Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18
-

Dərdimizi kimə deyək? Yüksək çinli məmurların çoxu bunların tərəfindədir. Müxalifət liderləri bunları görəndə ayağa qalxır.


Mövlud Mövlud


ÜLVİNİN ŞƏKLİNİ QAYTARIN!

(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir)


Gənc yazar dostumuz Cəlil Cavanşir saytların birinə verdiyi müsahibədə Azərbaycan Yazıçılar Birliyini, onun yarıtmaz ədəbi siyasətini, həmin birliyin rəhbərliyində təmsil olunan şair-yazıçıları tənqid edib. AYB katibi Fikrət Qoca isə Cəlil bəyə belə cavab verib:

“Demaqoqluq eləməsin, səsini başına atmasın!”

Qəribə ittihamdır. Adam deməyə söz də tapmır. Rusiyanın xüsusi xidmət orqanlarının yaratdığı, məqsədi əyilməyən, mənsəbə-şöhrətə satılmayan yazıçıları “ifşa” etmək və ədəbiyyatı rejimin nəzarətinə almaq olan, bu gün də həmin işə can-dildən xidmət göstərən bir təşkilatın rəhbərləyində təmsil olunasan, bir-birini əvəz edən rəhbərlərin, bütün siyasi sistemlərə “xidmət” göstərəsən, dövlətin ədəbiyyatın inkişafı üçün ayırdığı pulları özünə və yaxınlarına sərf edəsən...

Sonra da halal-hümmət sözün yanında olan, yazıçı ləyaqətini qorumaq üçün heç bir təşkilata üzv olmayıb heç bir imtiyazı qəbul etməyən, əvəzində dolanmaq üçün beş sayta yazı yazan zəhmətkeş, istedadlı bir gənc yazarı demaqoqluqda, səsini başına atmaqda ittiham edəsən. Dəhşətdir!

Nədir demaqoqluq? Şeir-hekayə yazıb, alman dilindən tərcümələr edib min bir zülm-zillətlə ailə saxlamaq, yoxsa şəhərin bir neçə yerində evi ola-ola oğlunu AYB-nin ev siyahısına yazdırmaq?

Siz elə bilirsiniz, bunlar təkcə evdən, puldan-paradan doymurlar deyə belə hərəkət edirlər? Əsla!

Əsas məqsəd müstəqil Azərbaycanın azad düşüncəli yazarlarını əzmək, küçələrdə qoyub içki düşkününə çevirmək, axırda da “serroz”dan ölən gənc şairin anım günündə - “Natəvan” klubunda yanıqlı-yanıqlı çıxış edib, amansız əcəli tənbeh etməkdir. Onlar bizi səfil, sərgərdan və boynubükük görmək istəyirlər. Budur məsələ.

Bu adamlarla neyləyək? Hara şikayət edək? Dərdimizi kimə deyək? Yüksək çinli məmurların çoxu bunların tərəfindədir. Müxalifət liderləri bunları görəndə ayağa qalxır. Sadə insanlar: “Ağsaqqal yazıçılardan nə istəyirsiniz?”,-deyir.

Bu adamlar hamını aldadıblar. Hamını inandırıblar ki, doğrudan da Sovet dövründə dissident olublar, qəlbləri Azərbaycan xalqıyla döyünüb. Doğrudan da yazdıqları dünya ədəbiyyatının şah əsərləridir.

Mən Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Ramiz Rövşən, Zəlimxan Yaqub, Nizami Cəfərov heyranlarını başa düşə bilmirəm.

Anar böyük yazıçıdırsa, Sartr kimdir? Çingiz Abdullayev yazıçıdırsa, Akutaqava kimdir? Ramiz Rövşən böyük şairdirsə Bodler hansı yuvanın quşudur? Zəlimxan Yaqub tamada-aşıq yox, peşəkar şairdirsə, İsa İsmayılzadəni hansı dəftərə yazaq? Nizami Cəfərov ciddi ədəbiyyatşünasdırsa Dmitri Zatonskinin taleyi necə olsun?

Açığı, bu “agentura” şəbəkəsənin zəncir həlqələri olan yalançı ağsaqqal yazıçılardan və onların fanatlarından umacağım da yoxdur, onlara deməyə sözüm də. Əvəzində bircə xahişim var: AYB divarlarından asdığınız şəhid şair qardaşımız Ülvi Bünyadzadənin şəklini bizə - onun mənəvi varislərinə qaytarın. Sizin üçün rəhbəri olduğunuz o təşkilatı Ülvini şəhid eləyən rus şovinizmi qurub.

Qoy, bu dünyanın malı-dövləti, yalançı şöhrəti sizin olsun, amma onun müqəddəs adından alver eləməyin, qaytarın şəklimizi!

O şəkli “KQB” dalğalarıyla çıxdığımız milli istiqlal savaşında yaxamıza nişan taxacağıq!

qaynar.info

(Qarşi tərəfin də mövqeyini “Oxu zalı”nda çap etməyə hazırıq)

Günün bütün mövzuları

XS
SM
MD
LG