Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09
-

Babək rayonunun bəzi sakinləri onlara dəyən maddi ziyana görə, Naxçıvan «Aqrolizinq» ASC-ni məhkəməyə verəcəklərini bildirirlər. Şikayətçilərin sözlərinə görə, ziyana düşmələrinə səbəb dəfələrlə müraciət etmələrinə baxmayaraq, «Aqrolizinq»in onların taxıl sahələrini vaxtında biçməməsidir. Sakinlər vaxtında biçilmədiyinə görə xeyli taxılın zay olduğunu deyirlər.

Şikayətçilərdən Qadir Quliyev Sirab kəndində yaşayır. Özünün bildirdiyinə görə, ailəsinin ilboyu dolanışığını təmin etmək üçün 3 hektara yaxın pay torpağında arpa əkib. O xeyli xərc çəkib, məhsulu ərsəyə gətirsə də, vaxtında biçdirə bilmədiyindən 2 min manata yaxın ziyana düşüb:

«MƏMURLARIN QOHUMLARINI QABAĞA SALDILAR»

«İyun ayının 7-dən «Aqrolizinq» ASC-nin iki kombaynı girib kəndimizə. Kombaynlar birinci olaraq ümumi istifadə torpaqlarını biçməyə başladı. Həmin torpaqlar da məmurlar, qoluzorlular tərəfindən bölüşdürülüb. Yalnız bundan sonra pay torpaqlarına keçdilər. Orda da yenə məmurların qohumlarını qabağa saldılar. Mənim arpa sahəm qaldı, biçmədilər. Bir çeçə dövlət qurumuna şikayət elədim, dedilər, biz «Aqrolizinq»ə söz deyə bilmərik. Mən yerimi iyulun 27-də biçdirə bildim. Onda da artıq gec idi. 7-8 ton məhsuldarlıq gözlədiyim halda cəmi 3 ton məhsul götürdüm. Hamısı da gec biçildiyinə görə. Arpa iyunun axırına kimi biçilməlidir, mənim yerim bir ay sonra biçildi».

Arxiv foto

Arxiv foto

Qadir Quliyev deyir ki, biçin pulunu ödəməsi ilə bağlı qəbzi tələb etsə də ala bilməyib. O deyir ki, üzərində tarix olan qəbzi tələb etməkdə məqsədi biçinin bir ay gecikdiyini məhkəməyə sübut etmək idi:

«QƏBZ VERMƏKDƏN İMTİNA EDİRLƏR»

«İndi biçdirdiyim yerin pulunu vermək istəyirəm, almırlar. Çünki pulun qəbzini istəyirəm. Qəbz verməkdən imtina edirlər. Özlərinə demişəm ki, məhkəməyə verəcəyəm. «Aqrolizinq»in sahə rəisi mənə möhürü olmayan bir saxta arayış vermək istəyir, mən də razılaşmıram. Qəbzi alıb, onları məhkəməyə vermək istəyirəm. İstəyirəm qəbzdə göstərilsin ki, sahəm nə vaxt biçilib. Mən də heç olmasa bunu sənəd kimi əlimdə tutum, məhkəməyə müraciət edim. Bundan başqa sənəd yoxdur əlimdə. Pay torpaqları birinci biçilməli idi. Burada icra nümayəndəsinin də günahı var. Başıpozuqluğu o salır. Deyəndə də deyir ki, mənim gücüm çatmır. Özünün də 25-30 hektar yeri var. Yararlanır deyə, camaatı müdafiə etmir».

Babək rayon Sirab kənd icra nümayəndəsi Qasım Qasımov isə ittihamları qəbul etmir. İcra nümayəndəsinin bildirməsinə görə, taxıl biçini vaxtında başa çatıb:

«HAMISI YALANDIR»

«Hamısı yalandır. Bildim kimi deyirsiniz. Bizdə Qadir adlı «demaqoq» var, kombayn qırılmışdı, onun yeri bir az gec biçildi. Başladı ora-bura yazmağa. Onu bütün respublika tanıyır. Heç kimə fərq qoyulmadı. Mənim yerim hamıdan axırda biçildi. Sıra ilə biçilirdi. Onun yeri ən axırda idi deyə gecikdi».

Aqrolizinq ASC

Aqrolizinq ASC

«Naxçıvan «Aqrolizinq» ASC-nin rəhbəri Vasif Məmmədov da muxtar respublikada taxıl biçininin yüksək səviyyədə keçdiyini deyir:

«ONLARIN AĞZINI BALLA DOLDURSAN DA, BİR SƏHV TAPACAQLAR»

«Ali Məclisin sədri göstəriş vermişdi ki, biçini yüksək səviyyədə həyata keçirək. Sirab kəndində iyunun ortalarından biçin başlayıb. Əlimdə olsa Qadir Quliyevin yerini biçməzdim. Onlar elementar bir şeyi şişirdən adamlardılar, araqarışdırandırlar. Onların ağzını balla doldursan da, bir səhv tapacaqlar. Biz Muxtar Respublikada biçini yüksək səviyyədə aparmışıq. Biz heç kimə fərq qoymamışıq. Məmurların yerləri biçilməməlidir? Elə məmurlar var ki, onların yeri lap axırda biçilib. Şəxsən mənim yerim də sonda biçildi. Mən belə insanam. Qadir Quliyev bizdən qəbz istədi, dedik ki, gedib pulu banka keçir. Buna görə onun yerinin biçilməsi gecikdi biraz».

Müzəffər Baxışov

Müzəffər Baxışov

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, qanunla görülən işin müqabilində ödənilən pula görə qəbz təqdim edilməlidir:

ƏVVƏLCƏDƏN MÜQAVİLƏ İMZALANMALIDIR»

«Biçin aparılıbsa, hər bir halda qəbz verilməlidir. Əslində əvvəlcədən müqavilə imzalanmalıdır. Müqavilənin şərtlərinə görə, sahibkar pul köçürməli, bunun müqabilində qəbz verilməlidir. Əgər pul köçürülübsə, hər bir halda mədaxil qəbzi verilməlidir. Bunun üçün xüsusi qəbz forması təsdiq edilir. Əgər qəbz verilmirsə, deməli «Aqrolizinq» öz gəlirlərini gizlədir. O pulları öz hesabına mədaxil eləmir, kənarda o pulları qəbul edir. Bu yolla vergilərdən yayınır, dövlətə ziyan vururlar. Qəbz ala bilməyənlər məhkəməyə müraciət etməlidirlər. Qəbz onlar arasındakı münasibətləri təsdiqləyə bilər».

Şərhləri göstər

XS
SM
MD
LG