Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14
-
Bir neçə gündür Astaraya səyyar «ASAN xidmət» gəlib. Buna görə Astara şəhərinin əsas yollarından biri bağlanıb. Yolun tən ortasında «ASAN xidmət»in avtobusu yerləşdirilib. Bir neçə çadır qurulub. «ASAN xidmət»dən istifadə etmək üçün səhərdən axşama kimi buraya rayon sakinləri axışır. Kimisi şəxsiyyət vəsiqəsini dəyişmək, kimisi də evini sənədləşdirmək istəyir. «ASAN xidmət»dən razı qalanlar da var idi, qalmayanlar da.

«SƏNƏDLƏRİ VERMİŞƏM, PROBLEM YOXDUR»

«Xarici pasport alacağam. Sənədləri vermişəm, heç bir problem yoxdur».

«Mən də xarici pasport götürürəm. Lənkərana gedə bilmirəm. İndi buraya müraciət etmişəm».

Burda göstərilən xidmət haqqında izahlı lövhə də vurulub. Buna baxmayaraq, daha geniş məlumat almaq istəyənlər də tapılır:

«Burda demişəm, məlumat vermirlər. Ancaq nömrə verirlər. İstəyirəm ki, məlumat bürosu olsun. Mənə məlumat versin ki, xarici pasportu neçə günə verirlər, onun məbləği nə qədər edir? Ev tikmişik sənədsizdir. Sənədləşdirmək üçün ora-bura getmişik, sənədləşdirə bilməmişik».

EVİNİ SƏNƏDLƏŞDİRMƏK İSTƏYƏNLƏR...

«ASAN xidmət»in əməkdaşından xahiş etdik ki, vətəndaşın dediklərinə cavab versin. Əməkdaş bildirdi ki, burda evlərin sənədləşməsi aparılmır. Vətəndaş isə buna etiraz etdi. Mübahisələr yarandı. Dedi ki, evlərin sənədləşdirilməsi ən vacib məsələlərdən biridir:
Göstərilən xidmət haqqında izahlı lövhə.

Göstərilən xidmət haqqında izahlı lövhə.


«Daşınmaz əmlakların çoxunun sənədi yoxdur. Cənab prezident İlham Əliyev 2 il öncə Bakı və Bakı ətrafında yaşayan əhalinin tikintilərinin sənədləşdirilməsi haqqında göstəriş verib. Bakı və Bakı ətrafı rayonlarından sonra digər rayonlarda da bu əksini tapmalıdır. Mən indi öz övladım üçün ev tikirəm, sənədsiz tikirəm. Mənim atam o vaxtları ev tikib, 6-7 nəfər olmuşuq. Onun pasportu yox, sənədi yox. Mənə deyirlər gedin notariusa, gedin inventar büroya. Mən bunları hesabladım. Gərək mənim əlimdə 1000 manat pul olsun, bu sənədləri qoyum qaydasına. «ASAN xidmət» tərifəlayiqdir. Əhaliyə iş başında, yerində xidmət edirlər. Amma müəyyən problemlərlə üzləşirik. Atamın adına olan evi öz adıma keçirtmək istəyirəm».

Özünü Məhrəməli Məmmədov kimi təqdim edən digər rayon sakini də evini sənədləşdirmək istədiyini deyir:

«Ev mənə atamdan qalıb, mən də ev tikmişəm, oğluma verirəm. Heç bir sənədim yoxdur. Deyirlər ki, bu qədər pul ver, kupça verim. Haradan gətirim pulu, 170 manat pensiya alıram? Onun xeyri, şəri var, yeməyə güclə çatdırıram».

««ASAN XİDMƏT»İN MƏQSƏDİ ŞƏFFAFLIĞI ARTIRIB, KORRUPSİYA İMKANLARINI ARADAN QALDIRMAQDIR».

«ASAN xidmət»in Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovla əlaqə saxladıq. O qeyd etdi ki, «ASAN xidmət» mərkəzlərində 9 dövlət qurumunu təmsil etməklə 25 hüquqi və 22 funksional yardımçı xidmət fəaliyyət göstərir: ​

«Vətəndaşlar bir qapıdan daxil olaraq 9 dövlət qurumun təqdim etdiyi 25 xidmət və 22 funksional yardımçı xidmətdən istifadə edirlər. Vətəndaşlar əlavə xərc və vaxt itkisinə yol vermirlər. «ASAN xidmət» Astarada

«ASAN xidmət» Astarada

Adətən bir sənədləşməni həyata keçirmək üçün şəhərin bir hissəsindən digər hissəsinə getmək lazım olur. Amma bütün o xidmətlər vahid məkanda toplanaraq vətəndaşlarımızın ixtiyarına buraxılıb. «ASAN xidmət»in məqsədi şəffaflığı artırıb, korrupsiya imkanlarını aradan qaldırmaqdır. Bizdə hazırda 3 «ASAN xidmət» mərkəzi fəaliyyət göstərir».

Anar Hüseynov deyir ki, 2 mərkəz Bakıda 1 mərkəz isə Sumqayıtda yaradılıb. Onun bildirdiyinə görə, bu mərkəzlərin xidmətindən ətrafdakı rayonların sakinləri də istifadə edə bilirlər. May ayından etibarən isə səyyar «ASAN xidmət»ləri fəaliyyətə başlayıb.

Anar Hüseynovun bildirdiyinə görə, bu il Bakıda daha 2, Gəncə şəhərində 1 «ASAN xidmət» mərkəzləri yaradılacaq. Evlərin sənədləşdirilməsi ilə bağlı isə o, bunları söylədi:

«Göstərilən xidmətlər ölkə başçısının müvafiq sərəncamı, fərmanı əsasında həyata keçirilir».

Hal-hazırda «ASAN xidmət»inə əsasən şəxsiyyət, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzil istismar sahələrinin balansında olan evlərin sənədləşdirilməsi kimi məsələlər daxildir. Anar Hüseynov deyir ki, Astarada onların mərkəzinə hər gün təqribən 300-400-ə yaxın şəxs müraciət edir.

Şərhləri göstər

XS
SM
MD
LG