Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:27

Əli Həsənov: «Hər hansı dövlətdə olan sistemin başqa dövlətə transfer edilməsi məqbul deyil»


Əli Həsənov
Əli Həsənov
-

«Azərbaycanla bağlı dəyərləndirmələrdə bəzən subyektiv məqamlar irəli sürülür». APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

Ə. Həsənov bildirib ki, bu il Azərbaycan xalqı və cəmiyyəti çox məsul bir dövrə qədəm qoyub.

Onun sözlərinə görə, 2013-cü il, ümumiyyətlə, ümumxalq əhəmiyyətli hadisələrlə müşayiət olunur və bu hadisələrdən biri də qarşıdan gələn növbəti prezident seçkiləridir.

Şəffaf və ədalətli seçkilərin hər bir ölkədə demokratik cəmiyyətin formalaşması prosesini təşkil etdiyini bildirən Əli Həsənov qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır: «Seçicinin ifadə etdiyi mövqe, onun iradəsini nəticəsi olaraq verdiyi səs sonda hakimiyyəti formalaşdırır və dövləti idarə etmək üçün ona mandat verir. Bu, xalqın iradəsinin həyata keçirilməsi, reallaşması deməkdir».

Ə. Həsənov qeyd edib ki, ötən əsrin sonlarında, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan öz siyasi sistemini müəyyən edib: «Siyasi sistemləri xarakterizə edən elementlərdən biri də dövlətdir. Dövlət cəmiyyətdə ictimai münasibətləri qanunlar vasitəsilə tənzimləyən sistemdir. Dövlətlər iki cür olur, demokratik və qeyri-demokratik, açıq və qapalı. Hər ölkənin özünəməxsus dövlət idarəçilik sistemi var və hər hansı bir dövlətdə olan sistemin başqa bir dövlətə transfer edilməsi heç də məqbul deyil. Məsələn, ABŞ-da mövcud olan dövlət idarəçilik sistemini Misirə tətbiq etmək düzgün deyil. Yaxud da, Yaponiyadakı demokratik dövlət idarəçilik sistemini Tunisə transfer etmək məqbul sayıla bilməz».

Bir sıra dövlətlərin, beynəlxalq təşkilatların dövlət idarəçilik sistemlərini dəyərləndirən PA rəsmisi deyib ki, burada çox zaman subyektiv məqamlar üzə çıxır: «Konkret olaraq Azərbaycanla bağlı dəyərləndirmələrdə də belə subyektiv məqamlar ortaya çıxır. Bilirik ki, bu dəyərləndirmələr hansı şəxsi maraqlardan qaynaqlanır. Bununla bağlı biz öz mövqeyimizi, etirazımızı zaman-zaman bildiririk».

«AZƏRBAYCAN DÖVLƏTİNİ AZAD CƏMİYYƏT OLMADAN TƏSƏVVÜR EDƏ BİLMİRİK»

«Azərbaycanın daxili həyatında baş verən bütün proseslərdə siyasi partiyalar yaxından iştirak edir».

Sonuncu parlament seçkilərinin nəticələrinə toxunan Əli Həsənov bildirib ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını 72, Vətəndaş Həmrəyliyi Partiyasını 3, Ana Vətən Partiyasını 2, Ədalət, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarını bir millət vəkili təmsil edir. Parlamentdəki bitərəflərin sayı isə 42 nəfərdir:

«Demokratik cəmiyyətlərdə siyasi partiyalar dövlət həyatının, idarəçiliyinin əsasını təşkil edir. Biz Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmirik. Qeyri-dövlət təşkilatlarının idarəçilik sisteminə cəlb olunması bu günün məsələsi deyil. Hələ sovetlər dövründə ictimai qurumlar, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və sair ictimai təşkilatlar var idi. Onlar bu gün də var və fəaliyyət göstərirlər. Amma bu gün həmin ictimai qurumların, qeyri-hökumət təşkilatlarının funksiyası dəyişib. Bu qurumlar hazırda sərbəst şəkildə vətəndaş təşəbbüslərini ortaya qoyurlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG