Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:47
-
«RƏY»in DİREKTORU: «PULU ƏSİRGƏMİRİK»

«Rəy» Monitorinq Mərkəzi ötən həftə açıqlanmış sorğunu öz hesabına keçirdiyini deyir

«Rəy» Monitorinq Mərkəzi ötən həftə açıqlanmış sorğunu öz təşəbbüsü ilə keçirdiyini deyir. Sorğunun nəticələrinə görə, respondentlərin 81.2 faizi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib.

«BU, ŞİRKƏTİMİZİN KOMMERSİYA SİRRİDİR»

AzadlıqRadiosunun «Sorğu necə maliyyələşdirilib, sifarişçisi kimdir» sualını Mərkəzin direktoru Rizvan Abasov belə cavablandırır:

– Bu, şirkətimizin kommersiya sirridir. Məbləği açıqlamırıq.

– Sorğunun etibarlılığı üçün maliyyə mənbəyi açıqlanır. Nəticələri mübahisə doğurduğundan maliyyələşmə məsələsi də, istər-istəməz şübhə oyadır...

– Bu mənada pul əsirgəmirik. Etibarlılığa xələl gətirməmək üçün kifayət qədər xərcləmişik. Sorğunu öz gəlirlərimiz hesabına keçirmişik.
Rizvan Abasov bildirir ki, mərkəz öz təşəbbüsü ilə sifarişlərdən başqa müxtəlif mövzularda, cəmiyyət üçün aktual məsələlərlə bağlı sorğular da keçirir: «İyul ayının sonlarında apardığımız bu sorğu da məhz «Rəy»in öz təşəbbüsüdür».

«ÜZ-ÜZƏ ÜSULU»

Sorğunun hansı rayonları əhatə etməsi, respondentlərin dini, etnik, mədəni mənsubiyyətinə gəlincə, «bu sorğu ictimai rəyin zondajı tipinə aiddir. Dəfələrlə aprobasiya keçmiş, standartlaşdırılmış anket əsasında 18 yaşından yuxarı (1500 respondent) respondentlərin yaşayış yerində «face-to-face» («üz-üzə») metodu ilə aparılıb».

Mərkəzin direktoru sözünə davam edərək bildirir ki, “Bu sorğu omnibus tipli tədqiqatlara aiddir. Təsadüfi seçmə metoduna uyğun olaraq, seçmədə proporsional şəkildə 10 zona – respublikanın 36 yaşayış məntəqəsi təmsil olunub. İstifadə etdiyimiz bu seçmə proporsional şəkildə cəmiyyətin sosial stratifikasiyasını (o cümlədən yaş, cins, təhsil, dini mənsubiyyət və s. özəlliklərini) özündə əks etdirir”.
Rizvan Abasov onu da vurğulayır ki, son zamanlar dəb halını almış internet sorğuları mərkəzin fəaliyyət istiqamətlərinə daxil deyil: “Çünki bu sorğular ictimai rəyi real şəkildə ifadə etmir. Bu cür sorğulara, əsasən, əhalinin bütün sosial təbəqələri yox, yalnız aktiv insanlar qatılırlar”.

Mərkəz direktorunun fikrincə, Azərbaycana dəvət olunan xarici təşkilatların keçirdikləri sorğu nəticələri onların nəticələri ilə (nisbi xəta çərçivəsində) üst-üstə düşür.

***

İLHAM ƏLİYEV - 81.2, İSA QƏMBƏR - 2, ƏLİ KƏRİMLİ - 1 FAİZ

«Rəy» Monitorinq Mərkəzinin gerçəkləşdirdiyi rəy sorğusunda respondentlərin 81,2 faizi prezident seçkisində İlham Əliyevə səs verəcəyini açıqlayıb. Sorğunun 22-28 iyul arasında keçirildiyi bildirilir.
Nəticəyə görə, respondentlərin 2 faizdən azı İsa Qəmbərin və təxminən 1 faizi Əli Kərimlinin adını çəkib və hər 100 seçicidən 86 nəfəri (86,1%) Rüstəm İbrahimbəyovun "müxalifətin vahid namizədi" kimi irəli sürülməsindən xəbərsizdir.

