Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Yerli icra hakimiyyətləri YAP namizədinin təşviqatını aparır...


İlham Əliyev

İlham Əliyev

-

Prezident seçkisi yaxınlaşdıqca Yeni Azərbaycan Partiyası (YAP) funksionerlərinin bölgələrə səfərləri intensivləşir. Müxalifətdə olan siyasi partiyaların üzvləri isə yığıncaqlarını hətta fərdi evlərdə keçirərkən belə təzyiqlərlə üzləşdiklərini deyirlər. Üstəlik, onların liderlərinin bölgələrə buraxılmadığını da bildirirlər. YAP-ın isə belə bir narahatlığı yoxdur. Bu partiyanın «yuxarı» orqanlarından gələnlərin təhlükəsizliyi qorunur, «Heydər Əliyev Mərkəz»ləri, «Gənclər Mərkəz»ləri, «Mədəniyyət Ev»ləri, təhsil müəssisələri onların ixtiyarındadır və icazələri də öz əllərində. Seçkiqabağı təşviqatdan seçilməyən belə tədbirlər barədə məlumat yerli icra hakimiyyətlərinin rəsmi internet səhifəsində də yerləşdirilir.

VİLYAM HACIYEV İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏK

Mayın 29-da İmişli RİH-nin rəsmi internet səhifəsində «YAP İmişli rayon təşkilatının konfransı keçirilib» başlıqlı xəbər yerləşdirilib. Orada oxuyuruq:

Vilyam Hacıyev

Vilyam Hacıyev

«Konfransda çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev hakim partiyanın ölkəmizdə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. Çıxış edənlər qarşıdan gələn Prezident seçkilərində ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın müəllifi olan dövlət başçısı İlham Əliyevə səs verəcəklərini birmənalı bəyan ediblər».

XALQIN ARZUSU MÜBARİZ QURBANLININ TƏQDİMATINDA

İyulun 22-də isə həmin sayta daxil edilən «YAP fəalları ilə görüş keçirilib» xəbərində yazılıb: «Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı bildirib ki, xalqımız ötən 10 ilin nailiyyətlərini dəyərləndirərək və gələcək beş ildə də Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq, YAP-ın sədri İlham Əliyevin namizədliyini dəstəkləyir. Seçkilərdə fəal iştirak edərək, ona səs verəcəklərini arzulayırlar».

KÜRDƏMİRLİLƏR ARTIQ İLHAM ƏLİYEVİ SEÇİBLƏR?!

Demə 2 gün əvvəl Mübariz Qurbanlı Əli ƏhmədovFərhad Qəribovla birgə Kürdəmirdə olubmuş. Təbii ki, onları RİH başçısı İrşad Əliyev müşayiət edib. Bu barədə Kürdəmir RİH-nin internet səhifəsində yerləşdirilən xəbərdə bildirilir. Tədbir Kürdəmir şəhərinin «Gənclər Evi»ndə baş tutub.

YAP rayon təşkilatının sədri Ağəli Kərimli görüşün məhz seçkilərə hazırlıq ərəfəsində məsləhətləşmə məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin oktyabr ayında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsini Kürdəmir rayon təşkilatının bütün üzvləri sevinclə qarşılayıb. Ağəli Kərimli nəinki 7500 nəfər YAP üzvünün, hətta kürdəmirlilərin böyük əksəriyyətinin artıq öz seçimini etdiyini elan edib.

YAP-ÇILARIN HORADİZ GÖRÜŞÜ

Həmin gün Mübariz Qurbanlı Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin akt zalında prezident seçkiləri ilə əlaqədar Füzuli rayonunun da YAP fəalları ilə görüşüb. Bu dəfə ona deputat həmkarı Bahar Muradova yol yoldaşlığı edib. Xəbəri fuzuli-ih.gov.az saytı yayıb.

CƏBRAYILDA ELAN OLUNUB Kİ, VAHİD NAMİZƏD MƏSƏLƏSİNDƏ YAP-LA XALQ HƏMRƏYDİR

Cəbrayıl RİH-nin internet səhifəsində YAP Cəbrayıl rayon təşkilatının 22 may 2013-cü ildə keçirilən 8-ci konfransı barədə məlumat var. Rayon işğal altında olduğundan YAP-çılar bu tədbiri Biləsuvar rayonundakı 4 saylı qəsəbədə keçiriblər. Cəbrayıl RİH başçısı Mahmud Quliyev də orada olub. Natiqlər İlham Əliyevin son on ildə ölkəyə uğurla rəhbərlik etməsindən, dinamik iqtisadi inkişafdan, ölkənin artan beynəlxalq imicindən, ictimai-siyasi sabitlikdən... bəhs ediblər. Partiyanın və xalqın növbəti seçkidə vahid namizədinin hazırkı prezident olduğunu qeyd ediblər - cabrail-ih.gov.az saytı belə xəbər verir.

ƏLİ ƏHMƏDOV XALQIN MÜTLƏQ ƏKSƏRİYYƏTİNİN ÜRƏYİNİ «OXUYUB»

YAP sədrinin müavini Əli Əhmədov isə iyulun 14-də dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü məmnunluq hissi ilə qeyd edib. O, bu qərarın əslində Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən keçən bir fikir olduğunu deyib. Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova YAP-ın xidmətlərindən, seçkidə onun namizədinin qalib gəlməsi üçün bütün qüvvələri səfərbər etməyin zəruriliyindən danışıb.

YAP AĞSAQQAL TƏBLİĞATINA ÖNƏM VERİR

mingechevir-ih.gov.az saytı isə xəbər verir ki, iyulun 18-də deputatlar: Əli Əhmədov və Mübariz Qurbanlı Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Mingəçevir Politexnik İnstitutunda YAP fəalları və ictimaiyyət nümayəndələri ilə görüşüb. Xəbərdə həmçinin qeyd edilir ki, görüşdə gənclərin, qadınların, böyük nüfuza malik ağsaqqal və ziyalıların təbliğat işlərində fəal iştirakının təmin olunmasının zəruriliyi qeyd edilib.

AĞCABƏDİ RİH BAŞÇISININ VƏDİ

Əli Əhmədov iyulun 25-də deputat həmkarları: Eldar İbrahimovTahir Rzayevlə birgə ağcabədili YAP-çılarla da görüşüb. Tədbir Y. Məmmədov adına Rayon Mədəniyyət evində keçirilib. Bu barədə agcabedi-ih.gov.az saytı xəbər verib.

YAP Siyasi Şurasının üzvü, Ağcabədi RİH başçısı Şahin Məmmədov rayon sakinləri adından vəd verib: «Biz ağcabədililər həmişə olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevi dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevə səs verəcəyik».

YERLİ İCRA HAKİMİYYƏTLƏRİ HANSI İŞLƏ MƏŞĞULDUR: İDARƏETMƏ, YOXSA İDEOLOJİ?

Ölkə «Yerli və regional idarəetmə haqqında Avropa Xartiyası»na qoşulsa da, yerli və regional səviyyələrdə idarəetmənin mərkəzi hakimiyyətin tabeliyində olduğu deyilir. Ekspertlərin fikrincə, bu isə «yerli özünüidarə orqanı» kimi təqdim olunan bələdiyyələri «dişsiz» quruma çevirib. Hazırkı vaxtda yerli icra hakimiyyətlərinin ideoloji qurum kimi çıxış etdiyi də müşahidə edilir. Ekspertlərə görə, hətta yerli icra başçılarının abadlıq və quruculuq barədə təşviqatları həm büdcə talançılığını ört-basdır etməyə, həm də ölkənin yaxşı idarə olunması barədə rəy yaratmağa hesablanıb. Kəlbəcər RİH başçısı Vidadi Məhərrəmov da deyib: «ölkədə aparılan geniş quruculuq-abadlıq işlərinin təbliği Rayon İcra Hakimiyyətinin ideoloji fəaliyyətinin əsas istiqamətlərini təşkil edir».

SUALLAR, SUALLAR, SUALLAR...

Son vaxtlar əyalətlərdə inşa olunan «Heydər Əliyev» və «Gənclər Mərkəz»ləri müxalifətdə bir sıra suallar doğurur. Müasir üslubda tikilən, hər cür texniki təchizatı olan bu binalar «ictimai əmlak» hesab olunursa, ondan hər kəsin istifadə haqqı tanınmamalıdırmı? Büdcə vəsaiti ilə tikilən «Gənclər Mərkəzi» niyə hakim partiyanın inhisarında olmalı, digər təşkilatlar orada öz yığıncaqlarını keçirə bilməməlidir? «Heydər Əliyev Mərkəzi» əsasən iş adamlarının şəxsi vəsaiti ilə tikilsə də, «Mərkəz»in işçilərinin əmək haqqını Mədəniyyət və Turizm Nazirliyi ödəyir. Heydər Əliyevi, YAP-ı təbliğ etmək mədəniyyət, yaxud turizm məsələsidirmi?!

Bəlkə də indi bir çoxlarına yerli icra hakimiyyətlərinin öz internet səhifələrində YAP namizədini təbliğ etməsi heç də anormal görünmür. Amma yeri gəlmişkən, Seçki Məcəlləsində bunu qadağan edən müddəalar var.

MƏCƏLLƏ NƏLƏRİ QADAĞAN EDİR?

2.6. Seçkilərdə... iştirak edənlər... riayət etməlidirlər:

2.6.18. heç bir vəzifəli şəxsin… namizədin dəstəklənməsinə… yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

11-1.1. ... dövlət orqanlarının... vəzifəli şəxslərinin... seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında... vəzifədə olan şəxslərə

Üstəlik nəzərə almaq lazımdır ki, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Şərhləri göstər

XS
SM
MD
LG