Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

"Belə çıxır ki, Azərbaycan qadını sekslə məşğul olmamalıdır?" (Debat)


Aktrisa Vəfa Zeynallı "İlahi məxluq" filmindəki erotik səhnədə

Aktrisa Vəfa Zeynallı "İlahi məxluq" filmindəki erotik səhnədə

-

Sevda Sultanova:

- Mail bəy, filmə baxmadan necə mühakimə edə bilərsiz? Siz axı savadsız yanaşırsız. Bir epizodu götürmüsüz ki, bu pornoqrafiyadır, zorakılıqdır. Siz alimsiz, filosofsuz… Mən sizinlə polemikanı davam etdirmək istəmirəm.

Mail Yaqub:

- Mən filmin bir epizoduna baxmışam və onu nə qədər kontekstdən çıxarsaq da, o epizod yerində qalır...


Yavər Rzayev:

- Mən indi niyə danışdım? Vəfa xanım zəng vurdu ağlaya-ağlaya ki, siz məni müdafiə etmirsiz. Vəfa, belə şeylərə fikir vemə!



Xeyli vaxtdır çəkilmiş "İlahi məxluq" filmi ilə bağlı "seks səhnəsi qalmaqalı" indi niyə ortaya çıxdı? Aktrisa Vəfa Zeynalova niyə sərt tənqidlərə tuş gəldi? Və ya Azərbaycanlı aktrisaya seks səhnəsində çəkilmək olmaz?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda bu suallara cavab axtardılar: "İlahi Məxluq" filminin rejissoru Yavər Rzayev, rejissor, sənətşünas alim Əbdül Mahmudbəyov, kinoşünas Sevda Sultanova və fəlsəfə elmləri doktoru Mail Yaqub.


“FİLMDƏ ŞƏRQ HAQDA MƏNFİ İMİC YARADIB”

Şahnaz Bəylərqızı:

- “Ilahi məxluq” bir neçə il öncə çəkilsə də, ordakı bir səhnə - çoban atanın rəssam qızı zorlaması səhnəsi ilə bağlı qalmaqal və müzakirələr bu günlərdə yaşandı. Bir neçə il sonra filmə yox, filmdə bir səhnəyə diqqət çəkən nə oldu? Bəziləri düşünür ki, bu, rejissorun və ya aktrisanın filmin populyarlaşması üçün qurduğu oyun, PR ola bilərdi. Nə qədər əsaslı fikirdir?

Sevda Sultanova:

- Mən razı deyiləm ki, bu, aktrisanın, rejissorun qurduğu oyundur və ya PR-dır. Bu, sadəcə Azərbaycan tamaşaçısının və Azərbaycan mətbuatının kinoya olan laqeyd münasibətidir. İki il sonra kimsə ordakı həmin səhnəni görüb və yazıb. Üstəlik də onu ciddi olmayan saytlar yaydı, yəni diqqət çəkmək, oxunmaq üçün. Kinodan, sənətdən anlamayanların, bisavad jurnalistlərin, sarı mətbuatın diqqət çəkmək üçün istifadə etdiyi pruiyomdur.
Sevda Sultanova

Sevda Sultanova


Ş.Bəylərqızı:

- Film, sizcə, necə alınıb?

S.Sultanova:

- “İlahi məxluq”da yaxşı operator işi var, sadəcə, mən filmin traktovkasını, yersiz uzun planları tənqid etmişəm. Yavər Rzayevin belə bir konsepsiyası var, Avropa Şərqi öz gücünə işğal etmədi, Şərq özündən imtina etməklə Avropaya təslim olmadı. Rejissorun fikrincə, Avropa qürub edir, deqradasiya gedir və intibah Şərqdən gələcək. Bu konsepsiyasını qabarıq şəkildə “Ilahi məxluq”da ortaya qoyub. Amma o filmə baxanda belə təsəvvür yaranır ki, Şərq proqressivliyi qəbul etmir, qadının hüququları pozulur və uşaqlar ata tərəfindən zorakılığa məruz qalır, Şərq intibah, təhsil istəmir. Şərq haqda filmdə mənfi imic yaradıb.

“BU FİLMDƏ AZƏRBAYCAN ANASININ, XANIMININ DƏYƏRLƏRİNƏ ZİDD SƏHNƏLƏR VAR”

Mail Yaqub:

- Mən təəssüflər olsun ki, filmi yox, mətbuatda söz-söhbətə səbəb olan bir hissəni izləmişəm. Düşünürəm ki, biz nə qədər müasirləşsək də, postmodernist dəyərlərə sarılsaq da, sonda yenə də əxlaq məsələsində qırmızı xətləri gözləməliyik. Bu filmdə qırmızı xətt pozulub. Azərbaycan insanının mentalitetinə, dəyərlərinə uyğun gələn qırmızı xətti deyirəm. Bu filmdə Azərbaycan anasının, xanımının dəyərlərinə zidd səhnələr var. Film Azərbaycan ailəsinin dəyərlərini özündə əks etdirmir.

