Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

«Konstitusiyaya zidd prezervativ»in reklamı Pakistanda hay-küyə səbəb olub


Reklam çarxı
Reklam çarxı
-
Pakistanın xarici yardım təşkilatları ilə sadə olmayan münasibətləri bu həftə prezervativ qalmaqalına görə bir daha gündəmə gəlib. Bir çox mühafizəkar şərhçilər bu barədə ağzıköpüklü danışırlar.

«The Express Tribune» qəzetinin yazdığına görə, ölkənin rəsmi media nəzarətçisi - PEMRA telekanallara kontraseptivlərin «yaraşmayan, mənəviyyatsız və bizim ictimai-mədəni və dini dəyərlərimizə zidd» reklamının yayımının dayandırılmasını əmr edib.

PEMRA –nın sözçüsü jurnalistlərə deyib ki, belə bir şeyin müqəddəs Ramazan ayında yayımlanması «ciddi tədbir görülməsini tələb edir».

Fakharuddin Mughal əlavə edib ki, bu reklamın yayımlanması təkcə Pakistanın yayım standartlarını pozmur, İslami dəyərlərə açıq hörmətsizliyin nümayişi ilə «qeyri-konstitusiya» xarakteri daşıyır.

50 saniyəlik reklamda aktrisa və model Mathira-nın oynadığı cazibədar təzə gəlin prezervativdən istifadə edən ərinə nəvaziş göstərir. Bu reklam çarxı ailə planlaşdırması və inkişaf etməkdə olan dünyada HIV/AIDS-in qarşısının alınması üzrə «DKT International»ın profilaktik marketinqinin JOSH brendi üçün çəkilib.

«MÜSƏLMANLARIN SAYININ ARTMASININ QARŞISINI ALMAQ İSTƏYİRLƏR»

Bu qısa klipə görə ictimaiyyətdən çox sayda şikayət alınıb və klip internet forumlarında hiddətli şərhlərin yazılmasına səbəb olub.
Pakistanda ekstremistlər xeyriyyə təşkilatlarının işçilərinə hücum edirlər.
Pakistanda ekstremistlər xeyriyyə təşkilatlarının işçilərinə hücum edirlər.
Tənqidçilər reklamı sifariş etmiş təşkilatı pakistanlıların böyük əksəriyyətinin sevmədiyi tipik xarici QHT adlandırıblar.

Bir hiddətli şərhçi yazır ki, «bu QHT-lər Qərbdə olduğu kimi, bizim də mədəniyyətimizi məhv etmək üçün imperialistlərin nəzarətində olan agentlikdən başqa bir şey deyillər. Onlar müsəlman əhalinin artımının qarşısını almağa çalışırlar. Buna görə də vaksinlərin içinə hormonlar qatırlar ki, xüsusilə də oğlan uşaqlarını qısır etsinlər».

QHT-lərin əsil mənfur məqsədlərini gizlətmək üçün xeyriyyədən istifadə etdiklərinə dair qənaət Pakistan cəmiyyətinin mühafizəkar elementləri arasında geniş yayılıb. Onlar belə təşkilatların fəaliyyətinə ciddi maneə törədirlər.

Ötən ilin axırlarından bəri poliomielitə qarşı vaksin kampaniyası aparan bir neçə işçi immunizasiya fəaliyyətinin anti-islami olduğuna və müsəlman uşaqlara xətər yetirdiyinə inanan Pakistan ekstremist qrupları tərəfindən öldürülüb.

QHT-lərə qarşı belə düşmənçilik çox mühüm səhiyyə və profilaktika kampaniyalarına xoşagəlməz təsir göstərir. Bu hadisə, həmçinin, Pakistan cəmiyyətindəki mütərəqqi elementlərin öz səslərini ucaltmaları üçün fürsət verir.

Pakistanda doğum evi
Pakistanda doğum evi
«DOĞUB-TÖRƏMƏKDƏ DAVAM EDİN»

«Yaxşı fikirdir» - bir forum postunda rişxəndlə deyilir, - «Doğub-törəməkdə davam edin və az bir müddətdə əhalinin sayı 250 milyondan çox olacaq. Kimin nə vecinədir ki, ölkə bu qədər adamı yedizdirə, geyindirə və təhsil verə bilmir. Nə olsun ki…Əvəzində böyük müsəlman ümmətinin dünyadakı sayı artacaq».

«Bu, divanəlikdir» – yazır başqa bir şərhçi, - «Əhali partlayışı baş verir, ölkənin ehtiyatları azalır. Əhalinin yoxsul və radikal hissəsinin seksdən başqa əyləncəsi yoxdur. Onların kontraseptivlər və ailə planlaşdırması barədə maarifləndirilməməsi ən əsas milli təhlükəsizlik məsələsidir. Ya bunları məktəblərdə öyrədin, ya da imkan verin televiziya reklamları öyrətsin. Mən hər ikisinə tərəfdaram».

Bu reklamın ətrafında yaranmış debat, necə deyərlər, vaxtına çəkib. Pakistan hazırda HIV epidemiyası təhlükəsi ilə üz-üzədir. Ekspertlər deyirlər ki, hazırda ölkədə 130 min AIDS-li xəstə var və əhali xəstəliyin yayılması təhlükəsi barədə məlumatlandırılmazsa, bu rəqəm daha da arta bilər.

Təəssüf, bu prezervativ qalmaqalı göstərir ki, seks barədə səmimi danışmaqdan qaçan və kontraseptivləri mənəviyyatsızlıq hesab edən mühafizəkar cəmiyyətlərdə HIV/AIDS-in təhlükələri barədə danışmaq çətin olaraq qalır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG