Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:50

DİN bir neçə klinikanın vətəndaşları aldatdığını müəyyən edib


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda fəaliyyət göstərən bir neçə özəl tibbi klinikanın vətəndaşları aldatması faktlarını müəyyən edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda yerləşən «İmedis» klinikasında həkimlərin vətəndaşları aldatdığı üzə çıxıb.

Bildirilir ki, vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, «İmedis» klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və «İmedis Ekspert» aparatı vasitəsi ilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlanması barədə diaqnoz qoyulub. Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, «İmedis Ekspert» aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat pul ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib.

Bundan əlavə, daha iki vətəndaş da eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən dəyəri 2500 manat olan «İmedis Ekspert» aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. «İmedis Ekspert» aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri- dəqiq olduğu, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib.

Müəyyən edilib ki, klinikanın rəhbəri və onun həyat yoldaşı xeyli müddətdir ki, çoxsaylı vətəndaşları bu yolla aldadaraq, dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyiblər.

Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakıda fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunan cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG