Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:21

TQDK builki məzunlara şans verdiyini düşünür


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
-
«Bilirsiniz, elə ölkələr var ki, orada gənclər heç oxumaq da istəmir, nəinki ali təhsil almaq. Bizim gənclər ali təhsil almaq istəyirlər. Bu canatımı gənclərdə saxlamaq lazımdır və biz onların oxumasını istəyirik» – Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 26-da keçirilən mətbuat konfransında belə deyib.

3-cü və 1-ci ixtisas qrupu üzrə imtahan nəticələrindən danışan TQDK sədri zəif nəticə göstərən əksər abituriyentin əvvəlki illərin məzunu olduğunu söyləyib və bildirib ki, müsabiqəyə qatılanların keçid balları aşağı salınmasa, builki məzunlar da ali məktəblərə qəbul olmaq şansını itirər. Komissiya sədrinin fikrincə, sonrakı illərə qalanlar gələn il, o biri il sənəd verməli olur və getdikcə həvəs və iddialarını itirərək daha zəif nəticə göstərirlər.

«İKİ DƏFƏ ÇOX ABİTURİYENT…»

Məleykə Abbaszadə bildirib ki, I qrupda imtahan verən builki 20 mindən çox məzunun 37 faizi 0-100 bal yığıb. Əvvəlki illərin məzunlarından 15 min nəfər müsabiqəyə qatılıb və onların 72 faizi, yəni 2 dəfə çox abituriyent 0-100 bal arasında nəticə göstərib. III ixtisas qrupu üzrə builki və əvvəlki illər məzunlarının göstərdiyi nəticələr belədir:

III qrup üzrə ballar Builki məzunlar Əvvəlki illərin məzunları
0-100 bal 22 faiz 36 faiz
100-200 bal 21 faiz 30 faiz
200-300 bal 17 faiz 15 faiz
300-500 bal 28 faiz 15 faiz
500-600 bal 8.4 faiz 1.35 faiz
600-700 bal 3.28 faiz 0.14 faiz

«150-200 BALLA QƏBUL EDİLƏNLƏRDƏN XARİC OLUNAN YOXDUR»

TQDK sədri Məleykə Abbaszadə I ixtisas qrupunda balların aşağı salınmasının ötənilki nəticələrinə toxunub və deyib ki, heç də bütün universitetlərdə 150-200 bal toplayanlar hansısa ixtisaslara qəbul ola bilmirlər. Bu rəqəmlər universitet və ixtisaslara görə dəyişir. Məsələn, ötən il birinci qrup üzrə 1123 nəfər Bakı Dövlət Universitetinə qəbul olubsa, onlardan yalnız bir nəfər 150-200 bal toplayıbmış:

«Həmin ballarla Neft Akademiyasına 2 nəfər, Texniki Universitetə 409, Memarlıq və İnşaat Universitetinə 336, Pedaqoji Universitetə 2, İqtisad Universitetinə 8, Müəllimlər Universitetinin Qazax filialına 7 nəfər qəbul olub. Biz hər il tələbə kontingentinin transformasiyanı izləyirik. Bu il akademik borca görə bir adam da universitetlərdən çıxarılmayıb.
Foto: Arxiv
Foto: Arxiv
Cəmi 20 nəfər çıxarılıb, onlar da başqa səbəblərdən. 150-200 balla qəbul edilənlərdən xaric olunan yoxdur. Onlar ali məktəb proqramını mənimsəyə bilməsəydilər, sessiya imtahanlarını verə bilməsəydilər, xaric olunmalı idilər. Bir il sonra onlar xaric olunacaqdısa, keçid balını azaltmağa ehtiyacımız qalmayacaqdı... Bu, real faktdır».

ATTESTATDA «2»Sİ OLANLARA DA ŞANS

Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanında bir fəndən «2» qiymət alanlara da attestat verilib və onlar da qəbul imtahanlarına buraxılıblar. III qrupda «2»si olan abituriyentin sayı 1962, I qrupda 1270 nəfər olub. III qrupda 23 abituriyentin balı 250-i, I qrupda 60 nəfərin balı 150-i aşıb.

TQDK sədri orta ixtisas məktəblərinə sənəd qəbulunun avqustun 15-dək davam etdiyini və hələ ki, 13 min 559 nəfərin sənəd verdiyini deyib. O, IV ixtisas qrupu üzrə imtahanın iyulun 28-də keçiriləcəyini və 11 min 793 nəfərin bu qrupa ərizə verdiyini bildirib. Komissiya sədrinin dediyinə görə, sənəd verənlərin 4 min 983 nəfəri idmançı, onların 90 faizi oğlandır. Tibb, kənd təsərrüfatı, texnologiya sahələrində ali təhsil almaq istəyənlərinsə 61 faizi qızlardır. Abituriyentlərdən 11 min 19 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri rus bölməsinin məzunudur. 6 min 605 abituriyent orta məktəbi bu il, 4 min 729 nəfər əvvəlki illərdə bitirib.

Məleykə Abbaszadə valideynləri və abituriyentləri ərizə dolduranda və ixtisas seçəndə diqqətli olmağa, bu işdən xəbərsiz adamlara güvənməməyə çağırıb.
XS
SM
MD
LG