Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:29

Ürək əməliyyatına pul və məzuniyyət əngəli


Arxiv foto
Arxiv foto
-
İmişli sakini Misirxan Heydərovun həyatı təhlükədədir, ancaq Azərbaycanda pulsuz əməliyyata xəstəxana tapmır. Onun yaxın qohumu Vüqar Qədirovun dediyinə görə, əməliyyat üçün üç xəstəxanaya baş çəkiblər. Xəstənin qohumlarına bu xəstəxanalarda müxtəlif qiymətlər «oxuyublar». Vüqar Qədirov deyir ki, əməliyyat üçün Mərkəzi Neftçilər Xəstəxanasında 8 min, Mərkəzi Klinik Xəstəxanada 7 min 200 manat istəyiblər. İmkansız olduqlarını görəndə məsləhət də veriblər ki, «dövlət xəstəxanalarına üz tutun».

DÖVLƏT XƏSTƏXANASINDA...

«Topçubaşov adına eksperimental xəstəxanaya gəldik. 6-cı mərtəbədə Eyvaz Abbasovun yanına göndərdilər. Dedilər, cərrahiyə işlərinə o baxır. O da bildirdi ki, əməliyyatın ən aşağı qiyməti 6 min manatdır. Bizdə o qədər pul olmadığına görə, rayona qayıtdıq. İyulun 25-də yenə xəstəxanaya gəldik. Vəziyyəti anlatdıq, dedik, adam əldən gedir, əməliyyat olunmasa məhv olacaq. Bildirdilər ki, 3 min 500-dək endirim edə bilərik. Ondan aşağı yeri yoxdur. Biz yalnız 1000 manatadək pul verə biləcəyimizi deyəndə məsləhət gördülər ki, Səhiyyə Nazirliyinə müraciət edək».

SƏHİYYƏ NAZİRLİYİNDƏ...

Səhiyyə Nazirliyində Misirxan Heydərovun yaxın qohumlarını nazirin müalicəvi işlər üzrə müavini qəbul edib. Əməliyyat olunması üçün xəstənin qohumlarına göndəriş verib ki, Topçubaşov adına eksperimental xəstəxanaya çatdırıb, xəstəni pulsuz əməliyyat etdirsinlər:

«Nazirlikdən xəstəxanaya gəlib, baş həkimlə görüşüb, göndərişi ona təqdim etdik. Bu dəfə əməliyyat xərci barədə bizə heç nə demədilər. Dedilər ki, gedin, xəstəni gətirin».

XƏRƏKDƏ İMİŞLİ-BAKI YOLLARINDA...

Qohumlar xəstəni iyulun 26-da xərəkdə Bakıya – Topçubaşov adına Eksperimental Xəstəxanaya gətirirlər. Ancaq əməliyyat bu dəfə də baş tutmur. Baş həkim bildirir ki, cərrahiyyə şöbəsinin işçiləri məzuniyyətə getməyə hazırlaşdıqlarına görə xəstəxana əməliyyata ehtiyacı olan xəstələri qəbul etmir. Xəstənin yaxınları onu İmişliyə qaytarmalı olurlar. Sonra özləri yenə Səhiyyə Nazirliyinə üz tuturlar. Bu dəfə onları nazirin cərrahiyyə əməliyyatları üzrə müavini qəbul edir. Ancaq bu nazir müavini də xəstənin əməliyyat olunmasına kömək edə bilmir. Çünki əməliyyat üçün göndəriş verdiyi Kardiologiya İnstitutunda xəstənin qohumlarına bildirirlər ki, bu xəstəxanada, ümumiyyətlə, ürək cərrahiyyəsi aparılmır:

«Dedilər, biz yalnız müalicə işlərinə baxırıq. Yaxın günlərdə zəng vurarsınız, xəstəxanada yer olsa, xəstənizi qəbul edərik».

EKSPERİMENTAL XƏSTƏXANADA...

Topçubaşov adına Eksperimental Xəstəxananın həkimi Eyvaz Abbasov nə Misirxan Heydərov adlı xəstəni, nə də onun qohumlarını xatırlayır:

– Mən belə adamlar tanımıram. Gün ərzində o qədər müraciət edən olur ki...

– Xəstənin qohumları iddia edirlər ki, əməliyyata görə onlardan əvvəl 6, sonra 3 min 500 manat istənilib...

– Vallah, yadıma gəlmir...

– Cərrahlar məzuniyyətə gedərkən, təcili əməliyyata ehtiyac duyan xəstələrin vəziyyəti necə olur?

– Əməliyyat olunmalı xəstələri xəstəxanaya qəbul etmirik.

Eyvaz Abbasovun fikrincə, məzuniyyət hər bir işçinin hüququdur. Bunu xəstələrə biganəlik kimi qələmə vermək olmaz.
XS
SM
MD
LG