Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

«Binə məhbusları»nın işi yüngülləşdirilib


«Binə» Ticarət Mərkəzində aksiya - 19 yanvar 2013
«Binə» Ticarət Mərkəzində aksiya - 19 yanvar 2013
-
«Binə» Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanan etirazçıların işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qaradağ rayon Məhkəməsindən modern.az-a verilən məlumata görə, məhkəmədə şahidlər dindirilib, habelə polis əməkdaşları şahid qismində ifadə veriblər.

Məhkəmədə Daxili İşlər Nazirliyinin əməkdaşları bildiriblər ki, saxlananlar aksiyada iştirak etsələr də, polisə qarşı heç bir müqavimət göstərməyiblər.

Saxlananların yaxınlarının dediyinə görə, aksiya iştirakçılarına qarşı irəli sürülən ittihamlardan bəziləri yüngülləşdirilib. Belə ki, aksiya iştirakçılarının hamısının üzərindən polisə müqavimət maddəsi üzrə ittiham götürülüb.

Növbəti məhkəmə prosesi iyulun 29-da keçiriləcək.

Bu il yanvarın 19-da «Binə» Ticarət Mərkəzində çalışan bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib. Nəticədə aksiya iştirakçıları polis əməkdaşları arasında qarşıdurma baş verib, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiyaçılardan da xeyli adam yaralanıb.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG