Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə optimizm və tədbirlilik


-

R. İbrahimbəyovun iyulun 31-nə nəzərdə tutulmuş gəlişinin artıq baş tutmadığını təxmin etmək olar, çünki dünən mətbuatda onunla Gürcüstanda görüşəcək Milli Şura təmsilçilərinin siyahısı da açıqlanmışdı.

Bu xəbər heç şübhəsiz ki, qarşı tərəfdə - hakimiyyət mətbuatında geniş şərh ediləcək. Ona görə ki, onlar Milli Şura ilə bağlı bu vaxta qədər verdikləri proqnozlarını (seçkiyə qədər Milli Şuranın dağılması) təsdiqləmək gücündə olan istənilən informasiyanı diqqətdən qaçırmırlar.

Məsələnin mahiyyətinə gəldikdə isə, xəbər bir daha göstərir ki, Milli Şurada qərarlar spontan şəkildə, rabitəsiz formada qəbul olunur. Cəmi bir-iki gün bundan əvvəl Milli Şuranın yetkililəri ayın 31-də R. İbrahimbəyovu qarşılamaq üçün hava limanına gedəcəklərini deyirdilər. Milli Şuranın icra katibi E. Namazov isə həmişə olduğu kimi heç bir problemin olmadığını, deyilmiş vaxtda R. İbrahimbəyovun Bakıya gələcəyinə israr edirdi.

İnanmaq çətindir ki, Milli Şuranın sədri yalnız son bir-iki gündə vətəndaşlıqdan imtina məsələsinin həll edilməsi üçün onun iştirakının vacib olduğunu bilib. Təbii ki, bununla cəmiyyətə ötürülən informasiyanın üzərinə kölgə salmaq istəmirik, amma çox qəribədir ki, Milli Şurada ölkənin ən nüfuzlu şəxslərinin, mütəxəssislərinin toplandığı iddia edildiyi halda adi hüquqi prosedurların (əgər həqiqətən də onlar səbəbdirsə!) bilinmədiyi üzə çıxır. Elə maraqlısı da budur ki, hakimiyyət tərəfdən də ən çox qınağa məruz qalan bu müxalifət qurumunda təmsil olunan hüquqşünaslardır.

SEÇKİ PANORAMI

İndiki müşahidələr göstərir ki, əsas partiyaların üzvlərinin əksəriyyəti prosesə çox soyuq yanaşır. Düzdür, onlar iddia edə bilər ki, əsas iş imza toplanması ilə başlanacaq. Amma bu, heç də qaneedici arqument kimi səslənmir.
Bu yaxınlarda Milli Şurada seçki prosesinin geniş spektrdə, bir panoram şəklində təsəvvür edilmədiyini yazmışdıq. Ölkədə beş mindən artıq seçki məntəqəsi mövcuddur. Müqayisə üçün deyək ki, müxalifətin ən gur, hazırlıqlı vaxtında - 2003-cü ilin prezident seçkisində hər üç məntəqədən yalnız birində müxalifət müşahidəçisi vardı.

Əgər nəzərə alsaq ki, müşahidəçilərin heç də hamısı axıra qədər prinsipial olmur, onların heç də hamısının seçkini axıra qədər və hərtəfərli müşahidə etmək imkanları təmin edilmir, belə nəticəyə gəlmək olar ki, qarşıdakı seçkini müşahidə etmək üçün müxalifətə on minlərlə müşahidəçi tapmaq lazım gələcək.

İndiki müşahidələr isə göstərir ki, əsas partiyaların üzvlərinin əksəriyyəti prosesə çox soyuq yanaşır. Düzdür, onlar iddia edə bilər ki, əsas iş imza toplanması ilə başlanacaq. Amma bu, heç də qaneedici arqument kimi səslənmir.

Üstəlik, Milli Şuranın icra aparatının səsləndirdiyi optimist fikirlərlə son günlərdə daxil olan məlumatların ziddiyyət təşkil etdiyini nəzərə alsaq, ümumi fonun heç də ürəkaçan olmadığı qənaətinə gələ bilərik.

Son vaxtlar nələr baş verdi? Avropa Şurasının Parlament Assambleyası seçkiyə müşahidəçi göndərməyəcəyini bəyan etdi. Bu günlərdə ATƏT-in Bakı ofisinin missiyasının dəyişdiriləcəyi haqda qəbul olunmuş qərar açıqlandı. Təbii ki, sonuncu xəbəri heç də böyük bir hadisə kimi təqdim etmək niyyətimiz yoxdur.

Bunun iki səbəbi var. Birincisi, Bakı ofisinin statusu haqda qərar gələn ildən qüvvəyə minəcək. İkincisi, Bakı ofisinin fəaliyyəti bir o qədər də uğurlu deyildi. Bu təşkilatın təşkil etdiyi hakimiyyət-müxalifət dialoqu az qala siyasi lətifəyə çevrilmişdi.

Son illərin təcrübəsini - 2003-cü ilin seçkisini götürsək, bəlli olar ki, populist, ura - optimizmin ardınca çox böyük siyasi məyusluq gəlir və bu məyusluğun acısını ən çox sıravi partiya üzvləri və bir də jurnalistlər yaşamalı olurlar.
Amma bütün hallarda, Bakı ofisinin hakimiyyətdən tam asılı vəziyyətə düşməsi də sevindirici hal deyil. Hiss olunur ki, hakimiyyət bu məsələdə ATƏT-ə indi sədrlik edən Ukrayna ilə bu günə qədər formalaşmış münasibətlərini tam səfərbər etməyi bacardı…

OPTİMİSTLƏR VƏ PESSİMİSTLƏR

Bütün deyilənlərə rəğmən Milli Şura funksionerlərinin optimizmini də başa düşürük. Seçkidə iştirak edənlər özləri nikbin olmalıdırlar ki, digər adi seçicilər də inanıb onların arxasınca getsinlər.

Amma ən azı son illərin təcrübəsini - 2003-cü ilin seçkisini götürsək, bəlli olar ki, populist, ura - optimizmin ardınca çox böyük siyasi məyusluq gəlir və bu məyusluğun acısını ən çox sıravi partiya üzvləri və bir də jurnalistlər yaşamalı olurlar.

Həm də müxalifətin hər siyasi fiaskosundan sonra hakimiyyət «rıçaq»ları bərkitmək fürsətini də əldən vermir. Ona görə də söhbət optimizmdən və yaxud pessimizmdən daha çox adi siyasi tədbirlilikdən gedir - bir işi yüz dəfə ölçüb-biçmək lazımdır ki, son nəticədə hətta məğlubiyyət belə çox şərəfli fonda görünsün.

Burada yada bir cizgi filmində (böyük kino əsəri olmasa da…) səslənən fikir düşür. Orada deyilir ki, müdriklərin bir devizi var: bütün sürprizlərə hazır ol…

İndi müxalifət düşərgəsində baş verənlərin ən azı maraqlı olduğunu demək olar: hər halda, siyasətə yeni adam gəlib və onun çiyinlərində nə bir illik hakimiyyətin yükü, nə də iyirmi illik müxalifətçiliyin ağırlığı var. Həmin bu marağı siyasi dəstəyə çevirmək isə müxalifətdən asılı olacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG