Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:54
-

Masalının Xanalion kəndinə gəlişimizin məqsədi ağac-çayxana ilə tanış olmaq idi. Ancaq bu ağac-çayxana ilə tanış olmazdan kənd və onun qayğılarından bəhs edəcəyik. Zatən çayxananın sahibi deyir ki, onun bu özünəməxsus tapıntısını kəndin problemlərindən ayrıca təsvir etmək düzgün olmazdı.

Kənd Boradigah-Lənkəran yolunun 7-8 kilometrliyində yerləşir. Kəndə gedən yol asfaltlansa da dağılmaqdadır. Kənd sakini Ağa Əliyev deyir ki, bu yolu Rusiyada işləyən həmyerlisi salıb. Yerli hökumət orqanları və bələdiyyə yola bir qəpik də qoymayıblar.

Kənddə tikilən yeni evlər də gözə dəyir. Lakin köhnə evlər daha çoxdur. Ağa Əliyevin sözlərinə görə, yeni evləri Rusiyada çalışan həmyerliləri inşa edib. Onun deməsinə görə, kənddə yaşayıb, işləməklə ev tikmək mümkün deyil.

Kəndin əsas yolları da yaxşı deyil. Kənd sakinlərin demələrinə görə, yaz və yay aylarında kəndin yollarında bütün markada olan nəqliyyat vasitələri hərəkət edə bilir. Lakin qalan fəsillərində yollarda hərəkət məhdudlaşır.

Kənd sakini Maqsud Şirəliyev isə təbii qazın olmamasından şikayətlənir:

«DƏRDİMİZİ DEMƏYƏ QAPI QALMAYIB»

Maqsud Şirəliyev

Maqsud Şirəliyev

«Sovet quruluşunun dağılması ərəfəsində kəndə qaz xətti çəkilib. Sovetlər dağılandan sonra kəndlərə qaz xəttinin çəkilməsi dayandırıldı, bu günə qədər təbii qaz yoxdur. Bələdiyyələrə etimad göstərmişik, səs vermişik. Lakin kənd əhalisinin güzəranının yaxşılaşması üçün heç bir iş görülməyib. Hansısa xeyriyyəçi tərəfindən kənd yolu bərpa olunanda bələdiyyə öz adına çıxardı. Xanalion kəndinin sakini kimi deyirəm ki, dərdimizi deməyə heç bir qapı qalmayıb».

Kənd sakini elektrik xətlərinin də yarasız halda olduğunu deyir:

«KƏNDDƏ BİR NEÇƏ TÖVLƏ YANIB...»

«Elektrik dirəklərinin hamısı pis haldadır, xətlər sallanıb. Kənddə bir neçə tövlə yanıb, bu da işıq xətlərinin ucbatından olub. İctimai iaşə obyektləri yoxdur».

Maqsud Şirəliyev deyir ki, kənddə tibbi yardım demək olar ki, əlçatmazdır. Kənd rayon mərkəzindən 17-19 kilometr uzaqlıqda yerləşir. Qışda tibbi yardım istəyənləri vaxtında mərkəzə çatdırmaq mümkün olmur. Nəticədə ölüm hadisələri baş verir:

«HƏKİM MƏNTƏQƏSİ OLMADIĞI ÜÇÜN...»

Ağac-çayxanaya qalxan sakin

Ağac-çayxanaya qalxan sakin

«Həkim məntəqəsi olmadığı üçün doğum vaxtı və digər ağır vəziyyətdə ölüm hadisələri baş verib. Kənd rayon mərkəzinə uzaq olduğu üçün biz xəstələri lazım olan yerlərə çatdıra bilmirik. Xahiş edirik, dərdimizə həyan durun. 150 təsərrüfat var, qədim kənddir. Kəndin dolanışığı əkin- biçindəndir».

O hesab edir ki, kənd təbii qazla təmin olunmasa yaxınlıqdakı meşələr də tükənəcək. Çünki əhalinin əsas yanacağı odundur:

«MEŞƏDƏ DƏMİR AĞACI, PALID AĞACINI QIRIB, ODUN KİMİ YANDIRIRLAR»

«Meşədə dəmir ağacı, palıd ağacını qırıb, odun kimi yandırırlar. Bir illik odun almaq üçün 200-250 manat pul xərcləməli oluruq. Bu da kasıb ailələr üçün çox böyük məbləğdir».

25-30 METR HÜNDÜRLÜKDƏ ÇAYXANA...

Maqsud Şirəliyevin deməsinə görə, KİV-in diqqətini bu problemlərə cəlb etmək üçün kəndin kənarında, hündürlüyü 25-30 metr olan ağacda çay evi də yaradıb. KİV-lər burda çəkiliş aparsalar da kəndin problemlərindən bəhs etməyiblər. Çayxana-ağac kəndin kənarında yerləşir. Burda mini bağ salınıb. Hündür ağacda isə masa və oturacaq bərkidilib. Arzu edənlər ağaca çıxıb çay içirlər. Çay isə kəndir vasitəsi ilə ağaca ötürülür. Maqsud Şirəliyevin deməsinə görə, bura kənd sakinlərinin istirahət etdiyi yeganə yerdir. Biz bura gələndə bir kənd sakininin ağacda əyləşib, çay içdiyini gördük. Onunla tanış olduq Qarabağ müharibəsi əlili Əkbər Cabbarov idi.

Əkbər Cabbarov

Əkbər Cabbarov

Əkbər Cabbarov özünün şəxsi problemlərindən danışır. Gözləri xəstədir. 20 ildən çoxdur ki, bədənində qəlpə gəzdirir, müalicəyə ehtiyacı var. Köhnə ata evində yaşadığını deyən əlil evin dağılmaq üzrə olduğunu deyir. Digər tərəfdənsə onu ev növbəsinə götürmürlər:

«Neçə dəfə müraciət etmişəm. Evimin içinə yağış damır. Mənə maşın verməlidirlər. Maşına görə məni göndərdilər Bakıya. Ekspert orda mənə dedi ki, güllə beyninin sağ tərəfindən dəyib. Sol tərəfdən dəysəydi nəzərə alınardı. Dedi, bizdə belə qanun var. Belə qanun eşitməmişəm?».

Kənddə söhbət etdiyimiz digər sakinlərin də dilindən ancaq giley-güzar eşitdik.

QAZ ÇƏKİLİŞİ VƏ YOLUN TƏMİRİ NƏZƏRDƏ TUTULUR...

Masallı rayon İcra Hakimiyyətinin 2013-cü ilin 2-ci rübündə sosial-iqtisadi inkişafın yekunları barədə hesabatında deyilir ki, 6 ay ərzində kəndlərdə 1137 metr uzunluğunda qaz xətti yenilənib. Bu yaxınlarda Eminli kəndi təbii qazla təmin olunub. Qarğalı, Kürdəbaz, Şəhriyar kəndlərinə yeni qaz xətti çəkilib. Hazırda 22 kəndə qaz verilir. Xanalion kəndi daxil olmaqla, daha bir neçə kəndə qazın verilməsi planlaşdırılıb. Kənd yollarının da təmir edilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG