Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı “Üç yoldaş” əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar.
Əyyub Qiyasın ruscadan çevirdiyi roman “Qanun” və “Əli və Nino” nəşriyyatlarının birgə hazırladıqları “Klassiklər” seriyasında çap edilib.
Roman yazıçının yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir.
Əgər ədibin bundan əvvəl yazdığı “Qərb cəbhəsində yenilik yoxdur” romanında (bu, Almaniyada faşistlərin yandırdığı ilk kitablardan idi) səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa, “Üç yoldaş”da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir.
Adətən itirilmiş nəsil adlandırılan bu nəslin problemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəhrəmanları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, müharibədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası dövründə ciddi təqiblərlə üzləşmişdi.