Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

İmişlidə abadlıq işləri prezidentə görə aparılır?


İmişlidə təmir-tikinti işləri

İmişlidə təmir-tikinti işləri

-

Uzun fasilədən sonra İmişli rayonunun mərkəzi hissəsində yarımçıq qalan təmir-tikinti işlərinin davamına başlanılıb. Bu məqsədlə İmişli Rayon İcra Hakimiyyətində (RİH) qərargah yaradılıb. Hər iş gününün sonunda idarə və müəssisə rəhbərlərinin iştirakı ilə RİH-in inzibati binasında toplantı keçirilir.

PREZİDENTİN NÖVBƏTİ SƏFƏRİNƏ HAZIRLIQ

Son günlər mərkəzi icra hakimiyyəti orqanlarından rayona ezam olunan vəzifəli şəxslər polis avtomobillərinin müşayiəti ilə əraziyə baxış keçirir. Heydər Əliyev prospektində tikintisi yarımçıq qalan barılar hörülür, yol kənarlarında tək-tük qalan ağaclar budanır. Əhali arasında gəzən söz-söhbətə görə, yaranan canlanma prezidentin rayona növbəti səfərinə hazırlıqla bağlıdır.

PUL AYRILANDAN SONRA İŞ DAYANDI

Yada salaq ki, ötən ilin aprelindən başlayaraq 6 ay müddətində İmişli şəhərində geniş miqyaslı tikinti işləri aparılıb. Həmin il oktyabrın 28-də ölkə başçısının bu rayona səfəri zamanı yeni istifadəyə verilən bir neçə obyektin açılışı olub. Bundan bir neçə gün sonra isə «İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə» prezident sərəncam verərək icra hakimiyyətinə 2 milyon manat ayırıb.

Sərəncamdan sonra «sosial-iqtisadi inkişaf tədbirləri» nəinki sürətlənmədiyi, hətta yarımçıq qalan tikililərdə tamamlama işlərinin belə görülmədiyi müşahidə olunub. Tikintidə iştirak etmiş iş adamlarının və fəhlələrin İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbi aylarla davam etdi, narazı qalanlar, həbs olunanlar oldu.

«Yeni Müsavat» qəzetinin iddiasına görə, İmişli RİH başçısı Vilyam Hacıyev tikinti borclarının bir hissəsini şəxsi mülklərini satmaqla ödəyib. Amma hələ də İmişli RİH-dən haqqını tam almadığını deyənlər də var.

«BU İŞLƏR PREZİDENTİN GƏLİŞİNƏ HESABLANIR»

İmişli şəhər sakini Səxavət Quliyev «abadlaşdırma» adı altında görülən işlərin sosial-iqtisadi inkişafa heç bir aidiyyatı olmadığını deyir:

«Heydər Əliyevin adını daşıyan prospektdə və parkda nə qədər ağac kəsildi, yol kənarlarına 3 metr hündürlükdə hasar çəkiblər - budurmu inkişaf?

Bu uca hasarlar arxasında camaat istidən, bürküdən nəfəs ala bilmir. Keçən il çəkdikləri səkilər sıradan çıxıb. Özü də bu kosmetik tədbirlər prezidentin rayon ərazisində hərəkət trayektoriyasına uyğun aparılır, yalnız onun keçib-gedəcəyi yerlərə əl gəzdirirlər. Evlərin dam örtüyünə baxın, prospektdən görünən hissəsinə qırmızı boya çəkiblər, arxa planda olan hissəsi isə əvvəlki tək qalıb. Fəhlələr evlərin köhnə, mamır bağlamış şiferlərinin üstünə çıxanda onların bəziləri ayaq altında sındı, yağıntılı günlərdə həmin evlər damır».

«HƏRƏYƏ BİR DARVAZA ASAQ!»

Səxavət Quliyev

Səxavət Quliyev

Rayonun mərkəzi hissəsindəki ictimai binaların, kommersiya obyektlərinin fasadları, fərdi təsərrüfatların hasarları üçün «vahid forma» tətbiq edilərək, eyni daşla üzlənib. Hətta bu zaman vətəndaşların yaşayış yerlərindən prospektə açılan darvazalarının da dəyişdirilməsi işinə başlanılıb. İmişli RİH-in internet səhifəsində yayılan məlumata görə, indiyədək 100-ə yaxın darvaza yenisi ilə əvəzlənib və əlavə olaraq 150 darvaza dəyişdirilməlidir.

Adının açıqlanmasını istəməyən mənbə iddia edir ki, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, digər vəzifəli şəxslər, habelə iş adamları qarşısında «Hərə bir darvazanın xərcini ödəsin» tələbi qoyulub.

PREZİDENTİN KEÇİB-GEDƏCƏYİ YOLLARIN KƏNARINA HASAR ÇƏKİLİR

Prezidentin ötən səfərindən tikintisi yarımçıq qalan «Gənclər Mərkəzi»ndə, ayrı-ayrı dövlət müəssisələrinin yerləşdiyi 2 mərtəbəli ictimai binada yenidən qızğın iş gedir. Şəhərin 5 saylı tam orta məktəbinin tədris və yardımçı binaları əsaslı təmir edilir. Ədliyyə Nazirliyinin tabeliyində olan təşkilatlar üçün tikilən 4 mərtəbəli binada tamamlama işləri görülür. Obyektlərin açılışında dövlət başçısının iştirak edəcəyi nəzərə alınaraq, onların yerləşdiyi Tofiq İsmayılov küçəsində yol kənarlarına hasar çəkilir.

DÖVLƏT QULLUQÇUSU XEYRİYYƏÇİ ROLUNDA

İmişli

İmişli

Tikintiyə cəlb edilən fəhlələr 40 dərəcədən artıq istidə açıq havada işləməli olur. İmişli rayonunun Xoşçobanlı kəndinin sakini Səyyub Bağırov deyir: «Bizi işə Saleh müəllim götürüb və pulumuzu da o verir».

Qeyd edək k, Saleh Səmədov «Araz» konservləşdirilmiş şirələr və konyak zavodunun, «Kral» şadlıq sarayının sahibidir. O, 2011-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb və bir müddət sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarə rəhbəri təyin edilib.

Hasarlama və abadlaşdırma işlərinin dövlət qulluqçusuna həvalə edilməsi ilə bağlı iddialara aydınlıq gətirmək üçün adı çəkilən Saleh Səmədovun özü ilə əlaqə saxladıq. O, deyilənləri təsdiqlədi: «Bu işləri öz şəxsi vəsaitim hesabına görürəm. Smeta tutulmayıb, buna görə nə qədər xərcimin çıxacağını indidən deyə bilmərəm».

«EYVANA ÇIXA BİLMİRİK»

Həzi Aslanov küçəsindəki 24 saylı evdə yaşayan Azad Quliyev gileylənir ki, binanın küçəyə baxan hissəsinin divarlarına bəzəkli üzlük çəkilərkən onların eyvanlarının taxta və dəmirdən olan mühafizə torları qoparılıb: «Əvvəl fikirləşirdik ki, onları yenisi ilə əvəzləyəcəklər. Ona görə bir müddət gözlədik. Amma divar üzlənsə də, eyvanlarımız bərpa edilmədi. O vaxtdan bəri nəzarətsiz qalan uşaqların yerə yıxılacağına görə narahatlıq keçiririk. Kənarları açıq olduğundan heç özümüz də bayıra çıxa bilmirik».

ƏVVƏL İŞ, SONRA PUL

Adətən prezident ölkə daxili səfərlərdən qayıdan kimi həmin şəhər və ya rayonun icra hakimiyyətinə pul ayrılması barədə sərəncam imzaladığı müşahidə olunur. Son illər abadlıq tədbirləri üçün kənd rayonlarına ayrılan məbləğ 2 milyon manat təşkil edir.

