Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:14

James Warlick Qarabağ düyününü çözəcəkmi?


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick
-
ABŞ dövlət katibi John Kerry diplomat James Warlick-in ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri vəzifəsinə təyin edildiyini bildirib.

John Kerry deyib ki, «səfir Warlick-in zəngin Avropa və Asiya təcrübəsi var. Birinci dərəcəli diplomatdır və əminəm ki, o bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək».

ABŞ-ın dövlət katibi öz açıqlamasında Qarabağ münaqişəsinin nizamlanmasında ölkəsinin tərəflərə yenə dəstək verəcəyini xatırladıb:

«Prezidentlər Obama, Putin və Hollande 18 iyun tarixli birgə bəyanatda tərəfləri mübahisəli məsələlərin həllinə diqqət yetirməyə və xalqları müharibəyə yox, sülhə hazırlamağa çağırıblar. Səfir Warlick-in zəngin təcrübəsi var və o, tərəflərin məqsədə çatmasına kömək etmək üçün öz təcrübəsindən yararlanır».

XİN: «HƏMSƏDR ÖLKƏLƏRİN HƏR BİRİNİN MÜNAQİŞƏNİN HƏLLİNƏ ÖZ YANAŞMASI VAR»

«Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəaliyyətlərini gücləndirəcək və bu istiqamətdə daha qətiyyətli və məqsədəuyğun yanaşma nümayiş etdirəcəklər» – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə deyib.

Elman Abdullayev
Elman Abdullayev
Elman Abdullayev bildirib ki, həmsədr ölkələrin hər birinin münaqişənin həllinə öz yanaşması var və bu yanaşma həmsədr vəzifəsində çalışan diplomatın kimliyindən asılı deyil:

«Hər diplomat öz ölkəsinin missiyasını yerinə yetirir. Bununla yanaşı, təbii ki, peşəkarlıq və insan faktorları da kifayət qədər önəmlidir».

Mətbuat katibi deyib ki, Dağlıq Qarabağ münaqişəsinin çözümsüz qalmasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi durur. O, beynəlxalq ictimaiyyətin buna lazımi reaksiya verməməsindən Azərbaycanın narahatlığını da dilə gətirib.

HƏMSƏDR NƏYİ DƏYİŞƏCƏK?

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyir ki, yeni təyinatdan Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləmək doğru deyil:

Elxan Mehdiyev
Elxan Mehdiyev
«Amerika həmsədrləri 1997-ci ildən bir-birini dəyişir. Bradke dəyişəndən sonra uzun müddət boş qalmış yeri yenisi əvəzləyib. Amma ümid edirik ki, bu səfir özünü Bradke kimi aparmaz. Çünki Bradke dönəmində onun heç bir töhfəsi olmayıb. Ümid edək ki, yeni həmsədr Əfqanıstan və Pakistandakı təcrübəsindən yararlanacaq. Amma əsas məsələ həmsədrdən deyil, Amerika hökumətinin bu məsələyə hansı səviyyədə yanaşmasından asılıdır. Bu, dövlət katibi Kerry-nin gündəliyində duran məəslə olacaqsa, onda göndərilən səfir də ona uyğun çalışacaq. Yoxsa, indiki kimi, bu, onuncu dərəcəli məsələ sayılacaqsa, ora kimi təyin etsələr də, onun heç bir təsiri də olmayacaq».

«JHAC MARESKA-nın ÇOX GÜCLÜ MÖVQEYİ VARDI»

Politoloq Leyla Əliyevanın fikrincə, münaqişənin həlli həmsədrlərdən deyil, təmsil etdikləri dövlətlərdən asılıdır:

Leyla Əliyeva
Leyla Əliyeva
«Axı əsas məsələ ölkənin münaqişənin həllinə olan marağıdır. Maraq dəyişibsə, o zaman nəsə dəyişəcək. Əgər dəyişməyibsə, ora Kerry-nin özünü də qoysalar, heç nə dəyişməyəcək. Məncə, şəxslərdən o qədər çox şey asılı deyil. Vaxtilə Jhac Mareska-nın çox güclü mövqeyi vardı. O düşünürdü ki, münaqişəni tezliklə həll etmək olar. Maraqlı planlar da təklif edirdi. Onun fəal mövqe tutmuşdu, amma Vaşinqtondan dəstək ala bilmirdi».

James Warlick əvvəllər ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndələrinin müavini olub. O, Əfqanıstanla ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasında əsas təmsilçi sayılıb. James Warlick ABŞ-ın Bolqarıstanda səfiri vəzifəsində də çalışıb və Dövlət Departamentində məsul postlar tutub.

Yeni həmsədr vəzifəsinin icrasına sentyabrda başlayacaq.
XS
SM
MD
LG