Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26
-
Londonun «Theatro Technis» teatrında Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçin Əfəndiyevin «Cəhənnəm sakinləri» pyesi əsasında eyniadlı tamaşanın premyerası olub.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rejissor David Perri tamaşa haqqında ətraflı məlumat verib, tamaşanın təşkilində verdikləri dəstəyə görə müvafiq qurumlara minnətdarlığını bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Elçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında danışıb.

O deyib ki, Xalq Yazıçısı 100-dən çox kitabın müəllifidir, əsərləri 40-dan artıq dilə tərcümə edilib. 1960-cı illərdə tanınmağa başlayan yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində işləyib və təsdiqlənmiş realizm konsepsiyasından məharətlə istifadə edib. Onun əsərləri «Elçin teatrı» kimi tanınıb.

Yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat «Şekspir» pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını vurğulayıb.

Xəbərdə bildirilir ki, daha sonra nümayiş etdirilən «Cəhənnəm sakinləri» tamaşası qonaqlarda böyük rəğbət doğurub.

Tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.

Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır.

Tamaşanın sonunda bir sual yaranır: «Görəsən, biz də cəhənnəm sakinləriyik?!».

Günün bütün mövzuları

XS
SM
MD
LG