Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53
-
«Azərbaycanın milli ideyası ilk öncə müstəqillikdir». – Azərbaycan prezidenti İlham Əliyev belə deyir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun «MGIMO Journal» nəşrinə müsahibəsində həmin sözləri dilə gətirib. Müsahibə apreldə – sözügedən institut məzunlarının Bakıda keçirilən forumundan sonra alınıb:

CƏMİ 21 İL

«Bu, ilk növbədə, müstəqillikdir. Ötən əsrin 90-cı illərinin əvvəllərini müxtəlif cür qəbul etmək olar. Lakin bu, hər şeydən əvvəl, müstəqillik əldə etmək şansı qazanmaq və müstəqil Azərbaycan dövlətini qurmaq məqamı idi. XX əsrin əvvəlində də bizim belə təcrübəmiz olmuşdu, lakin qısamüddətli, cəmi 2 il. Azərbaycanın müstəqillik ideyasının inkişafı və azərbaycanlıların identifikasiyası ölkənin uğurlu inkişafına əsaslanır...».

Milli ideya «milli quruculuq» (nation-building) adlandırılan proseslərdə həlledici amil sayılır. Milli quruculuq deyərkən, hər yeni nəsillə çiyin-çiyinə milləti yaratmaq, onu formalaşdırmaq prosesi nəzərdə tutulur.

ABŞ-da milli ideya «Amerika arzusu»dur («American dream»), yəni istənilən şəxs öz əməyi ilə istənilən hədəfə yetişə bilər. Norveçin milli ideyası insan hüquqlarıdır. SSRİ dağılandan sonra keçmiş imperiyanın qurucu mərkəzində – Rusiyada da vaxtaşırı «Ölkəyə milli ideya lazımdırmı?», «Milli ideya necə formalaşdırılır?» və s. bənzər suallar müzakirəyə çıxarılır və dartışılır.
Ramiz Mehdiyev

Ramiz Mehdiyev


«AZƏRBAYCAN MİLLİ KİMLİYİN TƏCƏSSÜMÜ KİMİ»

Azərbaycanda milli kimlik ideyası XIX əsrin ortalarından gündəmə gəlməyə başlayıb. Təbii ki, Avropanın millətçi hərəkatları Azərbaycana təsir göstərib. Filosof və dramaturq Mirzə Fətəli Axundzadənin dini kimlikdən ayrı götürdüyü milli kimlik ideyasını daha sonra maarifçilər inkişaf etdiriblər. Azərbaycan Xalq Cümhuriyyəti də «Azərbaycan» sözünün dünya siyasi-hüquq sisteminə daxil olmasında xüsusi rol oynayıb.

Hələ bir neçə il əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev «Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi» adlı məqaləsində yazırdı:

«XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapıb... Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur».

AİLƏ

Politoloq Hikmət Hacızadə milli ideyada müstəqillik amilinin olması ilə razılaşır. Ancaq indiki vəziyyətdə bir azərbaycanlı üçün əsas milli ideyanın ailə olduğunu vurğulayır: Hikmət Hacızadə

Hikmət Hacızadə


«İndi bir azərbaycanlı üçün milli ideya ailəsidir. Nəyin bahasına olursa-olsun, gərək ailəsini dolandırsın. Hələ o səviyyədən yuxarı qalxmamışıq. Cürbəcür adamlar, qruplar var ki, onların milli ideyası demokratiya, bərabərlik, azadlıq, düzgünlükdür. Ancaq bu, hələ ki, ümummilli şəkil almayıb».

Siyasi şərhçi Toğrul Cuvarlının fikrincə, gənc millət üçün müstəqillik milli ideya ola bilər. Ancaq Azərbaycan son 20 ildə əngəllərlə üzləşsə də, müstəqilliyi qazanıb. Milli ideya cəmiyyətə yeni təkan verməli, cəmiyyəti toparlamalıdır. Məsələn, Rusiyada vaxtaşırı bu məsələ üzə çıxanda, dini məqamlar, ölkənin parçalanmasını önləmək, onu abad bir ölkəyə çevirmək ideyaları dartışılır.

«HƏLƏ FORMALAŞMADAYIQ»

Şərhçinin fikrincə, Azərbaycan hələ milli ideya axtarışındadır, siyasi burulğanlar ucbatından bu anlayış da mücərrəd səslənir və gündəmdən çıxmış kimi görünür:

«Milli ideyanın mənası formalaşmış millətə yeni təkan verməkdir. Bu mənada, məncə, biz hələ formalaşmaqdayıq. Bəlkə də paralel getməlidir bu axtarışlar. Bəlkə də biz əvvəlcə, müəyyən dərəcədə formalaşmalıyıq, ondan sonra milli ideyanı axtarmalıyıq. Ancaq bu iki şey paralel də gedə bilər. Yəni formalaşmaq da olar, yolüstü milli ideyanı axtarmaq da. Bu, bir az çətin yoldur».

Toğrul Cuvarlı

Toğrul Cuvarlı

MÖVCUD REALLIQ

Toğrul Cuvarlı Azərbaycanda durumun çox təzadlı olduğunu söyləyir. Onun fikrincə, M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Sabir, M.C.Məmmədquluzadə, əslində, bu yöndə çalışıblar. Cümhuriyyət qurulanda, elə bu fəaliyyət öz bəhrəsini verib. Di gəl, islam mövzusunun yenidən gündəmə gəlməsi milli ideya məsələsinə başqa yanaşmanı gərəkdirir:

«Mən çətinlik çəkirəm bunu ifadə etməyə. Ancaq anlayıram ki, bir yandan o ənənələr çox dəyərliydi, biz gərək qismən də olsa, onlara yenidən qayıdaq. Digər tərəfdən gərək mövcud reallığı nəzərə alaq. Yəni belə suallara cavab axtaraq ki, bu burulğanlarda özümüzü necə aparmalıyıq? İslamla dünyəviliyin real nisbəti necə olmalıdır? Axı qonşu Türkiyədə hələ də ortaq məxrəci tapa bilmirlər».

Şərhçi Türkiyədə laiklik, yəni dünyəviliklə din arasında uyumlu nisbət axtarışına diqqət çəkir və tapılacağı halda, bunu da milli ideya sayır. O, ən yumşaq – Anadolu türklərinin «ılımlı» dediyi islamın Türkiyədə olmasına diqqət çəkərək, bu ölkənin həmin məsələni siyasi baxımdan gerçəkləşdirdiyini bildirir. Digər qonşu ölkələrə gəlincə, Toğrul Cuvarlı Rusiyada Avrasiya İttifaqı ideyasının ortaya atılmasını da milli ideya axtarışının bir forması sayır. Yaxud ölkə tarixinin sıfırdan başlandığını söyləyən Nazarbayev Qazaxıstanda milli ideya axtarışlarını asanlaşdırır. Ermənilər «Böyük Ermənistan» ideyasının ardınca gedir, ancaq Gürcüstan daha çətin durumla üzləşir:

«Tiflis 200 il Qafqazın paytaxtı olub. Gürcülər də özlərini bir az avropalı sayırlar. Bəlkə də gürcülər üçün Avropaya yaxınlaşma, Avropa dəyərləri milli ideyadır».

Şərhləri göstər

XS
SM
MD
LG