Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:15

Bakıda imtahan günü [Video]


Bakıda "ağ xalat" imtahanı...
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00
-
İyulun 28-də özəlliklə həkim olmaq istəyənlərin ali məktəblərə qəbul imtahanı keçirilirdi. İmtahan saat 11-də başlasa da, abituriyentlərdən hələ saat 10-dan, hətta 9-dan da gələnlər vardı. Valideynlər övladlarına son məsləhətlərini verir, nəvazişlə imtahan binasına yola salırdılar. Onlar nəvazişə, ürək-dirəyə ehtiyac duyurdular, axı irəlidə daha böyük həyəcan və qorxu, həm də narahatlıqla üzləşəcəkdilər...

İMTAHAN HƏYƏCANI...

Mobil telefon, üzündən köçürməyə imkan verən kağız-kuğuz və ya elektron vasitələrin olub-olmaması yoxlandıqdan sonra abituriyentlər içəri daxil olurlar. Ad-soyad dəqiqləşdirmələrinin ardından onlar imtahan verəcəkləri otağa keçib, öz yerlərini tuturlar.

Düz saat 11-də abituriyentlərə 4 variantda sual kitabçaları paylanır. Beləcə, həlledici anlar yetişir; kimi hələ sual kitabçasını açmadan gözlərini ovuşdurur, kimi də baxışlarını nəzarətçinin əlindəki sual kitabçalarına zilləyir və kitabçanı alınca, dərhal vərəqləyir. Bəlkə də özlərinə bir il kimi görünən bir neçə dəqiqəlik həyəcandan sonra abituriyentlər sualları cavablamağa başlayırlar.

ATA-ANA HƏYƏCANI...

Abituriyentlər imtahanlarını verməkdə olsun, sizə kimdən söz açaq? – ata-analardan. Bütün bu müddətdə onlar da baxışlarını bir nöqtəyə zilləyiblər – imtahanlar gedən binanın qapısına. Övladının yüksək nəticə göstərəcəyinə əmin olan da var, özünü itirib imtahandan yarımçıq çıxacağından üzülən də...

Gülnarə Mehdiyeva deyir ki, qızı 3 ildir repetitor yanına hazırlığa gedir və sınaq imtahanlarında 500 baldan yuxarı nəticə göstərib:

«Qızım çox əziyyət çəkib. Gecələr yatmayıb imtahanlara hazırlaşıb. Arzusu həkim olmaqdır. İnşallah, hər şey yaxşı olar».

Foto: Arxiv
Foto: Arxiv
İMTAHAN VERƏNLƏRİN ARZUSU...

Bütövlükdə IV ixtisas qrupu üzrə 12 minə yaxın abituriyent sənəd verib. Onlardan 670 nəfəri imtahanlara qatılmayıb, 16 nəfər imtahan qaydalarını pozduğuna görə, nəticələri ləğv olunub. IV qrupu özəlliklə tibb, idman və biologiya müəllimliyi ixtisaslarına yiyələnmək istəyənlər seçirlər. Digər qruplarla müqayisədə bu qrup, adətən, daha yüksək nəticə göstərir. Elə imtahan binasının qarşısında söhbətləşdiyimiz əksər valideyn də övladlarından, azı, 500 bal gözlədiklərini bildirirlər:

– Qızımın arzusu həkim olmaqdır. Ötən il məktəbi bitirib, amma qəbula balı çatmayıb. Ümid edirəm, bu il arzusuna çatar və Tibb Universitetinə qəbul olunar. Mən qızımdan, azı, 500 bal gözləyirəm.

– Oğlumdan 700 bal umuram.

– Mənim oğlum 2 ildir hazırlığa gedir. Sınaq imtahanlarında yaxşı nəticə göstərib. Ondan 600-dən yuxarı bal gözləyirəm.

ABİTURİYENTLƏRİN QİYMƏTLƏNDİRMƏSİ

İmtahanın bitməsinə dəqiqələr qalır. «Azarkeşlər»dən, özəlliklə ata-analardan əlindəki kitabdan dua oxuyanlar da gözə dəyir. Oxuyandan sonra salavat çevirib, uşaqlarına dua edirlər.

Saat 14:00. İmtahan başa çatır... Abituriyentlər çıxış qapısına tərəf tələsirlər. Aralarında cavabları götür-qoy edənlər daha çox diqqət çəkir. Lap hövsələsizlər də var – imtahandan çıxar-çıxmaz, müəlliminə telefon açıb, cavabları yoxlayır.

«Hansı suallar düşmüşdü?», «Suallar necə idi?», «Necə yazdın?» – Yan-yörədən ən çox bu suallar qulağa dəyir və hələ valideynlərinin yanına çatmağa macal tapmayan abituriyentlər həmin sualları cavablamalı olurlar:

– Suallar elə də çətin deyildi. Hətta deyərdim ki, sınaq imtahanına düşən suallardan daha asan idi suallar.

– Yaxşı idi. Biologiyadan çətin suallar gözləyirdim, amma asan oldu. Fikirləşirəm ki, 650-dən yuxarı bal toplayaram.

2 NƏFƏR 700 BAL

İyulun 30-da imtahanların nəticəsi açıqlandı. İki nəfər maksimum – 700 bal, 400 nəfər 600-dən yuxarı bal toplamışdı. 950 nəfər 500-dən, 1500 nəfər 400-dən çox bal toplaya bilmişdi.

Avqustun 4-də sonuncu – II ixtisas qrupu üzrə imtahan keçiriləcək. Beləcə, 2013-2014-cü tədris ili üzrə ali və orta ixtisas məktəblərinə qəbul imtahanları sona çatacaq və ixtisas seçiminin qeydiyyatı başlanacaq.
Vurğun Əyyub
Vurğun Əyyub

BALLAR AŞAĞI SALINMALIDIR?

Builki nəticələr ötən ildən elə də fərqlənmədi. Bəzi ixtisas qruplarının keçid balı yenə aşağı salındı və bu addımı müstəqil ekspertlər yenə birmənalı qarşılamadı.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub düşünür ki, daha çox abituriyentə imkan yaratmaq adıyla balların aşağı salınması özünüaldatmadır:

«Orta məktəblərdə vəziyyət nə yerdə olduğu görünür. Əslində 250 də yox, 280-dən aşağı bal toplayan abituriyentlərin müsabiqəyə buraxılması onların ali məktəbdə oxumaları üçün yetərli savada malik olmadıqlarının göstəricisidir. Savad səviyyəsi hədsiz aşağı olan abituriyentlərin ali məktəbdə oxuması gələcəkdə rüşvətə, korrupsiyaya və başqa mənfi hallara yol açacaq. O tələbələrin ali təhsil alması üçün bünövrəsi – təməl bilikləri yoxdur. Plan doldurmaq naminə balları aşağı salıb onları ali məktəbə qəbul etmək bir çox problem yaradır. Hakimiyyətin plan doldurmaq naminə tutduğu yol Azərbaycan təhsilini fəlakətə aparır».

NORMAL TƏDRİS MÜHİTİ OLARSA...

TQDK rəsmisi Elnur Nağızadə bu cür halların gələcəkdə rüşvətə və ya savadsızlığa yol açması barədə deyilənlərlə razılaşmır və dərhal da əlavə edir ki, bundan sonrakı mərhələdə məsuliyyət təhsil müəssisələrinin üzərinə düşür. Normal tədris mühiti varsa, «zəiflər» də təqdim olunan proqramları mənimsəyə biləcəklər.

Elnur Nağızadə birinci qrupda yuxarı nəticə göstərənlərin olduğunu söyləsə də, böyük əksəriyyətin aşağı nəticə göstərdiyini etiraf edir:

«Orta nəticə göstərənlərin sayı da azdır. TQDK hər il araşdırmalar apararaq, nəticələri orta məktəblərə təqdim edir. Bu araşdırmaları əslində onlar aparmalıdır. Səbəb aydındır, abituriyentlər hazırlıqlı deyillər».

ABİTURİYENTLƏRİN QLADİATOR DÖYÜŞÜNƏ HAZIRLIĞI...

Prezident Administrasiyası yanında Təhsil Komissiyasının sabiq üzvlərindən Cəmil Həsənli birmənalı şəkildə qəbul imtahanlarında balların aşağı salınmasının əleyhinədir.
O, Azərbaycandakı abituriyentlərin hazırlığını başqa ölkələrlə müqayisə edir:

«Mən bizim universitetlərə hazırlaşan tələbələri qladiator döyüşlərinə hazırlaşan döyüşçülərə bənzədirəm. Bizim dərsliklər çox yüklənib, çox ağırdır. Məsələn, Azərbaycan orta məktəblərinin yuxarı sinif dərslikləri Amerika, Avropa ölkələrinin I və ya II kurs dərsliklərinə bənzəyir. İlk növbədə dərslikləri sadələşdirmək lazımdır. Belə olduğu halda test bankı da sadələşəcək. Nəticə aşağı olduqda belə, keçid balını aşağı salmaq ümumilikdə ali məktəblərin səviyyəsini aşağı salmaq deməkdir».

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
ƏZBƏRÇİLİK, YOXSA BİLİK...

Harvard məzunu Bəxtiyar Hacıyev öz «Facebook» statusunda Azərbaycan və Qərb təhsilini müqayisə edərək yazır:

«Amerikada bir dəfə statistika müəlliməmiz uzun bir düsturu lövhədə yazdı. Tələbələrdən birinin «Bu niyə belədir?» sualına cavab olaraq, bütün riyazi əməliyyatları apararaq, düsturun haradan çıxdığını isbat etdi. Sonra da üzünü auditoriyaya tutub: «Hamı başa düşdü?» – deyə soruşdu. Tələbələr də məmnun-məmnun və təbəssümlə anladığını təsdiqlədilər. Müəllimə silgini götürüb bütün lövhəni sildi və dedi: «İndi isə hamısını unudun, çünki iş həyatınızda bu düsturdan və onun isbatından heç vaxt istifadə etməyəcəksiniz»».

Bəxtiyar Hacıyev bu qənaətə gəlib ki, Amerikada keçirilən dərslərdə tələbələri məlumatla yükləməməyə çalışır, əsasən, məlumatdan nə vaxt, harada və necə yararlanmağı öyrədirlər. Bakıda isə müəllimlər hər şeyi yazdırır, hamı əzbərləyir və imtahandan bir ay sonra hər şey yaddan çıxır.

Bəxtiyar statusunun sonunda yeni təhsil nazirinə üz tutub bildirir:

«Tələbələrə, məktəblilərə informasiya yükləyən təhsil sistemi yox, öyrənmək və bilgidən istifadə etmək bacarığı verən təhsil sistemi lazımdır bizə».
XS
SM
MD
LG