Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

ABŞ Ali Məhkəməsinin hakimi Elena Kagan: «Yolda həmişə kələ-kötür olur»


Elena Kagan

Elena Kagan

-
ABŞ Ali Məhkəməsinin 9 hakiminin ixtiyarında nə ordu, nə polis, nə də büdcə hakimiyyəti var. Buna baxmayaraq, iki əsrdən də uzun müddətdə bu məhkəmə ABŞ Konstitusiyasının mübariz bir şəkildə gözətçisi olub.

ABŞ Ali Məhkəməsi necə yaranıb və öz müstəqil rolunu necə qoruyaraq saxlaya bilib? Amerikanın təcrübəsi qanunun aliliyinə nail olmağa çalışan və müstəqil ədliyyə sistemi yaratmaq istəyən ölkələrə örnək ola bilərmi?

ABŞ Ali Məhkəməsinin hakimi Elena Kagan AzadlıqRadiosunun Praqa qərargahında müxbir Brian Whitmore-a bu barədə eksklüziv müsahibə verib. 2010-cu ildə Ali Məhkəmədə ömürlük postuna gəlib çıxanadək Elena Kagan Obama administrasiyasında baş ədliyyə müşaviri işləyib və Harvard Hüquq Məktəbində dekan olub.

- Gəlin, lap təməl məsələlərdən başlayaq. AzadlıqRadiosunun yayım hədəfi olan ölkələrin bir çoxu müxtəlif uğur dərəcəsi ilə müstəqil məhkəmə sistemi yaratmağa çalışır. Bəziləri bunu etdiklərini desələr də, amma etmirlər. Bəziləri səmimiyyətlə bu işi görməyə çalışır, lakin məqsədə nail ola bilmirlər. Az sayda bəzi ölkələr isə kifayət qədər uğur qazana bilib. Amerika Birləşmiş Ştatlarında müstəqil ədliyyə necə təşəkkül tapıb? Bu yolda əsas kələ-kötürlər nədən ibarət olub? ABŞ-da ədliyyə sisteminin qurulması və inkişafı tarixi müstəqil ədliyyə yaratmağa çalışan ölkələr üçün nümunə ola bilərmi? ABŞ ədliyyəsini banilərinin parlaq ağlımı yaradıb, yoxsa tale yar olub?

- Bizim bəxtimiz gətirib. Lakin bizim həm də indiki vəziyyətə gəlib çıxmağımız üçün nəhəng bacarıq və müdriklik sərf etmiş insanlarımız olub. Lakin axı biz həm də tam kamil deyilik.
Hər bir ölkənin yolu fərqlidir, çünki hər bir ölkənin fərqli ənənələri və tarixi var.
Yolumuzda həmişə kələ-kötürlər olub və qanunun aliliyinin təmin edilməsi, müstəqil ədliyyənin yaradılması yolunda daim nə isə daha çox iş görmək olar.

Lakin Birləşmiş Ştatların xeyrinə işləyən faktorlar olub və hər ölkənin belə faktorları yoxdur. Ölkədən ölkəyə nə isə öyrənmək olar, lakin bunun miqyası məhduddur. Sən müəyyən dərsləri öyrənə bilərsən, lakin hər bir ölkənin yolu fərqli olacaq, çünki hər bir ölkənin fərqli ənənələri və tarixi var.

Amerika Birləşmiş Ştatlarında hələ inqilabdan əvvəl də ədliyyə sisteminə və qanunun aliliyi prinsipinə həmişə canatımı olub. Bu, qismən İngiltərədən və onun ümumi qanunlar sistemindən ABŞ-a miras qalıb. İnqilab da müəyyən müstəqil ədliyyə sisteminin tərkibi olan struktura müəyyən mənada təsir edib. Burada artıq hakimiyyətlər bölgüsü vardı və ədliyyə istər qanunvericilik, istərsə də icra hakimiyyətindən kənarda dururdu. Həmçinin təşəkkül dövrünün əvvəllərində, inqilab zamanı və konstitusiyanın inkişaf dövründə federalizmə keçid gedirdi. Yəni, bu, bir milli dövlət yox, federal dövlət olacaqdı.

Və nəhayət, tariximizin başlanğıcında bizim bir çox müdrik liderlərimiz olub. Bunların arasında elə bir insan da var ki, onu hüquqşünas olmayanlar tanımırlar. Halbuki, hər bir kəs prezidentlər Thomas Jefferson və James Madison-u tanıyır. ABŞ Ali Məhkəməsinin binası

ABŞ Ali Məhkəməsinin binası

Lakin bilmək istəsəniz, bizim məhkəmə sistemimizin, icra və qanunvericilik hərəkətlərinə məhkəmə nəzarəti konsepsiyasının əsasını qoyan şəxs bir neçə onillik ərzində ABŞ Ali Məhkəməsinə sədrlik etmiş (1801-1835) John Marshall olub. Bu şəxs təkbaşına isbat edib ki, məhkəmələr Amerikanın hökumət prosesində mühüm və müstəqil oyunçu olmalıdır.

- Bu, Amerikanın siyasi mədəniyyətindən və təsisatlarındanmı irəli gəlirdi?

- Bilirsinizmi, mədəniyyət və təsisatlar arasında əlaqə var. John Marshall-ın etdiyini etməsinə siyasi mədəniyyət imkan verib. O bu qənaətə gəlib ki, konstitusiyaya ali mövqedə duran birisinin nəzarətinə ehtiyac var və bu rol məhkəmələrə düşür. Məhkəmələr bu rolu Konqres və ya prezident konstitusiyanı pozanda oynayırlar.

Təsəvvür edin ki, heç də hamı belə bir sistemdən razı qalmırdı. Bəziləri düşünürdülər ki, nəyin konstitusiyaya zidd olduğunu Konqres və ya icra hakimiyyəti də müəyyən edə bilər.

Tarixdə dəfələrlə olub ki, Amerika qəhrəmanları da daxil olmaqla, bu məsələni sual altına alıblar. Məsələn, Abraham Lincoln heç vaxt məhkəmə nəzarətinin aşiqi olmayıb. Lakin sonda müstəqil məhkəmə sistemi siyasi sistemimizin əsas hissəsi olaraq qalıb. Nəticə olaraq, Konqresin və ya prezidentin öz səlahiyyətlərini aşıb-aşmadıqlarını deyən məhkəmələrdir.
Abraham Lincoln heç vaxt məhkəmə nəzarətinin aşiqi olmayıb.

- AzadlıqRadiosunun yayımlandığı ölkələrin əksəriyyətində problemlər heyrətamiz şəkildə eynidir. Mən istərdim ki, bu problemlərdən bəzilərini deyim və siz onlar barədə fikir söyləyəsiniz. Amerika tarixində bunlara bənzər məsələlər olubmu? Olubsa, onlar necə həll edilib? Birincisi, rusların «telefon ədliyyəsi» dedikləri bir şey var. Nəzəri baxımdan bu o deməkdir ki, mühüm məsələlərdə işə baxan hakimə icra hakimiyyətindən və ya onun adamından zəng gəlir və bildirilir ki, hakim hansı hökmü çıxarmalıdır. Belə bir praktikanın geniş yayıldığı ölkələrdə müstəqil məhkəmə sistemi necə qurula bilər?

- Bizdə belə şeylər olsa idi, dərhal sistemin pozulması kimi qəbul edilərdi. Bu, qanunun aliliyi üzərində qurulan sistemin tam əksi olan bir haldır. Qanunun aliliyi üzərində qurulmuş sistem isə deyir ki, hakim və ya məhkəmə öz hökmünü icra hakimiyyətinin iradəsi ilə yox, qanunun diktə etdiyi hökmlə çıxarır.

Ədliyyə sisteminin müstəqilliyi onun hakimiyyətlərə meydan oxumaq qabiliyyəti və iradəsi ilə ölçülür. Məhkəmə hakimiyyətlərə bildirir ki, onlar səlahiyyətlərini aşıblar.

- Bir çox ölkələrdə ədliyyə və qanunverici orqan bütün məsələlər barədə qərarlar qəbul edən icra hakimiyyətinin de-fakto kosmetik əlavəsindən başqa bir şey deyil. Elə isə icra qolunun tam hakimiyyətə malik olduğu ölkələrdə müstəqil ədliyyə necə qurula bilər?

Rusiyada məhkəmə prosesi - 2011

Rusiyada məhkəmə prosesi - 2011

- Bu, müstəqil ədliyyə sisteminin müəmmalarından biridir və əsasən sistemin mədəniyyətindən asılıdır. Bizim erkən prezidentlərimizdən biri - Andrew Jackson da məhkəmələri çox sevmirdi. Onun bir məşhur bəyanatı vardı: «Lap yaxşı, məhkəmə hökm çıxardı, qoy özü də onu icra etsin». Bu o demək idi ki, prezident hökmün icrası üçün əlini ağdan qaraya vurmaq niyyətində deyil. Əslində o, hər şeyi etməyə hazır idi ki, hökm qüvvəyə minməsin. Axı, məhkəmənin ordu səlahiyyəti yox idi. Onun heç pul kisəsi də yox idi. Odur ki, bu, əbədi bir sualdır: Məhkəmə hökmünün icrasına necə nail olmalı? Burada əsas məqam sistemə daxil digər oyunçuların və geniş mənada adamların hökmə tabe olmaq istəyidir. Onlar başa düşməlidirlər ki, hətta hökmlə razılaşmadıqları halda belə, bu sistem hökmlər icra olunduqda işləyə bilər.

- Başqa bir problem «telefon ədliyyəsi» kimi tanınan ayrı-seçkili bir sistemdir. Bəzi ölkələrdə adamları ona görə mühakimə edirlər ki, onlar hakimiyyət üçün namünasib adamlardır. Bu sistemdə bir başqaları cəzasız qalır. Belə bir sistemdə namuslu hakim necə hərəkət edə bilər?

- Sizin sualınızın birinci hissəsi ona işarə edir ki, qanunun aliliyi sistemi namuslu hakimlərdən asılıdır. Lakin bu, həm də siyasi oyunlarda iştirak etməyən prokurorlardan asılıdır. Bu, həmçinin belə halların qarşısını alan qanunların mövcudluğundan asılıdır. Belə bir qanunvericiliyin olması və onun manipulyasiyasının çətinliyi belə halların başvermə ehtimalını son dərəcə azaldır.

- Nəhayət «təbiətə çevrilmiş korrupsiya» deyilən bir anlayış var. Bu o halda baş verir ki, korrupsiya sistemdə mücərrəd bir hal deyil, sistemin təbiətindədir. Qanunlar yayğın tərtib edilir. Rejimin münasib hesab etmədiyi hər bir kəs mühakimə edilə bilər. Vəziyyət belə olur ki, hətta loyal olmayan rəsmilər də mühakimə ilə üzləşə bilərlər. Ədliyyə bu problemi necə həll edə bilər?

Ətrafdakı cəmiyyət bütünlüklə korrupsiyaya bulaşdığı halda hakimlərin namuslu olmasını təsəvvür etmək çətindir.Amma mən inanmıram, elə bir ölkə olsun ki, orada bütün hakimiyyət korrupsioner olsun və heç ədliyyə olmasın.
- Ətrafdakı cəmiyyət bütünlüklə korrupsiyaya bulaşdığı halda hakimlərin namuslu olmasını təsəvvür etmək çətindir.Amma mən inanmıram, elə bir ölkə olsun ki, orada bütün hakimiyyət korrupsioner olsun və heç ədliyyə olmasın.

- Deməli, problemin həlli ədliyyədən başlaya bilməz?

- Əl-ələ verib nə isə etmək olar. Lakin təsəvvür etmək çətindir ki, bütün ətraf korrupsiyalı olduğu bir şəraitdə ədliyyə təmiz qala bilsin. Ədliyyə təkbaşına problem həll edə bilməz.

- Yəni, bu mənada ədliyyə dəyişikliyin hərəkətverici qüvvəsi ola bilməz…

- Düşünürəm ki, ola bilər, lakin ədliyyənin bunu kənar yardım olmadan necə edəcəyini düşünmək çətindir.

- Hakimlərin təyinatlı və ya seçkili olması müstəqil məhkəmə sisteminin yaradılmasında nə kimi rol oynayır?

- Birləşmiş Ştatların müxtəlif yerlərində bu baxımdan müxtəlif sistemlər təşəkkül tapıb. Federal hakimlər bir qayda olaraq təyin edilirlər. Lakin bizim ştat sistemimizdə bir çox ştatlar hakimləri seçirlər. Məsələnin hər iki tərəfinə toxunmaq lazımdır. Seçki insanlara ədliyyə sistemində öz sözlərini demək imkanı verir və ədliyyəni insanlara daha yaxın edir. Lakin elə bu cür vəziyyətin fəziləti ilə belə sistemlər bəzən korrupsiyalaşmış olur. Bir çox amerikalılar düşünə bilərlər ki, hakimləri seçmək yaxşı bir işdir. Lakin kim təminat verə bilər ki, bu seçki sisteminə qüdrətli oyunçular tərəfindən müdaxilə edilmir? ABŞ Ali Məhkəməsinin hakimləri-2010

ABŞ Ali Məhkəməsinin hakimləri-2010


- Bəzi ölkələrdə məhkəmələrin müstəqilliyinə mane olan münsiflər məhkəməsinin olmamasıdır. Münsiflər sisteminin yaradılması məhkəmə sisteminin müstəqilliyinə kömək edə bilərmi?

- Düşünürəm ki, qanunun aliliyi və yaxud müstəqil məhkəmə sistemi münsiflər sistemi olmadan da mümkündür. Düşünmürəm ki, münsiflər məhkəməsinin olmaması problemin əsas səbəbidir. Siz buna Britaniya və Amerikanı müqayisə etməklə inana bilərsiniz. Biz Britaniya sistemindən yaranmışıq, lakin Britaniya sistemindən qaynaqlanan bir sıra pozuntuları aradan qaldırmaq üçün münsiflər sisteminə müraciət etmişik. Bununla belə, heç kəs deyə bilməz ki, Britaniya sistemi qanunun aliliyinə əsaslanmır.

Münsiflər bəzi məsələlərdə faydalıdırlar. Ola bilər ki, onlar başqa hüquqi problemlərə yanaşmada heç də ən yaxşı həll yolu deyillər. Hər bir ölkə münsiflər sistemi yaratmadan da müstəqil məhkəmə və qanunun aliliyi sistemini qura bilər.
Qanunun aliliyi və yaxud müstəqil məhkəmə sistemi münsiflər sistemi olmadan da mümkündür.

- Necə olub ki, amerikalılar münsiflər sistemini qəbul ediblər?

- Hələ Britaniya üsul-idarəsi zamanında ilk məskunlar düşünürdülər ki, kral hakimləri onlarla ədalətsiz rəftar edirlər. Adamlar düşünürdülər ki, səninlə bərabər hüquqlara malik insanlardan ibarət münsiflər okeanın o tayındakı ölkəyə tabe olan kral hakimlərindən daha ədalətli qərarlar çıxara bilər. Adamlar hesab edirdilər ki, onları dünyanın o başında olan kralın hakimləri deyil, onların qapıbir qonşuları mühakimə etməlidirlər.

- Öz müstəqil ədliyyə sistemini qurmağa çalışan insanlara əlavə olaraq nəsə demək istərdinizmi?

- Bu çox çətin məsələdir və əslində, bunu etməyə dəyməz də…Bu proses heç bir ölkədə başa çatmayıb. Biz daim təkmilləşə bilərik. Yolda həmişə kələ-kötürlər və çözüləcək problemlər olur. Lakin qanunun aliliyinə və müstəqil məhkəməyə söykənən sistemə daim can atmaq cəmiyyət qarşısında yaxşı bir xidmətdir. Azadlıq, firavanlıq və cəmiyyətin stabilliyi, doğrudan da, məhz bundan asılıdır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG