Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:36

Qatilə çevrilməyin ən qısa yolu


Videodan görüntü
Videodan görüntü
-
Sosial şəbəkələrdə yayılan və belə getsə, baxış rekordları qıracaq bir video Azərbaycan cəmiyyətini acı bir sualla üzləşdirib: Zavallı canlını – iti belə qəddarlıqla döyüb-öldürən, həm də gülə-gülə döyüb-öldürən yeniyetmə və onun bu səhnəni «yaradıcı həzz»lə «əbədiləşdirən» təxmini yaşıdı həmin görüntüləri niyə yayırlar? Kimdən, ya nədənsə güclü və üstün olduqlarını təsdiqləmək üçünmü? Gücə, zorakılığa tapınmağı gələcəkdə çıxış yolu sayacaqlarına görəmi?

O videoya baxdıqca başqa bənzər suallar da ortaya çıxır. Özü də nə vaxt? Yanımcıllığa, mərhəmətə, acizlərə yardıma və bütövlükdə insanlığa səsləyən önəmli bir bayramda – Ramazan günlərində. Dördayaqlı canlılarla belə vəhşicəsinə davranan və heç bir qınaqdan çəkinməyib görüntüləyən 2 yeniyetmə sabah ikiayaqlı canlılara da qıymazmı?

İMZATOPLAMA KAMPANİYASI BAŞLANIB

Bu görüntülərdən sarsılan Bakı sakini Afaq Qurbanova deyir ki, son vaxtlar köməksiz heyvanlara qarşı amansız rəftar artıb, amma buna «dur» deyən tapılmır. Elə o üzdən Afaq və onun kimi heyvansevərlər imzatoplama kampaniyasına başlayıblar:

«Belə olmaz, axı. O gün balaca bir iti bazarda doğrayıblar, indi də iti döyə-döyə öldürürlər. Bundan əvvəl pişiyi asıblar, qarnına o ki var taxta dürtüblər. Valideynlər uşaqlara vaxtında tərbiyə verməli, başa salmalıdırlar ki, belə olmaz. Sabah, ya birisigün belə uşaqlar cinayətkara çevriləcəklər. Çox qorxulu vəziyyət yaranıb. Bunu belə qoymayacağıq. Kim eləyibsə, cavabını verməlidir».

İNSANLARA MƏRHƏMƏT ÖYRƏDİLMƏLİDİR

Canlı Aləmin Mühafizəsi Alyansı Azərbaycanda heyvan hüquqlarını qoruyur. Alyansın rəhbəri Mənsurə Rəsulzadə bənzər olayların niyə törəndiyini deyir:
Mənsurə Rəsulzadə
Mənsurə Rəsulzadə

«Bu uşağa mərhəmət öyrədilməyib. Bu qəddarlığın adı yoxdur. Cəmiyyətdə də mərhəmət, heyvanlara qayğı aşılanmır, maarifləndirmə mövzuları yoxa çıxıb. Bu, təhsil sistemimizin də aşağı səviyyəsini göstərir. Böyüməkdə olan biri törədir bu hadisəni. O da kimə və nəyə baxır öyrənir? İcra hakimiyyəti qrupları da bunu edir. Özü də hər gün. Cəmiyyətin qarşısında bunu nümayiş etdirirlər. İnsanlar nəyi görüb öyrənməlidir? Bunu görürlər də».

Mənsurə Rəsulzadənin rəhbərlik etdiyi təşkilat «Heyvanlarla qəddar rəftara qarşı mübarizə»yə dair yeni qanun layihəsi hazırlayıb. Layihə baxılmaq üçün parlamentə təqdim edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov deyir ki, heyvanlarla pis davrananlara qarşı cərimələr artırılıb:

«Cərimələr yetərli sayılmırsa, məbləğin daha bir neçə dəfə artırılması məsələsinə baxıla bilər».

QANUN NƏ DEYİR?

Azərbaycan qanunvericiliyinə görə, heyvanlarla rəhmsiz davranış inzibati məsuliyyətə yol açır.
Müzəffər Baxışov
Müzəffər Baxışov
İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə görə, heyvanlarla rəhmsiz davranıb şikəst edənlər, ya da öldürənlər 500 manat cərimə edilə bilər. Həmin məcəllənin 16-cı maddəsi inzibati məsuliyyətə cəlb ediləcək şəxsin azı 16 yaşı olmasını nəzərdə tutur.

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov qanunun ardıcıl tətbiqini zəruri sayır:

«Əsas odur ki, bu şəxslərə qarşı həmin İnzibati Xətalar Məcəlləsinin müddəalarını tətbiq etmək lazımdır. Tətbiq olunmursa, belə şəxslər sonradan bu qəbildən digər xətaları törətməyə meylli olur. Heyvanlarla rəhmsiz rəftar edəndə vərdiş də yaranır. Sonradan insanlarla da belə rəhmsiz rəftar edilə bilər. Bütün bunlar son nəticədə onların inzibati xəta yox, daha ağır cinayət törətməsinə gətirib çıxarır».

Heyvansevərlər problemin çözümü üçün Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə də üz tutublar.

... Sizcə, bu, problemin gerçək həllinə yetərli olacaqmı?
XS
SM
MD
LG