Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Gürcüstan müəllimləri imtahandan keçə bilməyiblər


Tbilisidə 51 saylı məktəb
Tbilisidə 51 saylı məktəb
-


Nona Mchedlishvli

Gürcüstan müəllimlərinin imtahandan qeyri-qənaətbəxş nəticələri ciddi narahatlıq doğurub. Bir məqam təsəlli verir ki, imtahan verən müəllimlər heç bir kələyə əl atmayıblar. Amma bu, zəif təsəlli də acınacaqlı durumu dəyişmir: müəllimlərin çoxu ixtisasartırma imtahanlarından kəsilib.

Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin 86 faizi riyaziyyatdan sınaqda azı 60 faizlik bilik hədəfinə çatmayıb. Kimya müəllimlərinin 91, fizika müəllimlərinin 96, ictimaiyyətşünasların 83 və biologiya müəllimlərinin 77 faizi minimum bilik səviyyəsindən aşağı nəticə göstəriblər. Coğrafiya müəllimləri minimum həddən 9 faiz az – 51 faizlik nəticə göstərərək, imtahanlardan nisbətən üzüağ çıxıblar.

Builki imtahanlara bütövlükdə 26 min müəllim qatılıb.

Sarsıdıcı sonuclar siyasətçilər arasında qarşılıqlı ittihamlara yol açıb. Prezident Mikheil Saakashvili-nin Birləşmiş Milli Hərəkat partiyasından millət vəkili Sergo Ratiani AzadlıqRadiosunun Gürcüstan Xidmətinə deyib ki, bu, 2012-ci ilin oktyabrında hakimiyyətə gəlmiş baş nazir Bidzina Ivanishvili-nin «Gürcü Arzusu» hökumətinin siyasəti ucbatından baş verib:

SAAKASHVILI-NIN PARTIYASI İVANİSHVİLİ-NİN KOALİSİYASINA QARŞI

«Son bir neçə ildən fərqli olaraq, bu il müəllimlərə nə təlim keçirilib, nə də metodoloji yardım göstərilib. «Gürcü Arzusu» koalisiyası seçki kampaniyası zamanı təhsili gözdən salıb və belə bir təsəvvür yaradıb ki, imtahanların keçirilməsi keçmişdəkindən heç də çətin olmayacaq».

Tamar Mosiashvili
Tamar Mosiashvili
Təhsil ekspertləri isə mövcud nəticələrin gözlənilən olduğunu bildirirlər.

Tamar Mosiashvili Tbilisidəki Vətəndaş İnkişafı İnstitutunun təhsil ekspertidir.

Ziddiyyətli nəticələr onu çox az təəccübləndirib. Onun fikrincə, builki nəticələr 2011-ci ildən başlanan təcrübənin davamıdır və digər illərdən fərqli deyil:

«Məsələnin niyə məhz bu il diqqət doğurması məni heyrətə salır. Artıq üç ildir ki, statistik nəticələr eynidir. Üç il boyunca yalnız 9 min 895 müəllim şəhadətnamə ala bilib. Bu reallıq kiminsə xoşuna gəlməyə bilər, ancaq gerçək budur».

İmtahanlardan məqsəd müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi və hökumətin ixtisasartırmaya yardım proqramının formalaşdırılmasıdır. Son nəticədə hökumət müəllimlərin mütləq ixtisas şəhadətnaməsi almalarını hədəf götürüb.

VALİDEYNLƏR NARAHATDIR

Iva Mindadze
Iva Mindadze
Təhsil Nazirliyinin sınaqları təşkil edən Milli İmtahan Mərkəzi də nəticələrdən çaşqınlıq keçirir. Mərkəzin direktor müavini Iva Mindadze deyir ki, hökumət bu sonuclardan narahat olmamalı və daha çox müəllimlik səviyyəsinin yüksəldilməsinə hesablanmış yanaşmaya diqqət yetirməlidir:

«Hökumət öz resurslarını imtahan verən ayrı-ayrı müəllimlərə köməyə yox, ümumilikdə onların hamısına yönəltməlidir. Məncə, gələcək müəllimlərin təhsilinə daha çox resurs xərclənməlidir».

Mosiashvili qeyd edir ki, müəllimlərin bilik səviyyəsinin yaxşılaşdırılması bir günün işi deyil:

«Məsələn, 60 yaşlı bir müəllimin peşəkarlığını necə artırmaq barədə düşünməkdənsə, universitet proqramlarının yaxşılaşdırılması və daha çox tələbənin müəllimlik peşəsinə cəlb edilməsi barədə düşünmək lazımdır. Bunu indi etməyə başlasaq, bəhrəsini 10 ildən sonra görəcəyik».

Bütün bunlar, əlbəttə, sentyabr ayında yenə məktəblərə yollanacaq şagirdlərin ata-analarını razı salacaq cavab deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG