Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46
-

Qəbələdə 5-ci Beynəlxalq Musiqi festivalı başa çatdı. Müxtəlif ölkələrin musiqiçiləri konsertlər verdi. Ənənəvi muğam axşamları da təşkil olundu.

Milli musiqi örnəkləri qəbələlilərin daha çox marağını çəkir və milli konsertlər anşlaqla keçir.

FESTİVALDAN RAZI QALANLAR...

Sakinlərin çoxu belə musiqi şənliklərinin tez-tez keçirilməsini istəyir:

Zemfira Mahmudova, Qəbələ sakini:

«Məqsədəuyğundur belə festivalları təşkil eləmək. Məqsədəuyğun olmasaydı, yəqin, təşkil eləməzdilər. Cəmiyyət üçün yaxşıdır. Gəlirik, iş vaxtından sonra otururuq. Baxırıq, qulaq asırıq. Məncə, yaxşıdır».

Südabə Cəbrayılova – Qəbələ sakini:

«Yaxşıdır, bizə xoş oldu. Belə konsertlər çox olsa, daha yaxşı olar. Məqsədəuyğun sayıram. Adamın könlü şad olur, rahatlıq tapırıq».

Qəbələ Beynəlxalq Musiqi Festivalı

Qəbələ Beynəlxalq Musiqi Festivalı

Konsertlər həm təbiət qoynunda, həm də qapalı salonda keçirilirdi – axşam saat 6-da salonda, 3 saat sonra isə açıq havada. Tamaşaçılar istər yerli, istərsə xarici sənətçiləri dinləyirdilər.

... Konsertlərin dadını çıxaran da var, işsonrası yorğunluqdan mürgüləyən də. Bütün hallarda bu festivalın Qəbələ sakinlərinin həyatına rəng qatdığını demək mümkündür:

Şaiq Mirzəyev, Qəbələ Sakini:

«Xoş təəssüratla ayrıldım konsertdən. Bununla beşinci ildir ki, gəlirəm konsertə. Qəşəng keçdi. Hətta nəvəmi də gətirmişəm. Çox gözəl seçim var. Festivala baxanda gənclik illərimə dönürəm».

İradə Cəlilova – Qəbələ Sakini:

«Musiqi festivalında hər il ailəliklə iştirak edirik. Bizim həyatımızda böyük dəyişiklər baş verir. Dünya musiqiləri ilə tanış oluruq, bizə bir sakitlik gəlir. Ən maraqlısı odur ki, gələn qonaqlar bizim dilimizdə bir-iki kəlmə danışanda onları özümüzə daha yaxın bilirik».

NARAZILAR...

Qəbələdə bazar

Qəbələdə bazar

Festivalın keçirilməsindən narazı qalanlar da var. Zarağan kəndinin sakinləri becərdikləri məhsulları satmaqda əngəllə üzləşiblər:

Altay Nuriyev, Zarağan kənd sakini:

«Musiqiçilər gəlib, qonaqlar gəlib... Ona görə də bizim satış rəflərini sökürlər. Qoymurlar çörəkpulu qazanmağa ki, qonaqlar var, ayıbdır. Ona görə də sökürlər bizim rəfləri. Bəs biz nəylə dolanaq?».

Vaqif Ədilov, Zarağan kənd sakini:

«Deyirlər yığışdırın, yıxılın, ölün acından. Rayonda qonaqlar var, ona görə yığışdırırıq. Tapşırıq var ki, yığışdıraq. Deyirlər, Zarağanda meyvə satışı rəflərini yığışdırın».
Belə, 5-ci ildir keçirilən beynəlxalq musiqi şənliyi kimlərisə doğrudan da şənləndirir, kimlərisə yox.

Şərhləri göstər

XS
SM
MD
LG