Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Bazarı «azar» olmağa qoymadılar


Kürdəmirdə etiraz
Kürdəmirdə etiraz
-
«12 nəfərlik ailəm var. Dolanışıq yerimiz ancaq bazardır. Başqa bir yerdən gəlirimiz yoxdur. 4 min manat da borcum var. Nisyə mal alıb satırıq. Uşaqlara bir tikə çörəyi güclə aparıram. Onsuz da yanvardan bu yana ancaq yerpuluna işləyirdik. Gəlib dedilər ki, qiyməti artırırıq…».

Yaşı 60-ı haqlayan Tahirə Mahmudova Kürdəmir bazarında satıcı çalışır. Bu vaxtadək satış yerinin hər kvadratmetrinə görə 1 manat ödəyirmiş. Avqustun 1-də bazar rəhbərliyi qiyməti 50 qəpik bahalaşdırmaq istəyəndə, o da etirazçılara qoşulub.

Yerli hüquq müdafiəçisi, Regional İnsan Hüquqları Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikovanın dediyinə görə, bazarın təxminən 300 satıcısı bıçağın sümüyə dirəndiyini görəndə, dəmiryolunu bağlayıb:

«Səhər saat 8-də satıcılar mənə zəng edib dedilər ki, bazarda qiymətləri qaldırırlar. Bazara getdim. Bazar rəhbərliyi deyirdi ki, bazar bizimdir, istədiyimizi edəcəyik. Qiyməti artırırıq, kim istəmirsə, çıxsın. Bazarda yerin kvadratmetri əvvəl 50 qəpik olub, sonra 1 manata qaldırıblar. İndi daha 50 qəpik artırıb 1 manat 50 qəpiyə çatdırıblar. Camaat da dedi ki, biz o pulu verə bilmərik».

Kürdəmirdə etiraz
Kürdəmirdə etiraz
«POLİS DEYİRDİ Kİ, SIZI KÖRPÜNÜN ALTINA TÖKÜB TAPDALAYARIQ»

Beləcə, camaat küçələrə çıxıb. Polis etirazı yatırıb. Satıcı Tahirə Mahmudova deyir ki, polislər onu və bir neçə qadını döyüb, oğlu Ramin Mahmudovu da polis şöbəsinə aparıblar:

«Polis məni döydü. Dedim niyə döyürsünüz, mən dedikcə vururdular. Başqa qadınları da vururdular. Deyirdilər, sizi körpünün altına töküb tapdalayarıq. Məni vuranda oğlum da dayanmadı, dedi, niyə anamı vurursunuz? Oğlumu maşına basıb polis şöbəsinə apardılar. Dünən axşam cərimələyib buraxdılar. Niyə cərimə olunmalıdır ki?».

DİN: «DÖYÜLƏN OLMAYIB»

Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidovun dediyinə görə, 6 nəfər cərimələnəndən sonra buraxılıb, amma döyülən olmayıb:

«Nəqliyyatın hərəkətinə maneçilik törətdiklərinə görə cərimə olunublar. Heç kim döyülməyib. Yalnız 6 nəfər haqqında protokol tərtib olunub. Kim döyülübsə, müraciət etsin, araşdırılsın».

Fərhad Qəribov
Fərhad Qəribov
DEPUTAT FƏRHAD QƏRİBOV: «BAZAR OĞLUMUNDUR»

Kürdəmir sakinləri bazarın deputat Fərhad Qəribovun olduğunu, amma işləri onun oğlu Elnur Qəribovun idarə etdiyini bildirirlər. Dünən – avqustun 1-də Fərhad Qəribov də Kürdəmir polis şöbəsinə gedib. Şöbədən çıxandan sonra o, AzadlıqRadiosuna baş verənlərdən xəbərsizliyini, bazarın oğluna məxsus olduğunu söyləyib:

«Heç nə bilmirəm. Nə olub ki, orda? Bazar, bəli, mənim oğlumundur».

İCRA HAKİMİYYƏTİ: «ANLAŞILMAZLIQ... ARADAN QALDIRILDI»

Etirazçı satıcılar şikayət üçün Kürdəmir rayon İcra Hakimiyyətinə də baş çəkiblər. İcra başçının müavini Arzu Şahbazov deyir ki, bazarda qiymətlər qalxmayacaq:

«Qiymət artmır, əvvəl necə olubsa, elə də qalır. Söhbət edib razılaşdıq, camaatın narazılığını aradan qaldırdıq. Bizim rayonda elə bir hadisə yoxdur ki, camaat aksiya keçirsin. Sadəcə, orada anlaşılmazlıq olmuşdu, o da aradan qaldırıldı».

Satıcıların dediyinə görə, bu gün – avqustun 2-də bazarda qiymət artımından söhbət getməyib. Onlar yerpulunu da köhnə qiymətlə ödəyiblər.
XS
SM
MD
LG