Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49
-
«Bu, atom bombası kimidir. Kimyəvi deyil, təbii atom bombası – duz bombasıdır. Orada 10 milyard ton duz var. Sabah qurusa və yel əssə, bütün şəhərlərə çata bilər – Bakıya, Tehrana, Diyarbəkirə, Bağdada da gedə bilər. Duzu Xəzərəcən çata bilər. Gərək nə yolla olur-olsun, çarəsi tapıla. Sədlərin suyu açılsın gərək».

«QURĞULARIN TİKİLMƏSİ RAZILAŞDIRILMALIDIR»

Təbrizdə yaşayan 31 yaşlı Əli İmani Urmiya gölünün qurumasından danışır. Vaxtilə gölün qurudulmasına etiraz aksiyasında saxlanıb – 2011-ci ilin iyununda. Dörd ay həbsdə qalandan sonra buraxılıb. O, Araz çayının suyunun gölə axıdılması xəbərini yaxşı qarşılayıb. Bu layihəni bəyənir və deyir ki, «nə yol olur-olsun, təki göl qurumaqdan qurtarsın».

İyulun 29-da Tehran radiosu xəbər yayıb ki, «layihənin məqsədi 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını lazımınca ödəmək, Urmu gölünün azalmış su ehtiyatını təmin etmək və layihə ərazisində əkin sahələrinin modern metodlarla suvarılmasına şərait yaratmaqdır».

Hələ ötən il ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdi ki, İranın Araz suyunu həmin gölə axıtmaq istəyi varsa, Azərbaycanla bu mövzunu müzakirə etməli və yekdil qərar qəbul olunmalıdır. «İranla Azərbaycan arasında olan bu cür müqavilələrdə ekoloji normalar qorunur. Tərəflərin istifadə edə biləcəyi su həcmləri müəyyən olunur. Bu çay üzərində hansı qurğuların qurulması razılaşdırılır». Bunu da nazir demişdi.

EKOLOQ XƏBƏRDARLIQ EDİR

Telman Zeynalov

Telman Zeynalov

«İran Araz çayının ona məxsus 50 faiz suyundan istifadə edəcəksə, bu, Azərbaycanın kənd təsərrüfatına, suvarma torpaqlarına mənfi təsir göstərər. Ərazilərin şoranlaşmasına gətirər» – ekoloq Telman Zeynalov belə düşünür. Onun fikrincə, həmin proses dərhal başlayacaq:

«Araz çayından suvarma üçün su çatışmayacaq. Yeni kanallar tikməyə məcbur olacağıq. Bu da Azərbaycana milyonlara başa gələcək. Su çatışmayanda, ərazidə buxarlanma gedəcək və ərazilər şoranlaşacaq».

Ölkənin suya ehtiyacının yalnız 40 faizini ödədiyini deyən ekoloqun fikrincə, bütün su ehtiyatlarından yararlanmaq lazımdır. Bəs Azərbaycan mümkün fəsadları önləmək üçün nə etməlidir?

«Xırda çaylar üzərində anbarlar tikməlidir. Suları anbarlaşdırmalıdır. Su itkisinə imkan verməməlidir. Yağıntı sularından da yararlanmaq lazımdır» – Telman Zeynalov belə deyir.

«ÖZBAŞINA TİKİLƏ BİLMƏZ»

Azərbaycan tərəfi Arazın suyunun Urmiya gölünə yönləndirilməsi layihəsindən elə mediadan xəbər tutub. Bunu AzadlıqRadiosuna Meliorasiya və Su Təsərrüfatı İdarəsinin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Abdulrəhim Hacıyev bildirir. Ancaq o, layihənin bahalı olduğunu və tikintinin bir neçə il çəkəcəyini də söyləyir:

Araz çayı

Araz çayı

«Təsəvvür edin ki, Araz çayı ilə Urmiya gölünün arasında yüksəklik var. Ora öz axını ilə su gedə bilməz, stansiyalar tikilməlidir. Bu da özbaşına tikilə bilməz, razılaşdırılmalıdır. Araz çayının su ehtiyatı və istifadəsi Azərbaycanla İran arasında daimi komissiyada müzakirə olunur. Danışıqlarsız ola bilməz. İstər-istəməz, bu çaydan artıq götürülən su aşağı hissədə öz təsirini göstərir. Özü də kim götürür-götürsür – istər Azərbaycan, istərsə İranın Ərdəbil ərazisi».

Arazın suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi 2010-cu ildə təsdiqlənib. Arazdan Urmiyaya 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihə üçün 1 milyard 200 milyon dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiyanın qurumasını önləyəcək tədbirlərə ümumilikdə 900 milyon dollar ayırıb. BMT-nin İnkişaf Proqramı da bu məqsədlə İrana 135 milyon dollar maliyyə yardımı göstərib.

«ÇAYA NİCAT VERMƏK İSTƏYİRSİZSƏ...»

Ayrılan vəsaitin məqsəd üzrə xərclənmədiyini iddia edənlər də var. Bunu AzadlıqRadiosuna vəkil Musa Bərzin Xəlifəli deyir.

Urmiya gölü - 2004. «Gedirdik gölə, çimirdik, palçıqlanırdıq, çox gözəl olurdu...».

Urmiya gölü - 2004. «Gedirdik gölə, çimirdik, palçıqlanırdıq, çox gözəl olurdu...».

O, son dörd ildə Urmiyanın qurumasına etiraz aksiyalarında saxlanan yüzlərlə azərbaycanlı fəaldan biridir. Həmin fəallardan çoxunu müdafiə edib, özü də 2011-ci ildə 27 aylığa həbs olunub. Düzdür, mülki girov qoyduğundan Türkiyəyə qaça bilib. Vəkil 2009-cu ildən bu yana 700-dən çox fəalın saxlandığını deyir. Saxlananlardan bəziləri cərimə ilə canını qurtara bilsə də, həbsə atılanlar da az olmayıb.

Musa Bərzin Xəlifəlinin fikrincə, hökumət bu vaxtacan konkret bir iş görməyib. O, Araz suyunun Urmiyaya yönəldilməsini də faydasız sayır. Axı, məsafə böyük olduğundan su gölə çatmadan quruya bilər. Vəkil düşünür ki, hökumət qəsdən qurumanın qarşısını almır:

«Urmu gölünün ətrafındakı çayların üstünə 40 sədd vurublar. Bəzilərinin suyu Araz çayından da çoxdur. Biz deyirik ki, «çaya nicat vermək istəyirsizsə, o barajları bir az qaldırın ki, Urmuya su getsin. Və ya Xəzərdən də su çəkə bilərlər».

Təbrizdə yaşayan Əli İmani də bu fikri bölüşür:

«O sədlərin suyu ölümdən qurtarar gölü. Böyük rol oynayar gölün dirilməsində. Ancaq yenə gərək başqa bir yerdən də su gələ ki, Urmu gölü dola. Altı-yeddi ildir vəziyyət belədir. Ondan əvvəl gedirdik gölə, çimirdik, palçıqlanırdıq, çox gözəl olurdu...».
XS
SM
MD
LG