Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:29

PƏRVİZ. “Qurdlar vadisi - pusu”nun sonu


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
-

“Öz dərdlərim azmış, hələ Zərdanın, Fatmagülün, Yusufun, Məmatinin özünün, sonra da körpə uşağının dərdini çəkirəm. Gecələr gözümü televizora zilləyib baxmaqdan, göz yaşı axıtmaqdan, yuxusuz gecələrimdən, ölənlərə günlərlə yas saxlamaqdan başıma hava gəlib".


Pərviz Cəbrayıl


“QURDLAR VADİSİ - PUSU"NUN SONU

(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir).


Hər bədii əsərin bitəcəyi bir yer var. Bəzən hətta çox ciddi ideya-məzmunla yüklənmiş roman 100-cü səhifəsində kulminasiyaya çatıb tamamlanır.

Elə də olur ki, sonsuz istedadın hesabına yazıçı əsərin başa çatmasına baxmayaraq, onu acı bağırsaq kimi uzadır, ikinci dərəcəli konfliktlərlə süjeti böyüdür, həcmi artırır. Məqsəd çox vaxt daha çox qazanmaq olur. Yəni işin ticari tərəfi.

Ancaq ən naşı oxucu belə, bu cür kitabları oxuyanda artıq hiss eləməyə başlayır ki, deyəsən, bu əsər gərəkdiyindən çox uzadılıb. Hadisələr melodramatik şəkil alır, ideyanın şiti-şoru çıxır, getdikcə fikir əsas qayədən uzaqlaşır. Əsərə maraq itir və canı boğaza yığılan oxucu kitabı bir kənara atır. Hətta kitabdan iyrənir. Özündə dəhşətli yorğunluq, bezginlik hiss edir.

Bundan sonra o, xeyli müddət heç bir kitaba yaxın dura bilmir. Kitab adı gələndə ürəyi bulanır. (Siz bütün deyilənləri YAP hakimiyyəti ilə tutuşdurun.)

Kitabla bağlı bu həqiqət var. Ancaq bu söhbət indiki adamlara o qədər də çatmaz, çünki indi zatən kitab oxuyan çox azdı. Indi seriallar əsridi. Bir hekayənin üstündə 1000 bölümlük serial çəkirlər. Seyrçinin canı çıxır, ömrünün qiymətli illəri bu serialı izləyib başa çatdırmağa sərf olunur. Çoxunun ömrü də çatmır finalı görməyə. Həftədə bir bölümü efirə verilən 500 bölümlük bir dizini təsəvvür edin. Bu, beş yüz həftə deməkdi. 500 həftə 3500 gün və ya 9 il 7 ay deməkdi. Fasilələri, ləngiyən, müxtəlif səbəblərdən efirə verilməyən həftələri də nəzərə alsaq düz 10 il! Qos-qoca on il. Qocalar demişkən, bir igidin ömrü.
"Kurtlar vadisi - pusu"dan kadr
"Kurtlar vadisi - pusu"dan kadr

Məsələn, məşhur türk serialı, uzana-uzana multfilmə çevrilən “Qurdlar vadisi”, yəni Polad Ələmdarın “kinosu” düz on ildi ki, efirdədi. 40 yaşından o serialı izləməyə başlayan adamın indi 50 yaşı var və artıq ömründən sayılı illər qalır.

Mən hələ o seriallardakı ağrı-acıları, ağlaşmaları, faciəli səhnələri demirəm. Sərasər on il ağrı-acıları yaşayan Azərbaycan seyrçisinin psixoloji və sağlıq sorunlarını xəyalınıza gətirin. Qonşumuz Suray xala bunu gizlətmir də:

“Öz dərdlərim azmış, hələ Zərdanın, Fatmagülün, Yusufun, Məmatinin özünün, sonra da körpə uşağının dərdini çəkirəm. Gecələr gözümü televizora zilləyib baxmaqdan, göz yaşı axıtmaqdan, yuxusuz gecələrimdən, ölənlərə günlərlə yas saxlamaqdan başıma hava gəlib. Həkimə getmişdim, deyir, sən bu ürəyinin başına nə daş salıbsan, arvad? Ürəyin büzüşüb qaysıya dönüb. Hə, bala, üstəlik, bilmirəm yarımamış yeddi qızımın halına yanım, rəhmətlik kişinin xiffətini çəkim, ya bu seriallardakıların”.

Hə, ağır dərddi, Suray xala. Ağzında ON IL deyirsən!

Yeri gəlmişkən, “Qurdlar vadisi”nin 10 yaş tamam oldu. Bizim oğul Əliyevlə hardasa bir gündə dünyaya gəliblər. Bəlkə də ikicə ay fərqlə. 10 ildə 20 il yaşamaq buna deyərlər. Iki yanaşı qara on ili yaşamaq, ikisinin də dərd-möhnətinə, zülmünə dözmək asan deyil.

Məsələ ondadı ki, Əliyevin hakimiyyəti də “Qurdlar vadisi” və “Qurdlar Vadisi - pusu” kimi iki yerə bölünür. 1969-dan başlayan Ata hissəsi, 2003-dən bəri davam edən Oğul bölümü. Hansısa istedadlı rejissor bu siyasi serialı it illəri kimi uzadıb. Ancaq artıq heç kim seyrçi olmaq istəmir bu seriala. Hamı bezib, yorulub, cana doyub. Yeni, müasir seyrçinin tələblərinə cavab verən, dünya səviyyəli əsərlər arzusundadı Suray xala və onun nəvələri.

...1969-cu ildə HƏ-izm taxta, Ibrahimbəyovun “Bir cənub şəhərində” filmi ekrana çıxıb. 44 il sonra yerlər və səhnə dəyişir. HƏ-izm səhnədən çıxır. Üfüqdə yeni əsərin anonsları gedir. Indidən çoxları onu gözləyir. Inanırlar ki, bu, ayrı əsər olacaq. Film kimi yəni. Bu dəfə ssenarini xalqın yazacağını söyləyirlər. Baş rolda “Oskar”lı rejissor Rüstəm Ibrahimbəyovdu. Yeni era başlayır. Gözünüz ekranda olsun.

"Azadlıq" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG