Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04

Rüstəm Usubov: «Seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər»


«Seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər - partiyalar, bələdiyyələr və digər təşkilatların nümayəndələri Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilər».

APA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

R. Usubov bildirib ki, 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-si MSK-dan, 35-i dairə seçki komissiyalardan, 4-ü partiyalar blokundan, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan daxil olub.

R. Usubov qeyd edib ki, həmin vaxt 20 DSK ilə bağlı cinayət işi qaldırılıb, 10 DSK-nın nəticəsi ləğv edilib. 4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.

2008-ci ilin prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciət daxil olmadığını deyən R. Usubovun sözlərinə görə, 2010-cu ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub:

«Bir müraciətlə bağlı isə cinayət işi açılıb. Bu, 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır».

O, əlavə edib ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işinin düzgün qurmasının nəticəsi kimi də qiymətləndirilə bilər.

R. Usubov qeyd edib ki, prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın artırılması, informasiya kommunikasiya sistemi tətbiq olunmaqla, elektron sənəd dövriyyəsinin aparılması sahəsində bir sıra işlər görülüb: «Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur, eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar görülür. «Asan xidmət» mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb. Azərbaycan respublikasında qeyd alınmış cinayətlərdə bağlı Elektron Cinayət Sistemi yaradılıb. Elektron Cinayət Sistemində cinayət qeydə alınandan başlayaraq sonrakı proseduralarla bağlı məlumatlar yer alır. Bu, bizim işimizi daha da asanlaşdırır».

Günün bütün mövzuları

XS
SM
MD
LG