Əli Qasımlı

Əli Qasımlı

AXCP İmişli rayon təşkilatının sədri Əli Qasımlı hesab edir ki, bu fakt özlüyündə korrupsiyanın əyani göstəricisidir: «Prezident sərəncamında qeyd edir ki, vəsait ayrılanadək müəyyən işlər görülüb. Amma həmin işlərin maliyyə mənbəyi yoxdur. Bu işi hansısa tikinti təşkilatı görməli, bundan ötrü tender keçirilməlidir. Görülmüş işlərin haqqı faktiki olaraq bu vəsaitlə ödənildiyindən, sərəncamda qeyd edilən «sürətləndirmə»dən söhbət gedə bilməz. Bu, əslində «borc qaytarma»dır. Ortaya sual çıxır: smeta tutulmadığı, vəsait ayrılmadığı bir vaxtda tender necə keçirilir? Əgər həqiqətən tender keçirilibsə və işi qalib gələn müəssisə icra edirsə, İcra Hakimiyyəti niyə qərargah yaradır, fəhlənin pulunu ödəyir?».

İCRA HAKİMİYYƏTİNİN SORĞUYA REAKSİYASI

Son iki həftə ərzində İmişli Rayon İcra Hakimiyyətindən məlumat almaq cəhdlərimiz heç bir nəticə vermədi. Aparatın sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Valid Ağayev abadlaşdırma işlərinin maliyyə mənbəyi, il ərzində keçirilmiş tenderlər və onların nəticələri barədə məlumatsız olduğunu dedi. İmişli RİH başçısının köməkçisi Fizuli İsayev də tikinti-memarlıq şöbəsinin müdiri Emil Fərzəliyevlə əlaqə saxlamağımızı məsləhət gördü. Sonuncu isə hər hansı informasiya vermək səlahiyyətində olmadığını bildirdi.

İcra Hakimiyyətinin informasiyanın təhlili və təminatı şöbəsinin müdiri Elnur Tağıyev isə sualları cavablandırmaq üçün şərt qoydu ki, gərək onları yazılı surətdə təqdim edək. Bunu da etdik. Lakin cavab gözlədiyimiz bir vaxtda rayon polis idarəsinə çağırıldıq və orada araşdırmanı dayandırmağımız tələb edildi.

«GÖRÜLƏN İŞLƏR AYRILAN VƏSAİTDƏN ÇOXDUR»
VƏ YA İMİŞLİ QISA MÜDDƏTƏ NECƏ PARİS OLA BİLƏR?


Əsabil Qasımov

Əsabil Qasımov

​İmişlidən olan Milli Məclisin deputatı Əsabil Qasımov isə bu yaxınlarda rayona getdiyini, aparılan işlərlə yerində tanış olduğunu və ondan razı qaldığını deyir:

«Çox yaxşı iş görülür, camaat da razıdır. Yarımçıq qalan işlər davam etdirilir. Bəzi yerlərdə həyət qapıları qoyulmamışdı, indi onları da qoyurlar. Biz özümüz də 5 saylı məktəbin təmirində iştirak edirik. Siz istəyirsiniz ki, qısa müddətdə bura Paris olsun. Amma bu, mümkün deyil axı. Böyük şəhərlərdə də məhz mərkəzi küçələr abadlaşdırılır.

Rayona ayrılan maliyyə vəsaitinin xərclənməsinə bir deputat kimi mən qarışmıram, yaxud da onları, necə deyərlər, audit etmirəm. O ki qaldı ictimai məlumatların İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməməsinə, işlər göz qabağındadır. Bunu gözlə gördüyünüz halda saytdan oxumağınıza nə ehtiyac var? Mən düşünmürəm ki, burada qara bir şey var. Çünki görülən iş ayrılan vəsaitdən qat-qat çoxdur. Rayonun 110 min əhalisi var, o desin mənə cavab ver, bu desin belə, olmur axı».

Şərhləri göstər

XS
SM
MD
LG