Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:24

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin finalçısı Mübariz Rəfiyevdən yeni hekayə

-

Bu vaxt kafenin girəçəyində elə bir qəribə şəxs peyda oldu ki, Mərdan beləsini nəinki bu kafedə, heç həyatında da görməmişdi. Əvvəla onu deyək ki, havanın günlü-günəşli olmasına rəğmən bu orta yaşlarında olan ucaboy, cantaraq adam paltoda idi. Bəli, paltoda...


Mübariz Rəfiyev


BIĞ

(hekayə)


... bu oktyabr girəndən yağış-çisək heç ara vermədi, yer-yurd təpimədi. Balabəy oğraş da avtovağzalın kafesini götürəndən işi lap zibilə dönüb.

Səhərəcən yerində ha eşələndi, gözünə yuxu getmədi,- beyninə işıq düşürdü elə bil.- gözlərini ha yumsa da, yorğanını başına ha çəksə də, xeyri olmadı. Eynən o uzaq qış gecəsi kimi. Atası “Moskviç”i qapıya ilk dəfə gətirəndə də gecə səhərəcən yatmamışdı. Maşını qaranlığa etibar eləməmişdi. Tez-tez isti yorğanını başından atıb otağın bumbuz havasına bələnmişdi, ayaqyalın pencərəyə sarı qaçıb, alnını, burnunu bayırdan buz bağlamış şüşəyə söykəyib qalmışdı...

- A kişi, yat da ta!- narazılıqla o biri üzü üstə çevrilən Minayənin boğuq donqultusu kravatın cırıltısında itdi.

Bir-iki yol qalxıb pəncərədən havaya baxdı. Neçə vaxtdı tökən bezdirici yağışlardan sonra havada bir nəmişlik, rütubət vardı. Gecənin zil qaranlığında güclə sezilən tək-tük işartıdan ürəyinə yüngül arxayınlıq hissi axdı: yağmayacaq.

Nə yatdısa, bir qırıq səhərə yaxın yatdı. Hava işıqlaşan kimi qalxıb əynini geydi. Pencəyini çiyninə atıb çölə çıxdı. Göyün üzü tər-təmizdi. Sinəsini qabağa verib ürəkdən gərnəşdi. Pencəyinin ciblərini üstdən gəzib nəsə axtardı, eşib bir siqaret çıxardı.

- At onu, sən allah, səhər-səhər...- Minayə gecə paltarındaca, yuxulu-yuxulu kəsdirib kişinin böyrünü.- Ala, dərmanını iç onnansa ...

- Aana elə onu!.. - bəlğəmli sinəsində səsi kal, xırıltılı çıxdı. Boğazını arıtlayıb siqaretdən dərin bir qullab götürdü. Qatı, göm-göy tüstü səhərin quş kimi yüngül havasına məxsusi bir rəng, qoxu qatdı.- Musa dayım deməli, üç yüz il qarğa kimi pox yeyib yaşamaqdansa...

- ... otuz il bülbül kimi gül iyləyib ölmək yaxşıdı, hə. Bəsdi sən allah!

- O gədəni durğuz, bazara gedirik deynən...- Minayənin sual dolu baxışlarını hiss etdi çiynində. - Özün də, yeri ora bir əl gəzdir adam yoxkən...

Soyuqlar düşəndən kababxananın adını da çəkmirdi Nərman,- yağış-çisək, zığ-zımırtdaq... Balabəy oğraşın da gəlib yarpız kimi böyründə bitməsi...

“Hamı “yevraremont” istəyir, a başına dönüm, “lambir” istəyir... Sapsarı, lilli kanalın suyundan ver içim, deyir, təki yerim “metlax” olsun. Bir tərəfə baxanda, düz də deyir camaat. Neçə illərdi kababxana işlədirsən, adama deyərlər, bir daşı daş üstə qoymamısan. Harda yeməlidi camaat çörəyini? Göy çadırın altında? Hansı zamanadı indi?..”

- Nəyinə əl gəzdirim oranın?- Nərmanın eynəsinin açılmağı lap döyükdürüb Minayəni. Yoxsa, neçə vaxtdı havalı kimi gəzir kişi. Nə bir yerdə qərar tutur, nə bir dinib danışır.- Zığı-palçığı təpiyir ki xarabanın.

- Motunu bir durğuz,- baxdı ki, maraq ayaqlarını sürüdür Minayənin.- Başçıgil gələjək büyün.- dedi, içində baş qaldıran düşük sevincini büruzə verməmək, boğmaq istəyirdi səki, səsindəki titrəyiş ələ verdi onu, səs sanki qulağından çıxdı.

Köhnə “Moskviç” uzun tərəddüddən, “öskürəkdən” sonra bir-iki dəfə zırt-pırt eləyib işə düşdü,- maşının da bəlğəmi vardı sanki.- bu dəfə soyuq motorun ağappaq, qatı tüstüsü bürüdü həyəti.

Minayə nə illiah elədi, Motunu yorğanından qopara bilmədi. İndidə oturalı yatmışdı gədə. Çənəsi elə bil kilidlənmişdi, dişlərinin xırçıltısı aralıdan eşidilirdi. Qaşlarını yuxarı ha dartsa da, gözləri açılmırdı. Elə bilirdi məktəbə qaldırırlar onu, deyəndə ki bazara gedir, sevindiyindən köynəyinin qolunu başına geysin az qala.

Evin kəndarında onu görəndə bir an üşəndi Nərman; irağ-irağ, gədə elə bil meyitdi, dikəldib dik qoymusan.

- Bı nə lijimdi ə, mağmın oğlu mağmın. Yeri əynəa bir yönnü şey gey!

...Yerin-yurdun palçığı hələ tam təpiməsə də, yağışdan qaralmış çal-çəpər, dam-daş hələ öz rəngini almasa da, üfüqdə ağaran dan gözəl bir gün vəd edirdi; səhər obaşdan bazara çıxan adamların səsində, sifətində də bu hiss olunurdu.

“Bu gün hardan çıxıb görən?”, “Ə, gətirin kişinin ayağının altında bir öküz kəsək...”- kababxana bağlanandan Nərmanın bazara ilk təşrifi “yağışdan sonra günəş” effekti yaradıb. Onu bu tərəflərdə hamı tanıyır, hamıyla zarafatı var. “Şəkər”ə tutulandan sonra da özünə söz verib, qaraqabaqlığın daşını atsın.

- Tını!- bilə-bilə ki, ağızdan gəvəzədi Gülşadın oğlu və ona cavabı nə olacaq, bir də dedi: - Tını...

- Ye bını!- əli appendisitinin düz altında.

Qısa gülüş dalğası qopdu bazarın üstündən.

- Ə bı özün kimi ələngənin nəyin çıxarmısan bazara?- ayağının ucuyla böyrüüstə uzalı arıqhal heyvanı tərpətdi.

- Neyniyim ee,- Tını hinduşka kimi boğazını dartıb ki, hamı eşitstn.- kolbasa sexi götürmür, deyir, arıqdı. Nərmanxana da işdəmir ki, gətirək verək, sırıyasan millətə.

“Yaxşı, kopoyoğlu”- ürəyində söydü Tınını.

Kababınkı ətdi,- fikirləşdi,- eybi yox, qoy bir az baha olsun. O boyda Başçı adam göndərib ta. Bakıdan qonağı olacaq. “Nərman əmi,- Başçının oğlu Xaliq özü gəlmişdi.- elə elə adına ləyağ olsun.”

Qara bir əmliyin üstündə dayandı. Dərisinə sığmırdı quzu! Sakit bir kişi durmuşdu heyvanın dalında, hiss olunurdu ki, alverçi deyil.

- Motu!- heç qiymətini də soruşmadı acığa. - Gə bu quzunu at maşının dalına.

“Amma bu qonaq kimdisə, çox böyük adamdı. O boyda Başçı əl-ayağa düşübsə... Hansısa nazirin nəyidisə, dedi. Nazinin oğlu olacaq,- yadına düşdü ki, təzə Başçının qardaşı Bakıda nazir işləyir...”

Görən kimin “adına ləyağ” dedi,- “Nərman əmi, kişi dedi, elə elə adına ləyağ olsun”.- nazir oğlunun, yoxsa Nərmanın? “Boynu qırılsın Nərman əminin. Gərək Dünyamallar tərəfə sürəydim maşını. Oranın qaymağı, çiyəsi ayrı olur”. Acı təəssüflə başını buladı o saat. “Maşın maşındı ki...” İlk dəfəydi maşınının köhnəlib töküldüyünün fərqinə vardı.

Çox döyükdüsə də, bazarlıq həmişəki kimi alındı: çörək götürdü, bir-iki də limon alıb bazardan çıxdı. “Allah versin özümüzə,- “özümüz” deyəndə Minayəni nəzərdə tutur. Heç vaxt arvadının adını çəkməz. Onu ancaq nəzərdə tutur.- göy-göyərtinin yaxşısı qapıda, mürəbbəsi, kampotu... Hələ axtarsan qaymaq da tapılar, çiyə də.”

Bazarın qabağında ha oyan-buyan gəzdi, Motunu görmədi. Bir də baxdı ki , velosiped dükanının qabağında, ağzı açıla velosipedlərə baxır o...

- Motu!- istədi çatıb boynunun dalına ilişdirə birin, amma yavaşca əlini başına çəkib,- qoy isdilər düşsün, velsebet alajam saa...- dedi.

“Adamın bir yanı ağrıyanda, işi-güjü əlinnən çıxanda bilir arvad-uşax qədrin”- “şəkər”ə tutulandan bəri yamanca kövrək olub. Neçə illər kababxana işlətdi, o boyda vurhavur, tutatut... Bir qara qəpik atmadı dala. Gorbagor olmuş qaynatası, onunçun vermirmiş Minayəni ona. Kababçı niyə sənət olur, deyirmiş. “O boyda zulumnan qız oxutmuşam, məllim eləmişəm, aparım kababçıya verim? Kababçı- zurnaçı! Fərqi yoxdu! Heç birinin qapısında xeyir-bərəkət olmaz. Daş üstə daş durmaz. Biri qarnına tökəcək qazandığını, biri də verəcək əyin-başına...”

Avtovağzal tərəfə burulanda Balabəy yenə mıx kimi çıxdı qabağına.

“Gördüün? Kopoyoğlu! Qaratikan kolu kimi gəlib bitmişdin camaatın gözünün qabağında. İndi get, ğötüəyri Quluya, boynukirri Əjdərə çay daşı!”

“Allah versin yenə varlıya. Eşşək nə bilir döşək nədi...”

Nərmanın kababxanası avtovağzalın düz arxasındadı,- “Xan qızı” kanalının üstündə. O vədə “qara manqal”ını “Mosu”nun dalına atıb yer gəzəndə quşu bura qonmuşdu. Həm, iluzunu suyu başının üstündədi, fikirləşmişdi, həm də, baxma, vağzala yaxındı, gedən-gələn, azan-tezən... İlk işi də bu olmuşdu ki, yeri buldozetin qabağına verib yaxşıca düzlətmişdi, həndəvərinə arx çəkdirdib söyüd şivləri sancmışdı. Söyüdə də nə var, suyu başının üstə olsun, sırtıq şeydi, basıb başına alaçaq dünyanı. Nərmanın bu “Söyüdlüyü” nəinki rayonda, hətta ətraf rayonlarda da məşhur idi. “Özü pinti, suyumsuz olsa da, - deyirdilər barəsində. - əlinin duzu var kişinin, kababı baldı”. “Mən, - özü də razıdı özündən.- bu “qara manqal”ımı vurum qoltuğuma, aparım taxım Afrikanın düz çöllü-biyabanına, yenə klentim başımın üstədi.”

Özgə vaxt Minayəni qoymaz kafenin həndəvərinə. O qədər ağızdan gəvəzə adam var ki. Tını kimi. Hərənin ağzı bir hava çalır. İndi isə, ayrı məsələ! “Bunlar bazarın-vağzalın aj-gijləri döyil e saa. Allah versin vəzifəliyə,- mədəni, oturuşun-duruşun bilən...”

İkicə saatın içində kababxananı gülə döndərib Minayə. Silib-süpürüb. İki stolu birləşdirib üstünə ağappaq süfrə salıb, qabı-qacağı, çəngəli-bıçağı səliqəylə düzüb. Təzə sulanıb qatlanmış təndir yuxası, qaymaq, pendir, bum-buz boçka turşusu, kompot... hər şey.

O, heç vaxt özünü Minayəyə yaraşdırmadı; Minayə savadlıydı, gözəldi, o qədər gözəl idi ki, heç vaxt onun gözünün içinə dik baxa bilmirdi. Utanırdı. Zapıayaq Nərmanın nəyinə qoşulub qaçmışdı o,- həmişə məəttəl qalıb.- dədəsini də çərlədib, dərdəcər edib öldürdü.

Qara rəngli “AA 001 ...” kababxanaya sarı burulanda əlində ət doğrayırdı Nərman, qəməltini kötüyə sancıb,- köhnə adətidi, qəməltisi eyzən kötüyə sancılıdı.- dəsmalla əlinin yağını silə-silə qonaqların pişvazına çıxdı. Beş nəfər düşdü maşından. Biri Qareşdi, o heç, təzə başçının şoferi,- elə köhnəninki də o idi.- onu tanıyır. O, Motunu çağırıb baqajdakı şey-şüyləri ona verdi. Biri Xaliqdi, Başçının oğlu,- onu da tanıyır. Bax, o biri üç nəfər kimdisə, rayon adamı deyil. Hündürboy ağköynək kimdisə, nazir oğlu o olacaq. Cins şalvarlı arıq qız onun nişanlısıdı yəqin, fikirləşdı, pota-tösmərək də onların “quyruğu”du; olur!

Nərman yaxınlaşıb “xoş gəldin” elədisə də, ürək eliyib əl görüşmədi, elə bildi Xaliq gözüylə ona “məsafə saxla” deyir. Lakin qonaq Mərdana əl uzadıb boyuna yaraşmayan nazik səslə “Xoş gördük, ağsaqqal.” deyəndə Xaliq də yaxınlaşıb şəstnən görüşdü.

“Gözünə su ver e, a mağmının balası,- əlində tikəni şişə taxa-taxa fikri Minayənin reaksiyasındadı.- gör Nərmanın kababxanasında kimlər çörək yeyir”.

- Nə sadə adamlardııı amma... Adamın çox demirəm, ayda bircə dənə belə kilenti ola. Nazir balası olasan, belə sadə olasan! Heş denən qızın sifətində bir qırıx kraska taparsan? Toba! Götüəyri Qulunun qızı aftobusdan düşəndə, deyirsən bəs Barak Obamanın qızıdı, gəlib...

- Buna baax! - Qareşin gətirdiyi şüşələri soyuducuya yığa-yığa əlindəki qara rənğli şüşəni göstərir Motu: - Bu nədi? Üstündə WİSKİ yazılıb.

- Qoyoraə! Mağmın oğlu mağmın! Görmürsən, kanyakdı?

- Bura baax! - İndi də soyuducuya oxşayan kiçik qutunun ağzını açıb.- Buzu neynillər?

- Canına azzar eliyirlər,- əlləri yağlı olduğundan yalın ayağının ucuyla Motunun dalına təpik ilişdirdi...

Söyüdün gövdəsindən asılmış “umuvalnik”də bir-bir yuyunub dəsmallanırdı qonaqlar.

- Bu tərəflərdə bir yönnü yer yoxdu e.- Xaliq sanki üzrhaqlıq edirdi qonaqların qabağında.- Arandı daa. - Sonra Nərmana sarı çevirib, onu ilk dəfə görürmüş kimi: - Yaxşı nəyin var, a kişi?- soruşdu.

Bu soyuqluqdan əməlli-başlı alınsa da, özünü o yerə qoymadı Nərman:

- Yaxşı kefinnən gələn quzum var.

- Buranın quzuşkaları dadlı olar,- nazik səslə dilləndi qonaq.

- Siftə kababı gətirəjəm, yoxsa buğlamanı?

- Sən kababı gəti,- Xaliq dedi,- Motu da qoy tez içkiləri gətirsin. İstidən qırılıb batdıq ta.

Qareşin gətirdiyi nə vardısa yavaş-yavaş axırdı stola: viski, buz, Redbul, qovrulmuş duzlu araxis, çipslər... Nərman gördü ki, onun pomidor-xiyarına, qaymağına stolda nə yer var, nə ehtiyac. O, kababı çəkib ortaya gətirənəcən “qara butulka”nın biri getmişdi artıq.

- Super!..- əllərini yuxarıda tutub “umuvalnik”ə tələsən cins şalvarlı qız gözünü kababdan çəkə bilmədi.

- Baldı, bal!- Əmliyin pilə kimi yumşaq, yaglı qabırğasını dişləyib başını yırğalayırdı pota. Nazıir oğlu da ağzındakı tikəni ləzzətlə çeynəyə-çeynəyə başıyla potanın dediyini təsdiqləyirdi.- Soçnıdı e,- pota kök-koppuş barmaqlarını bir-bir ağzına salıb çıxarırdı.

- Biədəb də olsa, bajoğlu,- Nərman özünü saxlaya bilmədi, cins şalvarlı qızın aralandığını görüb yavaşca stola sarı əyildi,- biz tərəfdə deyillər, kababı dişdiyəndə gərək ət adamın ağzına işəsin. İşəmədi, apar qaytar.

- Super, ağsaqqal!- pota-tösmərək əllərini stola möhkəm çırpıb az qala çığırırdı.- Yaman dedi ha ağsaqqal. Adamın lap işəməyi gəldi!

Nərman pərt “manqalxana”ya sarı çöndü, yaxşı ki, Minayə aralıda idi. Yaxşı ki, kafedə başqa adam yox idi; Başçının maşınını həyətdə görən rayon adamı, təbii ki, içəri keçməzdi. Sakitcə Minayəni evə yola saldı. “Belə yaxşıdı,- fikirləşdi,- bircə sağ-salamat bunları yola versəm...” Pota tösmərəyin belə tez keflənməyi yaxşı heç nə vəd etmirdi.

Bu vaxt kafenin girəçəyində elə bir qəribə şəxs peyda oldu ki, Mərdan beləsini nəinki bu kafedə, heç həyatında da görməmişdi. Əvvəla onu deyək ki, havanın günlü-günəşli olmasına rəğmən bu orta yaşlarında olan ucaboy, cantaraq adam paltoda idi. Bəli, paltoda. Mərdan hələ fikirləşdi ki, bəlkə bu şineldi. Amma, yox. Palto. Yaxası boğazınacan düyməli olan bu qəribə adamın bir əlində yekə bir çamadan vardı; o saat bilinirdi ki, bu adam bura adamı deyil, hardansa çox uzaq, soyuq yerdən gəlib. Ançaq bu “qonağın” qəribəliyi bununla bitmirdi. Daha doğrusu, əsas qəribəliyi bu deyildi.

Bığ! Təzə qonağın ağzının üstünə sanki iki ədəd iri, qap-qara kök taxmışdın. Bığ çox azman, eyni zamanda illərdi bəslənmiş kimi görünürdü.

O, ucadan ümumi salam verib kötüyün yanındakı balaca stola yaxınlaşdı və:

- Yeməyə nəyiniz var, Nərman dayı?- soruşdu.

Nərman hazırlaşmışdı ki, heç nə yoxdu desin, amma qonağın nəzakəti, həm də onu öz adıyla çağırmağı xoşuna gəldi:

- Yaxşı buğlamam var,- dedi.- Bir də kababdı.

- Sənin kababın yaxşı olur. İki şiş qoy yağlı yerinnən. Bir dənə də yaxşı çay ver varsa.- Əlini bığlarına çəkib paltolu-zadlı oturdu.

Nərman Xaliqgilin kababını ikinci dəfə aparanda artıq ikinci butulka da “sönmüşdü”. İndi cins şalvarlı qız da qoşulmuşdu pota tösmərəyə. “Bıy, qarnaa şiş batsın sənin. Bı qancıq havax zəhərrənib?”

Motu qıraqdan onların açıq-saçıq hərəkətlərinə heyrətlə baxırdı.

- Motu! Gəl otu!- Potanın dediyi söz qafiyə kimi alındı və hamının gülüşünə səbəb oldu. - Motu, gəti şotu!- yenə də hamının əli qarnında.

- Bəh-bəh! Kabab qanlı, igid canlı.- Xaliqin də sözü qafiyə kimi çıxdı.

- Elə yox!- bir əlini yuxarı qaldırıb dahiyanə söz deyəcəkmiş kimi sakitliyə nail oldu pota və təzə qonağın eşidəcəyi şəkildə, ucadan dedi:- Qoyun qığlı, igid bığlı!

Ani sükut baş verdi... və şaqqanaq tıxac kimi açıldı. Nərman qonağa sarı çevriləndə onun əsəbi baxışlarına tuş gəldi.

- Ya toje usı xaçu ,- cins şalvarlı qız indi də nazir oğlunun boynuna sarılıb,- dlinnıe, çornıe...

- Mamoğlu!- Vəssalam. Nərmanın ən çox qorxduğu şey baş verdi. Bircə bu təzə qonaq tez çıxıb getsəydi. Deyəsən indi o özü də gəlməyinə peşmandı.- Mamoğlu! - Pota irişə-irişə üzünü qonağa tutub bir də çağırdı.- Çamadanında satdıq bığın olar?

Gülüşmə necə qopdusa az qala stol kanala aşa.

Qonaq bu sözləri eşitsə də, özünü eşitməməzliyə vurdu.

- A kişi, - Xaliq dilləndi bu dəfə,- söz soruşullar sənnən! Satdıq bığın var?- Onun yenə cavab vermədiyini görüb, qonaqların yanında özünü sındırmamaq üçün səndələyə-səndələyə onun stoluna yaxınlaşdı:

- Eşitmirsən?!

Qonaq başını qaldırıb zorla eşidiləcək səslə:

- Eşidirəm, buyur.

- Özüyünküdü?

- Nə ?

Xaliq gözlənilmədən qonağın bığınnan tutdu və:

- B...-“ bığ” demək istədi. Hər şey elə sürətlə baş verdi ki. Qonaq kötüyün yanında oturmuşdu və Nərmanın qəməltisi kötüyə sancılı idi. O, qəməltini götürməyiynən onu Xaliqin sinəsinə saplamağı bir oldu.

“B”da başlayan iş artıq “ğ”da bitmişdi.

Xaliqin ağzının açılmağıynan bağlanmağı bir oldu: - Bığğğğıb...

Səhərisi kababxananı verdilər buldozerin ağzına...

28.07.2013

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG