Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54
-

«Gəlib «şalban»ı yerindən çıxarıb aparıblar, işıq xətlərini doğrayıblar. 10 nəfərdən ibarət ailəmlə uzun müddətdir şam işığında yaşayıram».

«DEDİLƏR ELƏ ETMƏ Kİ, ADINA AVTOMAT «AFORMİT» EDƏK»

Göyçayın Çərəçə kəndində yaşayan Akif Əhmədov «Qaynar xətt»ə şikayət edib. Deməsinə görə, rayon işıq idarəsinin işçiləri evini işıqsız qoyub. Akif Əhmədov səbəbini 2 il əvvəl yerli işıq idarəsi ilə arasında baş vermiş insidentlə əlaqələndirir. Deyir, o vaxt sayğacın dəyişdirilməsi üçün etdiyi şikayətlərin zülmünü hələ də çəkməkdədir:

«Sayğac işləmirdi. Elektrik xətləri çəpərin üstü ilə gedirdi, təhlükəli idi. Dəfələrlə işıq idarəsinə müraciət etdim ki, gəlib dəyişsinlər. Gördüm veclərinə deyil, Bakıya şikayət yazdım. O vaxt məni işıq idarəsinə çağırdılar, məni mübahisəyə çəkdilər, polisləri ora tökdülər, dedilər, get otur yerində, elə etmə ki, adına avtomat «aformit» eləyək».

Akif Əhmədovun sözlərinə görə, sayğac söhbəti onun 15 sutka həbsdə qalmasına da səbəb olub:

«GUYA İŞIQ İDARƏSİNİN YÜZ NƏFƏR İŞÇİSİNİ DÖYMÜŞƏM»

Arxiv foto

Arxiv foto

«Guya işıq idarəsinin 130 işçisindən 100-nü döymüşəm. Fikir verin, guya tək, arıq canımla 100 işçini qatmışam qabağıma. Əvvəl belə dedilər, tutdular apardılar işıq idarəsindən polisə, sonra da ictimai asayişi pozduğumu, polisə tabe olmadığımı deyib, 15 sutka verdilər».

Akif Əhmədov deyir ki, yerli işıq idarəsinin ona qarşı «qəzəbi» hələ də soyumayıb:

«Bir sözlə, o vaxt-bu vaxt, yaxamdan əl çəkmirlər. Bir mən deyiləm ki. Kənddə çox adama işıqpuluna, sayğaca görə belə edirlər. Bizi ayaqaltına döndəriblər. Sözümüzü deyirik, əvəzində başımıza belə oyunlar açırlar. İndi də 2 manat 20 qəpik borcum olub, xəbərdarlıq etmədən evimə işıq xətti gedən «şalban»ı yerindən çıxarıblar. Demişəm şikayət edəcəyəm, deyirlər, əlimizə keçsən səni dama basacağıq. Başım bir dəfə çəkdiyinə görə evdə qalmağa qorxuram. Didərgin düşmüşəm, öz qapıma yaxın gedə bilmirəm».

DEBİTOR BORC ÖDƏNİLMƏSƏ, SAYĞAC MÖHÜRLƏMƏSƏ...

Göyçay rayon Elektrik Şəbəkəsinin rəisi Şamil Şahbazov da idarə ilə Çərəcə kəndinin sakini Akif Əhmədov arasında təqribən 2 il əvvəldən bu tərəfə narazılıqların davam etdiyini təsdiqləyir. Ancaq məsələni bir qədər başqa cür danışır:

- «Elektrik xətti onların həyətinə qədər gəlirdi. Həyətdə xətdən oğurluq etdiyinin üstü açılanda işçilərimiz akt yazdılar, 500 manat cərimələdilər. Sayğac isə başqasının həyətinə keçirildi. Çünki sayğaca müdaxilələr edirdi, maqnit bağlayırdı və sair. Bir müddət sonra laboratoriya işçiləri getdi ki, sayğacı yoxlayıb qəbul etsinlər. İmkan vermədi, qovdu. Gedib görmüşdülər yenə sayğacın üstünə maqnit qoyur, xətləri birləşdirir, oyun çıxarır. Gəldi idarədə səs-küy saldı, bir-iki adama hücum elədi, biz də «102»yə zəng vurduq, polisə şikayət etdik. Hərəkətinə görə cərimələndi. 15 sutkalıq həbsi isə bizimlə bağlı olmayıb. Eşitdiyimə görə, təhqiqat vaxtı polisləri təhqir edib, ona görə cəzalandırıblar.

- Hazırda işıqları niyə kəsilib? Deyir, işıq dirəyini də söküb aparıblar...

- İşıq dirəyini söküb aparmamışıq, heç kəs ona təzyiq də göstərmir. Sadəcə, elektrik xətləri həyətlərdən çıxarılıb və kabelləşdirilib. O isə tələb edir ki, sayğac həyətinə qoyulsun və möhürlənməsin. İmkan vermir ki, sayğacı qəbul edib, möhür vuraq. Sayğac da qalıb havada. İşçilərimiz gedir, ailəlikcə yığılıb, qapıdan qovurlar. Başqa tərəfdən isə 500 manat debitor borcu var, onu da ödəməkdən imtina edir. Borca və sayğacın qəbul olunmasına imkan vermədiyinə görə mənzilinə gedən elektrik enerjisi dayandırılıb».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG