Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:42
-

“Mən təkliyi xoşlayanam. Qrupları, məktəbləri, ədəbi çevrələri sevmirəm”.


Yazıçı olasan, dostların arasında qələm əhlindən kimsə olmasın… bax bu, xüsusən də Azərbaycanda çox qəribə səslənir. O yerdə ki, az qala bütün yazıçılar qələm dostlarının əhatəsində yaşayır, onlarla nəfəs alır, yeyib-içirlər…

Çağdaş yapon ədəbiyyatının ən parlaq imzalarından olan Haruki Murakami isə tamam fərqli həyat yaşayır. Onun 2004-cü ildə “Paris review” jurnalına verdiyi müsahibədən (tərcümə Musa Əffəndinindir):


JURNALİST

İlk kitabınızın çapından sonra mükafat da qazandınız və bu, az-çox sizin həyat yolunuzu müəyyən etmiş oldu. Yəqin bundan sonra siz başqa yazıçılarla da görüşməyə başladınız?

MURAKAMİ

Yox, qətiyyən.

JURNALİST

Sizin öz müasiriniz olan yazıçı dostunuz yoxdur?

MURAKAMİ

Yox.

JURNALİST

Bu keçən müddət ərzində sizə dost və ya həmkar olan birisi ilə qarşılaşmadınız?

MURAKAMİ

Yox.

JURNALİST

Günü bu gün, sizin heç bir yazıçı dostunuz yoxdur?

MURAKAMİ

Xeyr, yoxdur.

JURNALİST

Yazdığınız əsəri göstərdiyiniz kimsə yoxdurmu?

MURAKAMİ

Heç vaxt olmayıb.

JURNALİST

Bəs həyat yoldaşınız?

MURAKAMİ

Deməli, mən ilk romanımın əlyazmasını ona göstərmişdim, amma o iddia edir ki, həmin əsəri heç vaxt oxumayıb. Düşünürəm ki, əsər, sadəcə, onda heç bir təəssürat yaratmayıb.

JURNALİST

Təsirlənməyib…

MURAKAMİ

Heç. Amma o, əsərin ilk qaralaması idi və çox dəhşətli vəziyyətdə idi. Mən onun üstündə təkrar-təkrar işlədim.

JURNALİST

Bəs indi, siz kitab üzərində işləyəndə o, heç sizin yazdığınız əsər barədə nəsə öyrənməyə can atmır?

MURAKAMİ

O, mənim ilk oxucumdur, mən həmişə yazdıqlarımı ona etibar edirəm. O, bir növ mənim şərikimdir. Skott Fitsceraldın da ilk oxucusu Zelda idi.

JURNALİST

Deməli, siz öz karyeranızın heç bir mərhələsində özünüzü yazıçılar cəmiyyətinin bir hissəsi kimi hiss etməmisiniz?

MURAKAMİ

Mən təkliyi xoşlayanam. Qrupları, məktəbləri, ədəbi çevrələri sevmirəm. Prinstonda bir restoran var idi, oraya yeməyə dəvət olunmuşdum. Coys Kərol Outs da orada idi, Toni Morrison da. Mən bundan qorxdum, orada heç nə yeyə bilmədim. Meri Morris də orada idi – o çox yaxşı insandır, təxminən elə mən yaşda olar və deyərdim ki, biz dostlaşdıq da. Amma Yaponiyada mənim heç bir yazıçı dostum yoxdur, çünki mən arada məsafə olmasını istəyirəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG