Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

Sabirabad polisində qadına işgəncə iddiası


Foto: Arxiv
Foto: Arxiv
-
Sabirabad sakini 29 yaşlı Naibə Fətullayeva rayon polisinin bir qrup əməkdaşının onu qanunsuz saxlanıldığını və fiziki zorakılığa məruz qoyduğunu bildirir:

«İyulun 25-də gecə 9 yaşlı oğlumu qonşuluqda yaşayan anamgildən öz evimə gətirməyə gedirdim. Bu vaxt qəfildən küçədə Post-Patrul Xidməti avtomobili dayandı, onun içərisindən sahə müvəkkili də daxil olmaqla 5 nəfər yerə düşdü. Onlar heç bir səbəb bildirmədən mənə hücum çəkdi və zorla avtomobilə oturtdular. Mənimlə elə qəddarcasına davranıldı ki, maşına mindirilərkən huşumu itirdim».

Naibə Fətullayeva deyir ki, polis idarəsinə aparılandan sonra da ona qarşı pis rəftar davam edib:

«Məni polis idarəsinin arxa qapısından içəri keçirib otaqlardan birinə saldılar və vəhşicəsinə döydülər. Ertəsi gün günorta rəis müavini bunun bir səhv olduğunu bildirərək, zorakılıq etmiş polislər adından üzrxahlıq etdi, heç kəsə şikayət etməməyi məsləhət gördü və sərbəst buraxdı. Hələ də özümə gələ bilmirəm. Burnum əzilib, sinəmdə, qolumda, ayaqlarımda sıyrıqlar yaranıb, bədənimin bir çox hissəsində qaraltılar var. Qanunsuz olaraq saxlanılmağımın və bu qeyri-insani münasibətin səbəbini heç cür anlaya bilmirəm».

Sabirabad rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Şəfayət Cahangirov baş verənlərlə bağlı açıqlama verməkdən imtina etdi.

Sabirabad rayon Prokurorluğunun müstəntiqi İlkin Abdullayev isə bunları bildirdi:

«Naibə Fətullayeva bizə yazılı müraciət etməyib. Amma onu rayon prokuroru şəxsən qəbul edib, şikayəti dinlənilib və məhkəmə tibbi ekspertizasından keçirilib. Xanımın barəsində Sabirabad RPŞ-dən də məlumat daxil olub. Şikayətlər qarşılıqlı olduğundan, hadisənin baş vermə səbəbi, kimin təqsirkar olduğu araşdırmadan sonra müəyyən olunacaq».
XS
SM
MD
LG