Ş.Bəylərqızı:

- Yəni hesab edirsiz ki, Azərbaycan filmlərində bu cür səhnələrə ehtiyac yoxdur?

M.Yaqub:

- Ehtiyac yoxdur. Bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Son illər bəzi müsəlman ölkələrinin filmləri “Oskar” aldı və o filmlərdə biz qadın-kişi münasibətlərinin heç vaxt açıq-saçıq şəkildə nümayişinin şahidi olmadıq. Deməli, filmin uğur qazanması üçün açıq-saçıq səhnələr göstərməyə məcbur deyilik. Onlarsız da sənət ola bilər və “Oskar” da almaq olar.

“AÇIQ-SAÇIQ KLİPLƏRƏ, SİYASİ OPPONENTLƏRİ VURMAQ ÜÇÜN AÇIQ-SAÇIQ VİDEOLARA NİYƏ ETİRAZ ETMİRSİZ?”
Əbdül Mahmudbəyov

Əbdül Mahmudbəyov


S.Sultanova:

- Belə çıxır ki, rejissorlar film çəkəndə Mail bəy kimilərdən məsləhət almalıdırlar. İkincisi, siz filmə baxmadan onu necə mühakimə edə bilərsiz? Filmə baxmadığınız üçün mühakiməniz də əsaslı deyil, kontekstdən çıxarırsız. Filmin dramaturgiyasında həmin əhvalat tamamilə yerinə düşür. Yenə deyirəm, Yavər Rzayev mühafizəkardır, Şərq dəyərlərinin müdafiəçisidir. Üçüncüsü, əzizim, Azərbaycanda sizin dediyiniz qırmızı xətlər çoxdan keçilib. Çox açıq-saçıq kliplər yayımlanır, siyasi opponentləri vurmaq üçün açıq-saçıq videolar yayılır. Niyə siz ona etiraz etmirsiz? Amma filmdə yerinə düşən səhnəyə etiraz edirsiz? Həmin səhnədə açıq-saçıq heç nə yoxdur. Onu Yavər Rzayev çox estetik həll edib. Bunu o saat milli adət, mənəvi dəyərə bağlamaq lazım deyil. Azərbaycanın rayonlarında zorlanma baş alıb gedir, televiziyalarda sizin dediyiniz kimi milli-mənəvi dəyərlərə zidd süjetlər gedir. Buna ziyalı kimi etiraz etmirsiz, ancaq Yavər Rzayevin çəkdiyi səhnəyə görə bayraq qalıdırmısız ki, bu, milli dəyərlərə ziddir.

M.Yaqub:

- Mən bir azərbaycanlı kimi açıq-saçıq kliplərə də etiraz edirəm. Sadəcə, bu gün həmin film haqda soruşurlar, ona münasibətimi bildirirəm. Bu filmə münasibətim mənfidir. Bu o demək deyil ki, rejissor məndən və ya kimdənsə məsləhət almalıdır. Siizn dediyiniz anlaşılmaz oldu mənim üçün. Azərbaycanda nəinki filmlərdə, kliplərdə, elə hər yerdə qırmızı xətt qorunmalıdır.

Ş.Bəylərqızı:

- Bu günlərdə mətbuatda tez-tez deyirlər ki, azərbaycanlı akltrisanın bu cür səhnələrdə çəkilməsi düz deyil, eyibdir və sairə. Bu haqda nə deyə bilərsiz?

S.Sultanova:

- Bu, çox gülməlidir, absurddur. Hətta söz də tapa bilmirəm. Bir nüans. Deyirlər ki, bu filmlərə uşaqlar baxa bilər və əxlaqı pozular. Ay əzizim, qardaşım, axı sənin uşağın bu filmlərə baxır? Uşaq üçün cizgi filmləri var, uşaq filmləri var. 18-28 yaşında insanın isə bu film əxlaqını, mənəviyyatını necə poza bilər? Yəni bunlar savadsız mühakimələrdir. O ki qaldı aktrisalara, onun milliyyəti yoxdur. O səhnələr dramaturgiyada vacib elementdir və əhvalatın açılmasına xidmət edir. Mənim Mail bəyə sualım var. Siz filosofsuz, dünya incəsənətində məşhur heykəltəraşların, rəssamların yaratdığı çılpaq qadın rəsmləri var. Bunlar Azərbaycandilli kitablarda nəşr olunub və reproduksiyaları da nümayiş olunur. Bu çılpaq rəsmlərə münasibətiniz necədir və bu bizim əxlaqımızı pozurmu?
Şahnaz Bəylərqızı

Şahnaz Bəylərqızı


M.Yaqub:

- Mən bir filosof kimi yox, fəlsəfə müəllimi kimi, Qərbi də, Şərqi də yetərincə mütaliə edən biri kimi deyə bilərəm ki, qırmızı xətt varsa, o hər yerdə tətbiq olunmalıdır. Sizin münasibətiniz məni bir qədər təəccübləndirdi. Deyirsiz ki, açıq-saçıq səhnələrin uşaqların əxlaqına zidd olması absurddur, gülməlidir. O biri tərəfdən də deyirsiz ki, uşaqlar belə səhnələrə baxmamalıdırlar. Dediyinizdə paradoksallıq var, əxlaqa zidd deyilsə onda uşaqlarımızın buna baxmasının qarşısını niyə alaq?.. Siz dediz ki, filmə baxmadan danışdığım üçün məsələni kontekstdən çıxarıram. İnsaflı danışaq, nə qədər kontekstdən çıxarsam da, burda azərbaycanlı xanımın oynadığı səhnə əxlaqa, psixologiyaya mənfi təsir göstərir. Təəccüb edirəm ki, niyə bunun bu tərəfini qəbul edə bilmirik. Siz məsələni sənət, müasirlik tərəfinə aparırsız. Mən qaragüruhçu deyiləm, postmodernizmi, Fukonu, Heydeggeri oxumuşam. Sənət sərhədsizdir prinsipi ilə razılaşmıram.

S.Sultanova:

- Siz bununla razılaşmırsızsa, o demək deyil ki, hamı sizin kimi düşünməlidir. İkincisi, qısa master-klass üçün təşəkkür edirəm. Üçüncüsü, belə çıxır ki, Azərbaycan qadını sekslə məşğul olmamalıdır?

M.Yaqub:

- Azərbaycan qadını sekslə məşğul olur. Hamı sekslə məşğul olsa da biz bunu küçədə nümayiş etdirmirik. Siz bunu elə qələmə verirsiz ki, guya biz yeməyin-içməyin, cinsi əlaqənin əleyhinə çıxırıq. Qətiyyən! Biz hansısa məqamın ictimailəşməsinin əleyhinəyik.

S.Sultanova:

- Sənət kontekstində hər şey qəbul olunur. Elə filmlər var ki, ona 18 yaşdan yuxarı insan baxmalıdır. Uşağa nəzarət vacibdir. Valideyn bunun qarşısını ala bilmirsə, deməli, onu necə tərbiyə etməyi bilmir.

M.Yaqub:

- Bu filmlə bağlı şəhərdə müsahibə alaq və əmin edirəm ki, az faizin münasibəti…

S.Sultanova:

- Mail bəy, filmə baxmadan necə mühakimə edə bilərsiz? Siz axı savadsız yanaşırsız. Bir epizodu götürmüsüz ki, bu pornoqrafiyadır, zorakılıqdır. Siz alimsiz, filosofsuz… Mən sizinlə polemikanı davam etdirmək istəmirəm.

M.Yaqub:

- Mən filmin bir epizoduna baxmışam və onu nə qədər kontekstdən çıxarsaq da, o epizod yerində qalır. Qadın-kişinin cinsi münasibətinin vizual təqdimatına ehtiyac yoxdur.

YAVƏR RZAYEV: “VƏFA, BELƏ ŞEYLƏRƏ FİKİR VERMƏ!.. SƏVİYYƏSİZ İNSANLARDIR Kİ, BUNU BAŞA DÜŞMƏDƏN DANIŞIRLAR”

Yavər Rzayev:

- Filmə baxmadan, bir hissəni izləməklə necə bu haqda danışmaq olar? Məncə, bu çox aşağı səviyyəli söhbətdir. Mən bu cür söhbətlərə heç vaxt qoşulmuram, indi də qoşulmaq istəmirdim. Mən nəsə yaratmışamsa və o öz-özünü qoruya bilmirsə, qoy onda yaşamasın. Lazım deyil! Mən filmim haqda Londonda, BBC-də müsbət rəy eşitmişəm. Bu da mənə bəs edir. Mənə dedilər ki, siz islam yönündə film çəkmisiz. Uşaq filmin sonunda Avropa əsərlərini yandıranda… İnsan nə qədər oxumamış olmalıdır ki, bunu da başa düşməsin, hə? Orda zorlanma səhnəsi var, çürüdürlər ey, səviyyəsiz insanlardır ki, bunu başa düşmədən danışırlar. Orda siz bir bədən hissəsi görürsüz? Yox! Ata qızı yox, uşağın istədiyini zorlayır, işıq kimi görünən Qərb mədəniyyətini – o İşığı söndürür. Bu film 3 qatlı piroqdur. Mən indi niyə danışdım? Vəfa xanım zəng vurdu ağlaya-ağlaya ki, siz məni müdafiə etmirsiz. Vəfa, belə şeylərə fikir vemə!

ƏBDÜL MAHMUDBƏYOV: “REJİSSORU VƏ YA AKTRİSANI GÜNAHLANDIRMAQ ALLAHA ŞƏRİK QOŞMAQ KİM KÜFRDÜR”

Əbdül Mahmudbəyov:

- Əvvəla, bu film 4 il bundan qabaq çəkilib. Qədərincə göstərilib, haqqında yaxşı-pis tamaşaçı rəyi olub. İkincisi, burda rejissoru və ya aktrisanı günahlandırmaq, ən azı əstəğfürullah Allaha şərik qoşmaq kimi asilikdir, küfrdür. Rejissor bu filmi qəbul edənədək ssenari Bədii Şuradan keçir, nazirlikdə təsdiqlənir, filmin çəkiliş materialları göstərilir və nəhayət film hazır olanda Bədii Şura qəbul edir. Burda mütəxəssislər iştirak edir, filmdə həqiqətən də millətin əxlaqına, mənəviyyatına ziyan verən bir şey olsaydı, ekrana çıxmasına imkan verilməzdi… Bu gün Azərbaycanda o qədər biabırçı hallar, eybəcərliklər var, bunlar yaşadığımız şəhərin gecə klublarında, barlarında, küçələrdə yaşanır, ona əhəmiyyət vermirik. O şey ki ekrana çıxıb… Özü də orda yüksək rejissor estetikası, aktyor oyunu var. Bu işdə aktrisanı ittiham etmək ən azı mənəviyyatsızlıqdır. Aktrisanın ixtiyarı nədir ki, rejissorun verdiyi tapşırığı icra etməsin?.. Bu o demək deyil ki, həmin epizodla zorakılığı təblıiğ edirik. Biz olanı göstərib deyirik ki, buna qarşı çıxmaq lazımdır. Əslində əsas səbəbkarlar - əxlaqsızlığı təbliğ edənlər qalıb bir tərəfdə, bu eybəcərliyi göstərənlərin tənqid olunması dəvəni qoyub çulunu döymək kimidir. Gəlin, aynaları sındırmayaq.

Çox təəssüf ki, bu gün ittifaqların, kinoçuların bölünməsi, həddən artıq siyasiləşməsi, böyük oyunların getməsi kinonu arzuolunmaz vəziyyətə gətirib. Çox təəssüf ki, Rüstəm İbrahimbəyovun siyasətə qarışması, bunun da Kinematoqrafiya İttifaqında qarşıdurmalar yaratması bizim min bir əziyyətlə çəkdiyimiz filmləri neçə ildən sonra müzakirə mövzusuna çevirir. Kino qalır qıraqda, bir epizoda görə qarayaxmalar başlanır. Kinonu Allahı sayan adam kimi müraciət edirəm ki, gəlin, milli kinomuzu siyasiləşdirməyək, kimlərəsə daş atmayaq. Yavər Rzayev, sevdiyim, barmaqla sayılan, əxlaq yiyəsidir. Buna siyasi damğa vurmaq lazım deyil.

“AÇIQ-SAÇIQ SƏHNƏLƏRDƏ ÇƏKİLSİNLƏR”

Yavər Rzayev:

- Mən Əbdül bəyə minnətdaram bu sözlərə görə. Bu baş verənlərin Rüstəm İbrahimbəyovla əlaqəsi yoxdur, belə deyil, mən onun başçılıq etdiyi ittifaqın üzvü deyiləm… Sonda deyirəm ki, həmin epizodu çəkdiklərim arasında ən yaxşı epizodlardan biri sayıram.

S.Sultanova:

- Arzu edirəm ki, rejissorlarımız cəsarətli olsunlar. Dramaturgiya tələb edirsə, açıq-saçıq səhnələr də çəksinlər. Aktyorlar da çəkinməsinlər, bu səhnədə çəkilsinlər.


tam izlə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG