Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26
-

«Forbes» jurnalının məlumatına görə, 25 milyard dollar varidata sahib Jeff Bezos «Washington Post»u 250 milyon dollara satın alıb. O, uzağı, 60 gün içində rəsmiləşdiriləcək alqı-satqıdan sonra qəzetin yeganə sahibi olacaq.

Son 80 ildə «Washington Post»un sahibi Graham ailəsi idi. Amazon şirkətinin alqı-satqı əməliyyatına qatılmadığı da bildirilir.

Jeff Bezos qəzetdə dəyişiklik aparacağını vurğulasa da, dəyişikliklərin mahiyyətini açıqlamayıb və sadəcə, qəzetin peşəkar dəyərlərini eynən qoruyacağını diqqətə yetirib. O, ayrıca bildirib ki, «Qəzet, sahibinin deyil, oxucuların önündə məsuliyyət daşıyır».

SON DƏRƏCƏ MƏXFİ SATIŞ

Bu qədər məşhur qəzetin satışının son anadək sirr saxlanması media aləmini təəccübləndirib.

Satışı «Allen & Co» yatırım şirkətinin gerçəkləşdirdiyi xəbər verilir. Tez bir zamanda onlarca müştərinin cəlb edildiyi də gələn xəbərlər arasındadır. Bu da bildirilir ki, «Washington Post» media şirkətində qəzet bölümünün gəliri son altı ildə 44 faiz azalıbmış.

Jeff Bezos

Jeff Bezos

Qəzetin keçmiş sahibi Donald Graham deyib ki, satışdan məqsədi onu daha bacarıqlı əllərə vermək olub. Onun fikrincə, «Washington Post»un yeni sahibi olacaq Jeff Bezos «texnologiya və biznes sahəsində özünü isbat etmiş dahidir və bir şəxsiyyət kimi son dərəcə vicdanlı adamdır. Bu, onun yaxşı bir sahibkar olacağına ümid oyadır».

Donald Graham-ın bacısı qızı Katharine Weymouth qəzetin əməkdaşlarına məktubunda yazır: «Bu, mənim ailəmin və şəxsən özümün ağlına da gəlməyən bir gündür».

Graham ailəsi indiyədək ən çətin vaxtlarda, məsələn, 1972-ci ildə – prezident Nixon-un hakimiyyətinə son qoymuş Uotergeyt qalmaqalı baş verəndə də qəzetin sükanından geri çəkilməmişdi.

QƏZET BAZARI

Redaksiyanın yerləşdiyi bina ayrıca satışa çıxarılsa da, Graham-lar «Slate» internet saytının, Kaplan təhsil biznesinin və qəzetin nəşriyyat binasının sahibliyini saxlayacaqlar.

«Washington Post» qəzetinin satılması Amerikanın aparıcı naşir ailələrinin iqtisadi çətinliklərindən qaynaqlanan satasat prosesində yeni epizod deyil.

Az öncə «New York Times Co» «Boston Globe» qəzetini «Red Sox» şirkətinin sahibi John Henry-yə daha ucuz qiyməyə – 70 milyon dollara satıb.

2007-ci ildə Bancroft ailəsi «Wall Street Journal» qəzetini və «Dow Jones» nəşriyyat firmasını Rupert Murdoch-a satmışdı.
XS
SM
MD
LG