«YALNIZ 1 FAİZ İBRAHİMBƏYOVUN ADINI ÇƏKİB»
Sorğuya 18 və daha yuxarı yaşlı 1500 nəfər qatılıb. Araşdırmanın 3 faiz nisbi xəta ilə aparıldığı iddia edilir.
İlham Əliyev və Rüstəm İbrahimbəyov

İlham Əliyev və Rüstəm İbrahimbəyov

Sorğunun hansı metodologiya əsasında aparılması, maliyyə qaynaqları və sifarişçisi barədə sualları «Rəy»in ofisindən bir gün sonra cavablandıra biləcəklərini dedilər. Qurumun saytında da sorğu barədə informasiya tapa bilmədik. Burada ən son informasiyanın bir neçə il öncə yerləşdirildiyi də diqqət çəkir.
KÖHNƏ TƏCRÜBƏ
2011-ci ildə də “Rəy”-in sorğusu əhalinin əksəriyyətinin Prezident İlham Əliyevi dəstəklədiyini bildirirdi. “Əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin əksəriyyəti – 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi,” – o sorğunun nəticələrində belə deyilirdi.
“Rəy” Monitorinq Mərkəzi 2005-ci ildə yaradılıb. Özünü ölkənin ən operativ və etibarlı sosioloji xidmətlərindən biri kimi tanıdır. Beş il əvvəlki prezident seçkisində mərkəzin keçirdiyi exit-pollun nəticələrinə görə, İ. Əliyev seçicilərin 80,5%-nin səsini toplayıb. Xatırladaq ki, bir çox yerli və xarici müşahidəçilər Azərbaycanda bircə dəfə də olsun azad və ədalətli seçki keçirilmədiyini, nəticələrin kütləvi saxtalaşdırıldığını söyləyirlər.
“SORĞU DA SEÇKİ KİMİDİR”
“Elə sorğu da seçkilər kimidir, saxtakarlıq olub-olmadığını sübut etmək çox çətindir” – ADAM Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Rüfət Qaragözlü AzadlıqRadiosuna belə deyir. O, açıqlanan rəqəmlərin şübhəli göründüyünü də sözlərinə artırır:
“Rəqəmlər özü hər şeyi açıqlayır. Əgər rəqəmlər cəmiyyətdə şübhə doğurursa, deməli, orada nəsə hiylə var. Bu rəqəmlər xeyli şübhəli görünür. Baxırıq ki, ölkədə etirazlar çox yüksəkdir. Üstəlik, inkişaf etmiş ölkələrdə də belə rəqəmlər olmur”.
Hafiz Həsənov

Hafiz Həsənov

​“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun fikrincə, indi ölkədə keçirilən heç bir sorğu həqiqəti əks etdirmir. Onun sözlərinə görə, respondentlər cavablarında səmimi olmur və ölkə vətəndaşlarının siyasi proseslərə gerçək münasibəti sorğulardan qat-qat fərqlənir:
“O CƏMİYYƏTDƏ Kİ, XOF VAR...”
“Siyasi xarakterli, seçkilərlə bağlı sorğularda insanlara elə gəlir ki, seçkinin nəticələri harasa göndəriləcək və onlara nəsə olacaq. Cəmiyyətdə bir xof var sanki. Xüsusən seçkiylə bağlı adamlara sual verəndə, onlar nədənsə çəkinərək iradələrinə uyğun olmayan fikirlər səsləndirirlər. O cəmiyyətdə ki, xof var, keçirilən sorğular da obyektivliyi əks etdirmir”.
Hafiz Həsənov bu tendensiyanın istər hakimiyyət və müxalifətin, istər QHT-lərin keçirdiyi, istərsə onlayn sorğularda özünü göstərdiyini deyir. İkinci məsələ isə qoyulan sualların bəzən aydın olmaması və sorğu təşkilatlarının istədikləri cavaba yönləndirmələriylə bağlıdır:
“İstənilən sorğunun etibarlılığı öndə gəlirsə, metodologiya, respondentlərin sayı, əhatə dairəsi, sifarişçi barədə bilgilər açıq paylaşılmalıdır. Bunlarsız sorğunu ictimaiyyətə təqdim etmək onun dəyərini sıfıra endirir”– hüquqşünas Ələsgər Məmmədli belə düşünr. O, özəlliklə metodologiyanın açıqlanma zərurətini vurğulayır:
“OTURUM “TORQOVI”DA, GƏLƏNLƏRDƏN SORUŞUM”
“Mən oturum “Torqovı”da və gələnlərdən soruşum, – bu da bir metodologiyadır. Ancaq hamı bilir ki, “Torqovı”nı – Nizami küçəsini seyrə çıxanların rəyi Gədəbəyi, Şamaxını əks etdirmir. Söhbət Azərbaycan üzrə reytinqdən gedirsə, onda bütün rayonları əhatə etməlidir. Kənd və şəhər əhalisinin say nisbəti, ali təhsilli, qeyri-ali təhsilli kateqoriya, ümumiyyətlə müxtəliflik əhatə edilməlidir ki, sorğu reallığa yaxın olsun”.
Bəs hansı halda media sorğunun nəticələrini yaya bilər? Ələsgər Məmmədli informasiyada əhatəliliyi, balansı, qərəzsizliyi gözləmədən rəy sorğularını mediada yaymağın qeyri-peşəkar yanaşma və təbliğat olduğuna əmindir.

Şərhləri göstər

XS
SM
MD
LG