Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

«Azərbaycanın 1/16 hissəsi Avropaya düşür»


Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun yaydığı xəritə
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun yaydığı xəritə
-
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun alimləri Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüb. Təklif qəbul olunarsa Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq.
Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycanın Avropa ölkəsi olmasına hansı qurumun qərar verəcəyini söyləmək hələ tezdir:
– Əsaslı təsdiqlər hazırlamaq lazımdır. Yəni qitələrin bölünməsinin qəbul olunmuş beynəlxalq qaydaları var. Bu qaydalara uyğun olaraq biz təzədən Avropa qitəsinin cənub quru sərhədinin yenidən keçirilməsinə baxırıq. Hazırda o işlə məşğuluq. Markerlər, işarələr qoyuruq ki, Azərbaycanın harasından keçir. Avropanın, Asiyanın sərhədi üzərində işləyirik. Azərbaycan Respublikasının ərazisinin təqribən 1/16 hissəsi Avropaya, qalanı Asiyaya düşür. Dünyanın bir neçə ölkəsi – Türkiyə, Panama, Rusiya kimi ölkələrə trans-kontinental ölkələr deyirlər, yəni 2 qitədə yerləşən ölkələr. Azərbaycan da onlardan biri olur. Eyni zamanda Azərbaycan Avropa qitəsi ölkələri ailəsinə daxil olur.
– Avropa sayılmaq üçün 1/16 çox az hissə deyil?
– Söhbət 1/16-dan, ya yarısından getmir. Fakt odur ki, Azərbaycan ərazisinin bir hissəsi Avropa qitəsinə düşür.
– Yəni siz hələ bu təklif üzərində işləyirsiniz, eləmi?
– Qitələrin bölgüsündə belə bir məsələ var. Okeanlar, dənizlər, körfəzlərdən ibarət su sərhədləri və quru sərhədləri var. Quru sərhədlərində təbii-coğrafi amillər – relyef, geo-morfologoiya, geologiya, dağların su-ayrıcları, onların davamı kimi çaylar və axıradək davam edən xətlər əsas götürülür. Bu baxımdan Avropa qitəsinin quru cənub sərhədi Böyük Qafqazın belindən – Bazardüzü, Tufandağdan, daha sonra Dübrar, Sumqayıtın yanından və Abşerondan keçir. Abşeronun şimal hissəsi Avropaya düşür.
– Son olaraq təklif haraya yollanacaq? Yəni hansı orqan qərar verəcək Azərbaycanın Avropa olmasına?
– Bilirsinizmi, alman, fransız, ingilis alimləri də bu fikirdədir ki, bölgü düzgün aparılmayıb, xətt Kuma-Manıç çökəkliyindən keçirilib, bu düz olmayıb. Eyni fikri rus alimləri də bölüşür. Biz tədricən müxtəlif alimlərin fikirlərini və tədqiqatlarını toplayıb Beynəlxalq Coğrafiya Cəmiyyətinə və daha sonra UNESCO-ya təqdim edib təsdiqinə nail olmaq istəyirik.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutnun yaydığı xəritə
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutnun yaydığı xəritə
– Yəni təxminən nə qədər çəkəcək bu proses?
– Dəqiq deyə bilmərəm, bir il də çəkə bilər, on il də.
– Prosedur olaraq birinci Beynəlxalq Coğrafiya Cəmiyyəti, daha sonra UNESCO-ya gedəcək təklif?
– Beynəlxalq Coğrafiya Cəmiyyətindən daha nüfuzlu Beynəlxalq Coğrafiya İttifaqı var, onlarla işləyəcəyik. Bu baxımdan ən nüfuzlu cəmiyyətdir dünyada.
Coğrafiya İnstitutunun yaydığı xəbərdə deyilir ki, Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib.
Bu gün Coğrafiya İnstitutunun mütəxəssisləri Fatmai kəndi və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhədin rəmzi göstəricisi olan lövhələr quraşdırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG