Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Prezidentin qatı tənqidçisi həbs olundu


-
Qazaxıstanlı bankir Mukhtar Ablyazov Fransada həbs olunub. Bunu Azadlıq Radiosuna onun vəkili bildirib.

Vəkilin sözlərinə görə, Fransanın təpədən dırnağa kimi silahlanmış təhlükəsizlik qüvvələri Kann şəhərinin 8 km-liyində olan Mouans-Sartoux şəhərciyində Ablyazovun evinə gəliblər və onu təcridxanaya aparıblar.

Həbs vaxtı evdə Ablyazovun özü və bacısı olub.

Vəkil deyib ki, Ablyazovun həbsinə orderi Fransa verib, ancaq bu bu order üçün ekstradiksiya xahişinin hansı ölkədən gəldiyi məlum deyil. Bunu Rusiya, Ukrayna və Qazaxıstan verə bilər.

3,7 MİLYARD İSTƏYİRLƏR

Qazaxıstanın ən varlı adamlarından və ən nüfuzlu müxalifətçilərindən olan Ablyazov Qazaxıstanı 2009-cu ildə, onun başçılıq etdiyi BTA bankı milliləşdiriləndən sonra tərk edib.

Ablyazov 2011-ci ildə Britaniyadan siyasi sığınacaq alıb. Ancaq 2012-ci ildə 22 aylıq həbsdən sonra Britaniyanı tərk edib. Həbsə səbəb onun Britaniya məhkəməsini təhqir etməsi olub.

Britaniya məhkəməsinin qərarı ilə o, Britaniyada 90 milyon dollar dəyərində evini satıb, BTA bankının kreditorlarının pulunu ödəməli idi.

Qazaxıstanda Ablyazovu külli miqdarda pul mənimsəməkdə ittiham edirlər. Qazaxıstanın London məhkəmələrində Ablyazova qarşı iddialarının ümumi məbləği 3 milyard 700 milyon dollardır.

Ablyazov ona qarşı iddiaları siyasi motivli adlandırır.

MEDİANIN PULUNU O VERİR

Ablyazov prezident Nazarbayevin ən qatı tənqidçilərindəndir. Qazaxıstanda bir çox müxalifət mediasını o maliyyələşdirir.

“Respublika” qəzeti, K-Plus televiziyası Ablyazovla bağlıdır.

Ablyazovun qohumları da Qazaxıstanın ekstradiksiya xahişi ilə Avropa Birliyi ölkələrində həbs olunub Qazaxıstana verilib.

AVROPA NİYƏ BELƏ EDİR?

Ablyazovun həyat yoldaşı və 6 yaşlı qızı may ayında İtaliyada həbs olundu və Qazaxıstana təhvil verildi.

Maraqlıdır ki, bundan sonra bu deportasiyanı həyata keçirən italyan məmuru səhv etdiyinə görə istefa verdi.

Ablyazovun keçmiş cangüdəni və yaxın adamı olan Aleksandr Pavlov Madriddə həbs olundu.

Ablyazovun İtaliyada həbs olunan xanımı və qızı
Ablyazovun İtaliyada həbs olunan xanımı və qızı
Pavlovun vəkilləri Madrid məhkəməsinə müraciət ediblər ki, o, Qazaxıstana verilməsin. Pavlovu Qazaxıstanda terrorizmdə ittiham edirlər.

Pavlovun vəkillərinin dediyinə görə, Qazaxıstan Pavlovu həbs etməklə, ondan Ablyazov haqda informasiyalar almaq istəyir.

Ablyazovun başqa yaxın adamı olan Qazaxıstan müxalifətçisi Muratbek Ketebaev iyun ayında Polşada həbs olunub. Ancaq Polşa onun ektradiksiya olunması haqda Qazaxıstanın xahişini rədd etdi.

Azadlıq Radiosunun Qazax Xidmətinin məlumatına görə, Qazaxıstanda bir sıra müxalifətçilər də Maliyyə polisi İdarəsinə çağırılıb, onlardan Ablyazovla bağlı ifadə alınıb.

MÜXALİFƏTƏ ZƏRBƏDİR

Qazaxıstanlı müxalifət fəalı Zhasarat Kuanyshalin Ablyazovun həbsini yaxşı hadisə hesab etmir.

“İstənilən halda bu yaxşı hadisə deyil. Avropanın Qazaxıstan müxalifəti ilə, o cümlədən ablyazovla belə hərəkət etməsi təəsüf doğurur. Belə həbslər Qazaxıstan müxalifətini zəiflədir”.

Qazaxıstanlı jurnalist Sergei Duvanov isə hesab edir ki, Fransa Ablyazovu Qazaxıstana versə, bu, müxalifət üçün dağıdıcı zərbə olacaq.

“O verilsə, bu, müxalifət tamamilə sarsıdacaq. Çünki Ablyazov müxalifətdə aparıcı oyunçudur. O, prezident aparatına qarşı ən radikal çıxış edən şəxsdir. Onun mümkün ekstradiksiyası Qazaxıstanın demokratik qüvvələrinə ciddi zərbə olacaq”.

Ancaq Duvanov Fransanın Ablyazovu verəcəyinə şübhə edir. Duvanov xatırladır ki, Ablyazovun Britaniyadan aldığı sığınacaq hələ qüvvədədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG