Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

25 fəhlə 2 aydır maaşını ala bilmir


Müzakir İsmayılov
Müzakir İsmayılov
-
Göygöldə İdman Olimpiya Kompleksinin tikintisində çalışan 25 fəhlə 2 aya yaxındır maaşlarını ala bilmədiklərini deyirlər. Kompleksin tikintisi 2011-ci ildən başlayıb. Fəhlələr iddia edirlər ki, onların maaşlarını verməli olan, bu tikintini tenderdə udan «Akkord» şirkətidir. İddiaçı fəhlələrdən biri olan Müzakir İsmayılov deyir ki, maaşlarını tələb edən gündən «Akkord» şirkətinin rəhbər işçiləri onları kompleksin ərazisindən qovublar.

25 FƏHLƏNİN 10 MİN MANAT HALAL MAAŞI...

Müzakir İsmayılov:

- Biz bir aydır maaş almırıq. Günəmuzd işləyən də, aylığa işləyən də hamısı alıb, bizdən başqa. 3 gündür bizi ofis ərazisinə buraxmırlar.

- Neçə nəfərsiz?

- 25 nəfərik. Burda 7 nəfər qalıb. Hamısı yemək, yatmağa yer vermirlər deyə, gediblər rayona. Yemək də vermirlər, yeməkxanaya qoymurlar. 25 nəfərin 10 min manat pulu yığılıb. Təkcə mənim 950 manat alacağım var. Deyirlər sizin pulunuz ödənilib. Kimə ödənilib, necə ödənilib, bilinmir.

Göygöldə İdman Olimpiya Kompleksinin tikintisi
Göygöldə İdman Olimpiya Kompleksinin tikintisi
MÜQAVİLƏSİZ, ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ İŞƏ QƏBUL

Tovuz rayonun müxtəlif kəndlərindən Göygölə çörəkpulu dalınca gələn bu fəhlələrə, demələrinə görə, 3 gündür şirkət nə yatmağa yer, nə də yemək verir. Gecəni yol qırağında keçirdiyini bildirən usta Zahir deyir ki, onları işə qəbul edəndə heç müqavilə də imzalatmayıblar. Onların hamısını şəxsiyyət vəsiqəsi ilə işə qəbul ediblər:

- Suvaq ustasıyam...

- Neçə manatlıq iş görübsüz?

- 550 manatlıq. Amma pulumuzu ala bilmirik? Ümumən 10 min manatdır. Bizi qovublar. Müqavilə bağlamadılar.

ALIN TƏRİMİZİN HAQQINI VERMƏSƏLƏR...

Asif İsmayılov:

- Yolu kəsəcəyik, şikayət edəcəyik, bizim sözümüzə baxan yoxdur. Pulumuzu ala bilmirik. O bunun üstdə atır, bu onun.

- Sizin nə qədər alacağınız var?

- 800 manat.

Fəhlələri içəri buraxmırlar
Fəhlələri içəri buraxmırlar
Ərazidə qızğın iş gedir. Artıq tikili çəpərə vurulmuş stendlərdəki şəkillərə bənzəməyə başlayıb. Layihəyə əsasən, tikinti işləri 2014-cü ildə başa çatmalıdır. Fəhlələrə nəzarət edən rəhbər işçilər də müsahibə verməkdən imtina edirlər.

«AKKORD»: HƏR KƏSİN PULU VAXTINDA ÖDƏNİLİR

«Akkord» Tikinti Şirkətinin Olimpiya Kompleksi ilə bağlı layihəsinin maliyyə rəhbəri Qurban Əliyev isə deyir ki, onlar müqaviləni briqada rəhbəri ilə bağlayır və vəsaiti də ona ödəyirlər:

«Biz Camalla bütün maliyyə məsələlərimizi həll etmişik. Biz həcmə pul veririk. İşin həcminə uyğun olaraq ödəmişik. Bizim heç kimə borcumuz yoxdur».

Barəsində danışılan 30-a yaxın fəhlənin briqada rəhbəri - türkiyəli işadamı Camal Bozal isə deyir ki, şirkət nəinki işçilər, heç onunla da müqavilə bağlamayıb. Camal Bozanın fikrincə, əslində şirkət onunla podratçı-personal briqada rəhbəri kimi müqavilə imzalamalıydı. Düşünür ki, müqavilə bağlanmamasında məqsəd böyük vəsaitləri silməkdir.

Tikinti işləri 2014-cü ildə başa çatmalıdır.
Tikinti işləri 2014-cü ildə başa çatmalıdır.
Camal Bozan əlavə edir ki, «Gilan Holdinq», «Mətanət A» kimi tanınmış tikinti materialları şirkətlərinə də kompleksin tikintisi üçün alınan malların pulu ödənməyib. İşçilərin əmək haqları və işlədilmiş materialların haqqı Camal Bozalın üstünə qalıb.

Lakin layihənin maliyyə rəhbəri Qurban Əliyev deyilənləri təkzib edir. Deyir ki, Camal Bozanla müqavilə var və bunun əsasında vəsaitlər ödənilib. Lakin indiyədək nə qədər vəsait ödənilməsi barədə məlumat vermək istəmir. Camal Bozan isə deyir ki, işçilərin əmək haqlarını ala bilmək üçün sonadək mübarizə aparacaq, şirkəti məhkəməyə verəcək.

HÜQUQŞÜNAS RƏYİ...

Hüquqşünas Sahib Məmmədov deyir ki, şirkət podratçı müqaviləsi bağlayıbsa, deməli, vəsait podratçıya ödənilməlidir. Əlavə edir ki, fəhlələri başına toplayan briqadirin də işçilərlə müqavilə bağlaması şərtdir və maaşlar podratçı şirkət tərəfindən verilməlidir.

Sahib Məmmədov
Sahib Məmmədov
Sahib Məmmədov bildirir ki, müqavilə olduğu halda əməkhaqqını ala bilməyən işçilər məhkəməyə müraciət edib haqlarını tələb edə bilərlər.

Camal Bozal isə iddia edir ki, «Akkord» şirkəti onunla müqavilə bağlamadığından o da fəhlələrlə müqavilə bağlaya bilməyib.

TƏRİ ALNINDA SOYUYAN FƏHLƏLƏR...

Tovuzun ucqar kəndlərindən evinə bir parça çörəkpulu qazanmaq üçün gələn fəhlələr maaşlarını ala bilməyəcəkləri təqdirdə yeni tikilən olimpiya kompleksi qarşısındakı əsas yolu kəsəcəklərini deyirlər.
XS
SM
MD
LG