, Rusiyada da səyləririni artırır”.

Perthes deyir ki, Səudiyyə Ərəbistanını hərəkətə gətirən qorxudur:

O ehtiyat edir ki, Suriya böhranı İranın qələbəsi ilə bitəcək. Əsəd üsyançıları məğlub edəcək. Beləliklə İran Yaxın Şərqdə və Livanda dominant mövqeyə yiyələnəcək. İraqdan Suriya və Livana qədər “şiə körpüsü” qurulmuş olacaq. Livanda da Hezbollah sünni siyasətçiləri məğlub edəcək. O siyasətçilər ki, Səudiyyə onları onilliklərdi müdafiə edir.

Bundan başqa Səudiyyə ümumilikdə regiondakı qeyri-stabil vəziyyətdən narahatdır. Xüsusən də İordaniyadakı vəziyyətdən.

Ərəb inqilabları və Suriya hadisələri İordaniyanın daxilində Kral 2-ci Abdullaya qarşı olan qüvvələri də ayağa qaldırıb.
Suriyalı üsyançılar Hələbdə döyüşür, 1 aprel 2013

Suriyalı üsyançılar Hələbdə döyüşür, 1 aprel 2013


Səudiyyə ehtiyat edir ki, İordaniyada monarxiyanın yıxılması regiondakı başqa ölkələrin monarxiya quruluşlarına, o cümlədən Səudiyyənin özünə də pis təsir edər.

Səudiyyə Ərəbistanı Bəhreyndəki monarxiyanı qorumaq üçün oraya qoşunları da məhz bu qorxuya görə yetirmişdi.

HƏM KÖKƏ, HƏM DƏYƏNƏK

Bundan başqa Səudiyyə Ərəbistanı Suriyada məhz onun dəstəklədiyi üsyançı qüvvələrin hakimiyyətə gəlməsini istəyir. Əl-Qaidə ilə bağlı üsyançıların yox.

Əl-Qaidə Səudiyyə monarx ailəsinə də müxalifdir və Suriyada qalib gəlsə, Səudiyyə daxilində də mövqelərini gücləndirə bilər.

Londonda yerləşən “Chatham House”un eksperti Jane Kinninmont deyir ki, Səudiyyə Ərəbistanı Rusiya ilə “həm kökə, həm dəyənək” dilində danışmağa başlayıb.

Bir tərəfdən Rusiya biznesmenlərindən ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri ləğv edilir, çünki heç kim onlarla görüşmək istəmir, Səudiyyə Ərəbistanının nüfuzlu ruhaniləri anti-Rusiya bəyanatları verirlər. Digər tərəfdən isə Ər-Riyad Kremlə "yağlı təkliflər" verir.

Suriyadakı üsyan təxminən iki ildir davam edir. BMT-nin son rəqəmlərinə görə, indiyəcək münaqişədə 100 mindən çox adam ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG