Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:24

İmişlinin icra başçısı keçmiş deputata qarşı iddiasını geri götürdü


Vilyam Hacıyev
Vilyam Hacıyev
-
İyulun 24-də İmişli rayon Məhkəməsində icra başçısı Vilyam Hacıyevin sabiq deputat İltizam Əkbərliyə qarşı iddiası ilə bağlı növbəti proses keçirildi.

İddiada icra başçısı sabiq deputatdan «şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən məlumatların təkzib edilməsi və 100 min manat təzminat ödənilməsi»ni tələb edirdi.

İsti və bürkülü hava olmağına, prosesin saat 15-ə təyin edilməsinə baxmayaraq, məhkəmənin həyətində qələbəlik müşahidə olunurdu. Məhkəmə iclas zalı ağzınadək dolduğundan gələnlərin bir çoxu prosesi dəhlizdə ayaqüstə dayanmaqla izləməli oldu.

İcra başçısının nümayəndəsi, İmişli RİH-in şöbə müdiri Elnur Tağıyev ötən prosesdən sonra iddia qaldırılmasına səbəb olan məqalənin bir daha nəzərdən keçirildiyini bildirdi:

«Cavabdehin yaydığı bəzi məlumatların başqa kütləvi informasiya vasitələrinə istinadən verildiyini, pia.az saytında sərlövhəyə çıxarılan sözlərin ona məxsus olmadığını nəzərə alaraq, iddia tələbindən imtina etmək qərarına gəldik».

O, iddiadan imtina edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etdi.

Məhkəmə zalı ağzınadək dolmuşdu
Məhkəmə zalı ağzınadək dolmuşdu
Məhkəmə (hakim Ülvi Qənbərov) iddiaçı tərəfin ərizəsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərarını açıqladı.

Xatırladırıq ki, məhkəmə iddiasına bu ilin aprelində «Yeni Müsavat» qəzetində dərc olunan «Sabiq deputatdan icra başçısına sərt ittihamlar» məqaləsi səbəb olmuşdu.

Sonradan bu məqalə - «Vilyam Hacıyevin işadamlarına böyük məbləğdə borcu var» sərlövhəsi altında «Poliqon» informasiya agentliyi (pia.az saytı) tərəfindən yayılmışdı. İddiaçı tərəfi də daha çox narazı salan məhz bu sərlövhə olmuşdu.
XS
SM
MD
LG