Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06
-

İyulun sonlarında Maldiv adalarında vəfat etmiş bir azərbaycanlı diplomatın ölümü sosial şəbəkə istifadəçiləri və yerli medianın diqqətini çəkdi. Söhbət Azərbaycanın Almaniyadakı səfirliyində çalışan 2-ci katib Tural Qurbanovdan gedir.

SUİ-QƏSD PLANI?

İyulun 25-də baş vermiş bu hadisə barədə xəbər yayılandan sonra, Almaniyada yaşayan bloqqer Emin Milli facebook səhifəsində yazdı ki, Qurbanov əslində MTN işçisi olub. Rəsmi olaraq diplomat kimi Azərbaycanın Almaniyadaki səfirliyinə Həbib Müntəzirin öldürülməsini təşkil etmək missiyası ilə gəlib:

«Onun vəzifəsi bu əməliyyatı həyata keçirə bilən killeri tapıb ona bu tapşırığı vermək idi. Berlində bu işi görə biləcək bir adam axtarırdılar. Bu xəbər kriminal aləmdə çox tez yayıldı.

Almaniyanın hüquq-mühafizə orqanları və siyasi dairələr bu barədə məlumatlandırıldı, mediaya bu barədə məlumat sızdırdıq və beləliklə, bu addımın atılması onlar üçün mümkünsüz oldu. Belə bir planın olduğunu artıq hər kəs bilirdi və sifarişcı də Əliyevlər höküməti idi».

Emin Milli

Emin Milli

Emin Millinin iddiasına görə, «Əliyev höküməti onu öz işini görə bilmədiyinə görə və məlumat sızdığına görə bu yolla cəzalandırıb».

Azərbaycanın Xarici İşlər Nazirliyi 29 yaşlı Tural Qurbanovun Maldiv adalarındakı istirahət mərkəzlərindən birində dincələrkən ürək tutmasından öldüyünü bildirib. AzadlıqRadiosunun araşdırması isə bəzi fərqli detalları üzə çıxarıb.

MALDİVLİ JURNALİSTİN DEDİKLƏRİ

Maldivin «Minivan News» agentliyinin (minivannews.com) jurnalisti Neil Merrett bu hadisəni xəbərləyənlərdəndir:

«Polis qısaca bildirdi ki, otaqda bir nəfərin meyidi tapılıb. Ancaq mənim kənarda danışdırdığım, istintaqdan xəbərdar olan bir şəxs polisin həmin vaxt hadisəyə şübhəylə yanaşmadığını, kiminsə bunda əli olmasına inanmadığını deyirdi. Xüsusi olaraq intihar versiyasından danışmırdılar, ancaq nə isə deyirdilər. Yəni elə davranmırdılar ki, hadisədə kiminsə iştirakı olub, ancaq bu nəticəyə də necə gəldiklərini açıqlamırdılar».

«Kurumbra Maldives» istirahət mərkəzi

«Kurumbra Maldives» istirahət mərkəzi

Adının çəkilməsini istəməyən bir amerikalı jurnalist isə bu xəbəri araşdırmağa cəhd edib. «Kurumbra Maldives» istirahət mərkəzinin menecerinin ona bildirdiyinə görə, Qurbanov intihar edib, biləklərində, ağzında və dodaqlarında kəsiklər olub. Menecerin sözlərinə görə, qonaqlara kokteyl üçün limon kəsməyə bıçaq verirlərmiş. Qurbanovun meyidi çılpaq vəziyyətdə, yatağının yanında yerdə tapılıb.

MALDİV POLİSİ İLƏ OTEL MENECERİ EYNİ ŞEYİ DEYİR

Maldiv Polis Departamentinin əməkdaşı da intihar versiyası üzərində işlədiklərini deyib, «belə ki, qapı ikiqat kilidli imiş». Yəni ilkin olaraq kiminsə otağa daxil olub, Qurbanovu öldürməsi variantı ağlabatan görünməyib. Polisin sözlərinə görə, Qurbanov biləklərini bıçaqla kəsibmiş. Digər kəsici alət kimi vanna otağındakı şüşə qab sındırılaraq istifadə olunub. O, Qurbanovun başında plastik torbanın olduğunu da vurğulayıb. Ancaq meyidin üstündə heç bir qeyd tapılmayıb.

