Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44
-
Bakıda serb yazıçısı Branislav Nušić-in «Ramazan gecələri» kitabı nəşr olunub.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitab Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.

Miniatür nəşrə görkəmli serb dramaturqu, «dahi gülüş ustası» Branislav Nušić-in hekayələri daxil edilib.

«Ramazan gecələri» toplusu ilk dəfə 1922-ci ildə Belqradda çap olunub.

Həmin nəşrə müəllifin 10 hekayəsi - yazıçının diplomatik xidməti zamanı Makedoniya və Kosovonun müsəlman əhalisinin həyatında müşahidə etdiyi maraqlı, sentimental səhnələr daxil edilib.

Toplu Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vajovic-in oxuculara müraciəti ilə açılır.

Diplomat yazıda əminliklə bildirir ki, Branislav Nušić-in hekayələrinin nəşri Azərbaycan ictimaiyyətinə Serbiyanın xalq yazıçısının yaradıcılığı ilə daha yaxşı tanış olmaq imkanı yaradacaq.

Müraciətdə qeyd olunur ki, Serbiyada ilk uşaq teatrını yaradanlardan biri, dramaturq Branislav Nušić ölkəsinin mədəniyyət tarixinə ictimai xadim və yazıçı kimi daxil olub.

Onun yaradıcılığı aktuallığını bu günədək qoruyub saxlayır. Yazıçının doğma xalqının həyatını təsvir etdiyi çoxsaylı satirik komediyaları dünya ədəbiyyatı xəzinəsinə daxil edilib.

Maraqlıdır ki, böyük satirikin iki pyesi – «Nazirin xanımı» və «Fəlsəfə doktoru» əsərləri vaxtilə Azərbaycan Dövlət Akademik Dram Teatrı və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub.

Zoran Vajovic kitabın nəşrinə və tərcüməsinə göstərdiyi təşəbbüsə görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülarə Ağasiyevaya təşəkkürünü bildirib.

Nəşrin məsul redaktoru Siyavuş Məmmədzadədir.

246 səhifədən ibarət kitab «Çaşıoğlu» nəşriyyatında 300 nüsxə tirajla buraxılıb.

Kitabın sonunda «Yazıçı haqqında arayış» verilib.

Oxucu həmin arayışdan öyrənir ki, Branislav Nušić (1864-1938) Belqradda doğulub, Belqrad Universitetində hüquq təhsili alıb.

Branislav Nušić on ilədək müxtəlif Cənubi Slavyan ölkələrinin konsulluqlarında xidmət edib.

Şərqin ekzotik gözəlliklərinə valeh olan yazıçı «Ramazan gecələri» hekayələr silsiləsini (1922), «Taşula» (1902) povestini, bir neçə etnoqrafik və folklor kitabını yazıb. Yalnız Serbiyanın deyil, həm də dünyanın dramaturgiya və teatr tarixində böyük rol oynamış çoxsaylı satirik komediyalar yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG