Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:41

İlham Əliyev: «Mənə verilən məlumata görə...»


İlham Əliyev
İlham Əliyev
-
İlham Əliyev 3-cü prezidentlik üçün sənədlərini MSK-ya təqdim edəndən sonra Kürdəmir rayonuna səfərə çıxıb. O, Heydər Əliyev Mərkəzi də daxil olmaqla rayonda bir neçə obyektin açılışına qatılıb. Dövlət başçısı kürdəmirlilərə çoxdan gözlənilən bir xoş xəbəri də çatdırıb – Külüllü mənbəyindən rayona içməli su verilməsi xəbərini. O, iri su kranını açaraq indən belə Kürdəmirin içməli suyla təmin olacağını və Ağsu ərazisindəki Külüllü mənbəyindən buraya saniyədə 120 litr təmiz və keyfiyyətli su axıdılacağını bildirib:

«Kürdəmirə içməli suyun verilməsi artıq reallıqdır. Mənə verilən məlumata görə, artıq evlərə su verilir. Getdikcə bu layihə böyüyəcək».

«AÇILIŞ MƏRASİMİ VAR, AMMA SU YOXDUR»

Kürdəmir sakini Lətafət Məlikova deyir ki, açılış olsa da, əvvəllər su verilməyən ərazilər yenə susuzdur:

«Mənim üçün çox maraqlı idi ki, nəyin açılışını ediblər? Əsas şəhərin mərkəzi idi, hələ də su verilməyib. Görüntülər ancaq görüntü idi. Hələ də nə sayğac qoyulub, nə də su çəkilib. Heydər Əliyev parkını açdılar. Bir parkın neçə dəfə açılışı olar? Vaxtilə komsomol işçisi olarkən, iki dəfə o parkın açılışında iştirak etmişəm. Bir dəfə Leninin adını verib açılış etdilər, sonra kürdəmirli Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin adını verdilər. İndi də həmin parka Heydər Əliyevin heykəlini qoyub açılış edirlər. Ondansa bu rayonun nə qədər problemi var, onunla maraqlansınlar. Düz geniş küçəyə prospekt deyirlər. Heydər Əliyevin adını qoymağa küçə tapmayıblar deyə, məhəllə-məhəllə üç küçəni birləşdirib Heydər Əliyev prospekti adını qoyublar».

Prezident deyib ki, rayona içməli suyun verilməsi layihəsi bütün Kürdəmiri əhatə edəcək. Rayonun Şüşün kəndinin sakini Saleh Mikayılov bu vədə əməl olunmasını istəyir:

«Neçə illərdir, suyu pulla alırıq. Hər ay içməli suya 8 manat pul veririk. Dünən də belə olub, indi də belədir».

İCRA HAKİMİYYƏTİ: «YENİ SU XƏTTİ 6 MİN ABONENTİ ƏHATƏ EDƏCƏK»

Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Arzu Şahbazov deyir ki, yeni su xətti rayon mərkəzini tam əhatə edir:

İlham Əliyev Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak zamanı (Foto: President.az)
İlham Əliyev Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak zamanı (Foto: President.az)
«Bütün şəhər əhalisini əhatə edəcək. Hazırda xətlər çəkilib, sayğaclar quraşdırılıb, su verilir. Xətlər küçələrin hamısına çəkilib. İndi vətəndaşlar evlərinə su xətti çəkir. Küçəyə, qapıyadək dövlət hesabınadır. Qapıdan içəri xərci vətəndaşın özü çəkir. Sayğacları da dövlət quraşdırır. 1500 nəfərədək adam üçün su çəkilib, indi də davam edir. Haradasa 6 minə yaxın abonent olacaq. Su xətti daha sonra kəndləri də əhatə edəcək».

«PREZİDENTLƏ GÖRÜŞMƏK İSTƏSƏN...»

Rayon sakinləri deyir ki, İlham Əliyev Kürdəmirə gələndə camaatı küçəyə çıxmağa qoymayıblar. Yol kənarındakı mağazalar da bağlı olub. Rayon sakini Allahqulu İmamverdiyev deyir ki, o bu yaxınlarda işdən çıxarılıb. Bununla bağlı İlham Əliyevə dəfələrlə məktub yazıb və indi prezidentin özü ilə də görüşmək istəyib:

«Ancaq İlham Əliyevlə görüşmək heç cür mümkün deyil. Görüşmək istəsən, gərək özünü də, ailəni də risk altında qoyasan. Burda çox adam var ki, prezidentlə görüşmək, dərdlərindən, problemlərindən danışmaq istərdi. Prezident gələndə yazıb məmurlardan birinin əlinə verirlər, o da deyir ki, sağ olsun prezident, belə yol çəkdi, belə su çəkdi... Orada nə sıravi bir adam ola bilər, nə də olsa, ona söz verərlər».

İcra başçısının müavini Arzu Şahbazov rayon sakinlərinin prezidentlə görüşünə imkan verilməməsi fikriylə razı deyil:

«Hamıya imkan verilir. Görüşmək istəyənlərin hamısına şərait yaradılıb. Sadəcə, qayda var, qanun var. Prezident gələndən sonra kimsə ora gəlmək istəyirsə, bu ola bilər?»

PREZİDENT: «BİZ İNDİ MÜXTƏLİF YERLƏRDƏ...»

Kürdəmirdəki çıxışında İlham Əliyev onu da deyib ki, sosial problemlərə ayrıca diqqət yetirilməlidir:

«Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir – tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi – yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır».
XS
SM
MD
LG