Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

«Təqaüdüm yavan çörəyə, diləndiyim dərmana çatır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Hər səhər yol kənarında oturub çörəkpulu dilənirəm. Qarabağ müharibəsi veteranına verilən qiymət budur?».
AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayətinə bu sualla başlayan Qarabağ müharibəsi əlili Elnur Əfəndiyevdir.

15 YAŞLI DÖYÜŞÇÜ

Elnur 37 il əvvəl Ağsunun Kalva kəndində doğulub. 15 yaşında müharibəyə gedib, döyüşdə əlini-ayağını itirib:

«1991-ci il martın 19-da evdən qaçıb Bakıya gəldim. Qatarla Ağdama getdim. «Qatır Məmməd»in dəstəsini axtarıb Əhmədavar kəndində «Qaraağaclıq» deyilən yerdə tapdım. Dəstəyə qoşulub döyüşlərə girdim. Mənə qoşalülə tüfəngi verdilər. Bir neçə müddət burada döyüşdüm. Dəstə dağılandan sonra Yevlaxa gəldim. Surət Hüseynov yun zavodunda dəstə toplayırdı. Onlara qoşuldum. Bu dəstənin tərkibində 1 il ərzində döyüşdüm. 1993-cü il yanvarın 20-si tezdən Ağdamdan Yeni Qaralar istiqamətində Fərrux dağı ilə üzbəüz ən hündür zirvəni almaq üçün hücuma keçdik. Həmin döyüşdə yaralandım. Huşumu itirib bir gecə qarın üstündə qaldım. Sabahı gün ayılanda qollarımı, ayaqlarımı hiss etmədim. Don vurmuşdu».

HƏR İKİ ƏLİ VƏ SAĞ AYAĞI...

Beləcə, Elnur Əfəndiyev hər iki əlini və sağ ayağını itirib. Ancaq sağlamlığı ilə bərabər ailə qurmaqdan da məhrum olub. İndi 120 manat əlillik təqaüdünün ümidinə yaşayır. Deyir, ayın yarısını təqaüdlə dolanır, yarısını dilənməklə:

«Bir xeyirxah insan mənə Binəqədidə 2 sot torpaq sahəsi bağışlayıb. Bir otaq tikib içərisinə girməyə imkanım yoxdur. İnanmıram ki, yol kənarında dilənməklə o bir otağı tikə biləm. Təqaüdüm çörəyə, diləndiyim dərmana gedir».

Elnur Əfəndiyev Bakının Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Deyir, Prezident Administrasiyasına göndərdiyi məktubları hər dəfə Sabunçu rayon İcra Hakimiyyətinə göndərirlər ki, ordan mənə köməklik etsinlər.

GÖZLƏMƏYƏ MƏHKUM...

Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, Elnur Əfəndiyevə əlil kimi bayramlarda ərzaq yardımı göstərməkdən başqa imkanları yoxdur. Müharibə əlili kimi mənzil növbəsinə götürülüb. Rayon ərazisində əlillər üçün inşa olunacaq ilk binadan ona mənzil veriləcək. ancaq bu, nə vaxt olacaq, bəlli deyil.

Bu cavab müharibə əlilini qane etməsə də, gözləməyə məhkumdur.
XS
SM
MD
LG