Polis əməkdaşı Qurbanovun oteldə yük qeydiyatdan keçirmədiyini də sözlərinə əlavə edib. Qurbanovun atası polisə deyib ki, oğlu iyulun 23-də arvadıyla telefonla çox ümidsiz danışıb, bir daha Maldivə gəlməyəcəyini deyib. Bundan narahat olan ata Maldivə uçub. Ancaq artıq gec imiş, belə ki, oğlu artıq ölübmüş. Polis atadan niyə polisi, yaxud oteli xəbərdar etmədiyini soruşub, o, nə isə baş verməmişdən əvvəl özünü yetirəcəyini düşündüyünü deyib.

Ancaq amerikalı jurnalistin həmin polis əməkdaşı ilə sonrakı yazışmalarında vanna otağının qapısının yaxud pəncərəsinin kilidli deyil, sadəcə örtülü olduğu üzə çıxır.

Habil Qurbanov

Habil Qurbanov

Elə Habil Qurbanov da AzadlıqRadiosuna müsahibəsində polisin Turalın qaldığı otağa vanna otağından girdiyini təsdiqləyir:

«NƏ İNTİHAR, NƏ DANIŞIRSIZ?»

– Otaqda arxada, hamam tərəfdə balaca həyət kimi var. Təxminən 8 kvadratlıq, kənarları da 1-2 metr hündürlüyündə hasardır. Yəni vanna tərəfdən açıqdır. Hasardan içəri keçdilər, vannanın qapısını açıb içəri girdilər.

Ancaq ata oğlunun intihar etməsi versiyasını yalanlayır:

– Nə intihar, nə danışırsız. Yox-yox, mən özüm gedib baxmışam, yalan sözdür. Sinəsində qan yığışmışdı, qaralmışdı sinəsi. Heç bir başqa xəsarəti-zadı yox idi. Nə torba? Yanında heç kəs olmayıb axı, tək olub. Torbanı kim keçirə bilər onun başına? Qapı da içəridən bağlı olub. Başqa xəsarəti-zadı olmayıb, kim deyir, yalan deyir. Heç bir xəsarəti olmayıb.

Habil Qurbanov oğlunun Almaniyadan Bakıya məzuniyyətə gəldiyini və məzuniyyət günlərində ciddi stress keçirdiyini bildirir. Belə ki, övladları yüksək hərarətlə xəstəxanada yatıb, üstəlik çox sevidiyi nənəsi vəfat edib: «Bütün bunlar ona stres yaratdı. Maldivdə də 45-50 dərəcə isti vardı, mən özüm istidən boğulurdum».

«TURAL HARA, HƏBİB MÜNTƏZİR HARA?»

Habil Qurbanov «Yeni Müsavat» qəzetinə müsahibəsində atasının da trombdan öldüyünü qeyd edir.

Həbib Müntəzir

Həbib Müntəzir

O, 10-15 günə ekspertizanın rəyinin səfirliyə veriləcəyəni də söyləyir: «Ekspertlərin ilkin rəyi belə oldu ki, damarında tromb olub və damarı partlayıb, ürək çatışmazlığından dünyasını dəyişib». Habil Qurbanov oğlunun Həbib Müntəziri öldürmək üçün göndərildiyini də qəti təkzib edib: «Yazırlar ki, guya Tural MTN işçisi olub və onu ora Həbib Müntəziri aradan görüməyə göndəriblər. Birincisi, Tural hara, Həbib Müntəzir hara? Əgər Həbib Müntəziri kimsə aradan götürmək istəsə, onun başqa üsulları var da...».

Habil Qurbanov uzun illər prokurorluq orqanlarında çalışıb.

AzadlıqRadiosu Maldiv polisindən əlavə informasiya ala bilməyib. Belə ki, polis əməkdaşının bildirdiyinə görə, hazırda işi Ağır və Mütəşəkkil Cinayətlər Şöbəsi araşdırır.

Şərhləri göstər

XS
SM
MD
LG